Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Sep 23, 2011

Olmaz axı belə...

Biz avtomobilçilər Azərbaycanda statistika ilə əlaqəli problem olduğuna görə öz aramızda aylıq satış rəqəmlərini paylaşırdıq. Yəqin hamınız bilirsiniz ki, ağıllı-başlı dövlətlərdə bu onsuz da az qala hər yerdə tapılır və aylıq rəqəmlər açıqlanır. 


Nəysə. uzun müddətdir bir neçə distribyutru xaric tutsaq hamı bir-biri ilə bu "əməkdaşlığı" edirdi. Dünən çox dəyərli dostun Zakir Kərimzadə mənə deyib ki, Nissan və VW  rəqəmləri az qala iki dəfə azaldıb göndərir. 


Mən başa düşmürəm ki, bu onlara nə qazandırır. Niyə axı heç kimə inanmağa məcbur edirlər insanı...Öz-özümə iki gündür məntiqli səbəblər çıxarmağa çalışıram, amma hələ bir dənə də olsun məntiqli "məntiq" yoxdur.

Jun 13, 2011

Özümüzdə olmadığına görə...

Özümüzdə olmadığına görə Barcenolalı, Galatasaraylı, Fənərli və.s olmuşuq.

Özümüzdə olmadığına görə Almaniya, Türkiyə, Braziliya forması geyinib onlara azarkeşlik edirik.

Yenə əvvəllər azca da olsa nəsə var idi, indi o da olmadığına görə AKP-li və ya CHP-li oluruq yavaş-yavaş.

Adamın özündə nəyinsə olmamağı pis şeydir, qalırsan ona-buna baxa-baxa...

Jun 6, 2011

Toyota gibi adam mı, yoksa adam gibi Toyota mı?

Son dövrlərdə Toyota Türkiyənin “Toyota gibi adam” konsepsiyaları çoxumuzun diqqətini çəkib. Mənim əvvəlki TVC-lər çox da xoşuma gəlməsə də, konsept və sonunca TVC çox xoşuma gəldi. Bu rolikdən sonra Toyota markasına qarşı azca da olsa emosional hisslər yaranıb məndə. Daha doğrusu belə deyim, mən illərdir Toyotaya hörmət edirəm, Toyotanı tərifləyirəm, amma heç vaxt Toyotanı sevməmişəm, çünki Toyota illərdir ancaq “xarab olmayan robot” olub. Heç vaxt, marka ilə emosional bağ yaradan bir reklamlarını görməmişəm, bəlkə də var, amma mən görməmişəm. Bütün reklamları, maşının xarab olmamasına vurğu edir, maşının ekologiyaya zərər vurmamasına vurğu edir və.s Toyota illərdir, bizi evdən işə, işdən evə etibarlı şəkildə aparıb gətirən, xarab olmayan, xərcsiz maşın olub, bunu mən demirəm bunu Toyota Amerikanın CMO-su demişdi bir dəfə.

Mən çox araşdıra bilmədim ki, Toyotanın son dövrlərdə Türkiyədə vəziyyəti necədir, Amerikadakı kimi sürətlə aşağı gedir yoxsa normaldır, amma mən inanmıram ki, satış yaxşı olsun həmişəki kimi və Toyota Türkiyə başlasın “Toyota gibi adam” “yaratmağa”. Çox böyük ehtimal illərdir ortaya atdıqları tezləri çürüyür, satışda problemlər var və insanlar da artıq bilirlər ki, hazırda avtomobillərin dözümlülüyü baxımından Toyota ilə digərləri arasında həmişə dedikləri fərq yoxdur.

Yəni qısacası, mənə elə gəlir ki, əslində ortada “Toyota gibi adam” yox “Adam gibi Toyota” konsepti var.

Jun 1, 2011

Yazmalı Çox Şey Var

Əslində yazmalı çox şey var. Yazan olsa. Oxumalı da o qədər şey var ki, oxuyan lazım.
Blogda yenə də çox uzun ara verdim, yazmadım. Yazmaq üçün darıxdım. Heç vaxt düzgün yazılarım olmayıb. Nə axıcı olmayıb, nə də maarifləndirici.

Amma, yazıram, özüm üçün. Oxuyanlar da hər halda yenə özü üçün oxuyar.

Blogda dəyşiklik üçün kömək lazımdır, onu da həll etdikdən sonra çox aktiv şəkildə bunu davam etdirəcəm inşallah.

Feb 9, 2011

Sizə Pampers verəcəm!

Bizim Market bizim yolun üstündədir. Ona görə də demək olar hər gün yolumuz ordan keçir. Bugün HUGGIES həmin bu marketdə promo-aksiya keçirirdi. Yeni, Huggies Classic məhsullarını kiçik paketlərdə təxmini olaraq potensial müştərilərə təklif edirdilər. Mənim də səbətimdə Humana meyvə suyu olduğuna görə xanım mənə yaxınlaşdı və “Siz pampers istifadə edirsiniz?” dedi. Mən də, “Özümün yaşım keçib, amma oğlum üçün istifadə edirik” dedim.

Həmişəki kimi telefona zəng gəldi və mən başladım telefonda qışqıra-qışqıra danışmağa (yavaş danışmağı hələ də öyrənə bilməmişəm). Gedirdim ki, arxadan həmin qız çağırdı; “Axı mən sizə Pampers verəsiydim”. Dedim, “Axı satdığınız Huggies-dir, özünüz mənə niyə pampers təklif edirsiniz?”. O da mənə çatdırdı ki, hamı onusuz da Pampers deyir, nə fərqi var imiş ki?:)

Pampers Classic indi bizim balacanın üstündə yoxlama prosesindədir. Görək bəyənəcəyik mi? Amma, kaş Huggies heç olmasa bu qızlara bərk-bərk tapşıraydı ki, müştərilərə Pampers yox, Huggies uşaq bezi təklif etsinlər. Məncə tapşırıblar da, amma aksiyada iştirak edən xanım aradakı “fərqi” mənasız hesab edib.

Jan 31, 2011

PRADO: Toyota PRADO!


Mən almaram. Mən onu sürmək istəmirəm. Ama, mən ona böyük hörmətlə yanaşıram! Daha doğrusu ona yox, onun istehsalçısına, onun mühəndisinə, onun marketinqi ilə məşğul olanlara böyük hörmətim var.

Toyota Prado, Azərbaycan avtomobil bazarı kriz sonrasında dirçəlməyə başladığı ilk günlərdən etibarən bizim bazardadır, yəni 2003-cü ildən. Əlimdə 2006-cı ildən əvvələ dair məlumat yoxdur, amma son illərin göstəricilərinə əsaslansaq hər halda azərbaycan müstəqillik dövrünün ən uğurlu 10 avtomobili siyahısında mütləq onu göstərməli olarıq.

Bir neçə həftə əvvəl 40 yaşdan yuxarı 5-6 nəfərlə söhbətləşirdik. Arasında 3-ü Prado sürürdü, digər ikisi sizə sürməyi arzulayırdı. Səbəb isə sadədir; 1- Yumşaqdır 2- Səssizdir 3-Çox dözümlüdür!

Azərbaycanda satılan Pradoların təxminən 75%-i 2.7 motordur. Bunların böyük əksəriyyəti 2009-cu ildə kriz dövründə “su qiymətinə” satılan Pradolardandır. 2.7 motorun cəmi 167 at gücü var və 4 pilləli avtomat ötürücü ilə təmin olunub. Bu göstərici ilə Prado nəinki tək öz sinfində, həttta özündən bir alt və üst siniflərdə də ən sonuncudur. Sürənlərin dediyinə görə 2.7 uzun məsafədə və 120-dən yuxarı sürətlərdə çox yorucudur və hətta çox pis aerodinamikaya malikdir. 4.0-a bu aid deyil.

Mənim Toyota-ya hörmətimin səbəbi isə texniki faktorlar deyil, səbəb Toyota-nın insanların tələblərinə bu qədər uyğun avtomobil istehsal etməsidir. Səbəb, Toyota-nın bu boyda böyük maşınla 3 ildir ən çox satılan 3 maşından biri olma uğurunu əldə etməsidir. Səbəb P.Drucker-in dediyi “Müştəriyə özü-özünü satan məhsul” istehsal etməsidir!

Jan 9, 2011

Azərbaycanlı Marketoloqlar

Mən uzun müddətdir yazmağa ara verdiyim vaxtda nə fikir bildirirdim, nə də bildirilən fikirlərə reaksiya vermirdim. Çünki, yorulmuşdum əsassız ittiham və “böyük” fikirləri dinləməkdən.

Tənqid ediriksə bir işi, əvvəla o işin sahibinin əməyini, zəhmətini yerə vurmamalıyıq, ədəb-ərkan həmişə qorunmalıdır. Yəni, birinin işinə “zibil” deyə biləcək qədər zibil beyinli olmamalıyıq. Bunu qısa kəsdim.

Digər tərəfdən isə tənqid ediriksə maksimum reallığı öyrənib ondan sonra tənqid etməliyik. Mak.az-da bir nəfər təxmini mənası “Hyundai heç bilmir ki, onun internet səhifəsinə nə qədər adam girir” olan bir fikir yazmışdı. Hərçənd, məndən əvvəl Emin cavab yazıb, amma bu Eminin cavab yazdığı bir məsələdir. Eləcə də, həm Eminə, həm mənə, həm də başqalarına yazılası yəqin ki başqa cavablar var.

Yəni, ay əhli-marketinq vallah, billah mən başa düşümürəm son vaxtlar olunan tənqidləri. Ya həddindən artıq səthidir, ya həddindən artıq qərəzli, ya da həddindən artıq savadsız. Elə bilməyin ki, bunun içərisindən özümü çıxarmışam, xeyir içi mən qarışıq. Bütün tənqidlər haqqında demirəm təbii ki, ümumumiyyətlə ortaya çıxan reallıqdan danışıram.

Girin ya facebooka, ya mak.az-a, ya başqa bir yerə baxın yazılan şərhlərə..

Biri qalxıb deyir ki, “Azercell heç görəsən bilir ki, onun hədəf kütləsi kimdir?”. Axı, belə giriş olmaz, belə tənqid olmaz...Biri deyir ki “Genesis nə Mercedesdir nə BMW reklamı çox səhv və işə yaramayandır” deyirsən “Niyə?” verilən cavab Allah xətrinə bir dənə teoriyaya, bir dənə praktikaya və bir qram da reallığa əsaslanmır. Bir qalxıb deyir ki, “Genesis çox uğursuz oldu, satılmır” deyirsən “Qardaş hardan bilirsən” cavab olmur. Halbuki, Azərbaycanda Mercedes E klassdan sonra o sinifdə ən çox satılan maşın Genesisdir. Təxminən 80 E klass satılıb (ki bunun içində ola bilər ki, çox az işlənmiş Amerikankalar da var), 52 ədəd də Genesis, 5-ci Seria BMW isə cəmisi 35 dənə satılıb. Həəə, indi də mən əminəm ki, kimsə çıxıb deyəcək ki, hər şeyi satış cəhətdən fikirləşməyin.. Tamam, hər şeyi bu yöndən fikirləşmirik, amma bunun fikirləşməyin tək yolu budur. Bu arada satışa ən ögey baxan marketoloqlar da bizlərik.

Bilmirəm, ya hamımız özümüzü millətə “supermarketoloq” kimi göstərmək istəyirik, ya da sırf “yeşillik olsun” deyə tenqid edirik.

Mənim şəxsən özümə və HYUNDAI-ya gəldikdə; bugünə kimi mənim şəxsən özümün xatırladığım Aygün İslamzadənin, Emin Quluzadənin və Vüsal Qəmbərovun tənqidlərini eşidərək müsbət dəyişiklik etdiyimdir (başqaları da var mütləq, ağıllı tənqid edib, əsaslandıranlara təşəkkür edirəm. Aflatunun da internetlə bağlı təklif və tənqidlərini eşidirik.) Bunların nədən ibarət olduğunu yazmayım, amma çox sağolsunlar, minnətdaram ki, fikir veriblər, dərs çıxarmışam və nələrisə dəyişdirmişəm.

Dediyim odur ki, heç bir işi tənqid edəndə nə zəhməti yerə vurmayaq, nə real vəziyyətdən xəbəri olmadan iftira atmayaq, nə də hər hansı elmi və ya praktiki dayağı olmayan tənqid etməyək. Hər iş hamının xoşuna gələsi deyil, gəlmək məcburiyyətində də deyil. Əgər kiminsə xoşuna bir iş “prosta gəlmirsə”, heç gəlməsin.

Bir dənə məsələ yadımdan çıxmışdı, ey əhli-marketinq biz dünya-da yaşayırıq, burda isə zaman və məkan anlayışları var. Üstəlik bu zamanın özü uzun və qısa olur. Yəni ki, bu məkanda gördüyümüz bütün işləri uzun müddətli və qısa müddətli düşünmək kimi bir anlayışımız olmalıdır.

Aldı görək nə dedi....

Jan 3, 2011

AZAL Tərsinə Uçur

Uzun müddətdir yazmıram, amma yenə cuşa gəlmişəm. Başlayıram yazmağa. Hamı məni tənqid edir, mən də hamını. Allah axırını xeyir eləsin.

Bu dəfəki hədəf, məni axırıncı səfər şoka salan AZAL-dır. Mən əvvəllər İstanbula gedəndə AZAL-dan bilet almağa çalışırdım. Bunun iki səbəbi var idi; Birincisi odur ki, millətçilik damarım ağır basırdı, öz vətəndaşlarımız işləyir orada, səmada bizi təmsil edir AZAL, ikincisi isə AZAL-dakı xidmət THY-dən ucuz olmağına baxmayaraq heç də THY-dən geri qalmırdı.

Ən son iki uçuşumda isə şok oldum. İstanbula səfər mənə 200-ci ildə Naxçıvandan Bakıya uçuşumu xatırlatdı. Təyyara köhnə, kirli, yeməklər bərbad (acından ölürdüm, amma heç nə yemədim), təyyarədə mənasız filmlər yerləşdirilir və.s

Çox pis oldum! Bütün ölkələrin hava yolları şirkətləri inkişaf edir, bizimki tərsinə. Heçkimin minmək istəməyi Aeroflot da hətta çox böyük dəyişikliklər edib, artıq əvvəlki kimi adamın üstünə qışqırıb çay və ya kofe istədiyini soruşan olmur.

THY-dan isə heç bəhs etmirəm. Çünki adamlar möhtəşəm işlər görürlər.

AZAL belə getsə axırda heç özümüzünkülər də onunla uçmayacaq. Heç kim dala uçmaq istəmir!

Mən qorzuram ki, AZAL-ın texniki hissəsi də kabin kimi işləsin, əgər elədirsə Allah qorusun AZAL ilə uçanları!

Oct 11, 2010

HONDA-nın işıqları sönür

Bu başlığı Facebook-da da yazmışdım. Blogda isə daha geniş yazmaq istəyirəm. Bir neçə gün əvvəl getmişdik rəqiblərimizi ziyarətə. Bunu hamı edir. Onlar bizə gəlir, biz onlara gedirik, özü də dost və mehriban şəraitdə.

Özlərinin sözü olmasın, “Yapon Nəhəngləri” tərəfə gedəndə həmişə mənim ürəyim açılırdı. Azərbaycanda şübhəsiz ən yaxşı fiziki imkanlara və satışda müştəri davranışına sahib avtomobil distribyutoru onlardır. Rəqabət düşmənçilik deyil, ona görə də baxıb inanın ki, nümunə götürməyə çalışırdıq. Amma, son səfərdə lap ürəyim ağrıdı.

Evini satıb 10 gün sonra boşaldası adam necə ki, evdə heçnəyə əl vurmaz, evə girən kimi köçməyə hazır kimi bir hiss o saat yaranar, orada da həmin vəziyyətdir.

Ordakılar kollegalarımızdır, tənqid etmək kimi fikrim yoxdur. Özlərinin də məndən 4 dəfə çox təcrübələri var. Amma, məncə biraz daha aktivləşərək bazarda var odluqlarını göstərməlidirlər. Mazda-nı çox yaxşı tanıyıram və mazda Avropanın da şərtlərinin, istəklərinin və iş prinsiplərinin necə olduğunu çox yaxşı bilirəm və o markadan əgər şərtlər dəyişməsə heçnə olmayacağını iddia edirəm. Mazda Azərbaycanda bu şərtlərə karlı biznes deyil (xüsusən də böyük qruplar üçün) və iflasa məhkumdur. Subarunun aqibətini yaşayacaqlar. Bu arada, Subarulara 5000 AZN endirim var! Bunun adına iflas deyirlər! Bu arada mazda ilə eyni salonda Maseratti də satılmağa başlanılıb!

Honda-da vəziyyət ürəkaçan deyil. 2000 AZN endirim CRV-lərə endirim var. Satış elanı etmirəm, vəziyyətin xoş olmadığını deyirəm. Üstəlik, facebookda mən Hondanın işıqlarının söndüyünü yazandan bəri N hərfində də yanıb sönmə başlayıb, deyəsən axırda mənim zarafatça dediyim gerçək olacaq və HONDA-nın işıqları birdəfəlik sönəcək. Heç olmasa onu düzəltdirmək lazımdır ki, bədbinlik yaratmasın.

Mitsubishi “thanks to Pajero” babatdı, amma onun da vəziyyəti ümumiyyət etibarı ilə çox pisdir. Bir vaxtlar ayda tək pajero 50-60 dan çox satırdı, indi isə düşüb lap aşağılara.

Mən çox ümid edirəm ki, qrupun işləri düzələcək və maraqlı rəqabət olacaq.

Oct 6, 2010

Paris Motor Show

Mən çox arzulayırdım ki, dünya səviyyəsində qəbul olunana böyük avtomobil sərgilərində iştirak edim. Həmişə nəsə bir qənbərqulu çıxmışdı və gedə bilməmişdim.

Elektrikli avtomobillər çoxluq təşkil etməsəydi sərgi daha maraqlı olardı, amma yenə də pis deyildi. Maraqlı isə odur ki, Avropanın göbəyindəkilərin də marağı daha çox “dədə-baba” avtomobillərə idi, elektriklərin ətrafında çox adam yox idi. Ən çox məni təəccübləndirən isə Tesla-nın sərgisinin az qala bom-boş olması idi. Mən hesab edirdim ki, daha çox insan cəlb edəcəklər. Fisker Teslaya görə daha yaxşı idi, Fisker-in xüsusən də boya keyfiyyətinə söz ola bilməzdi, tək sözlə mükəmməl rəng keyfiyyəti var idi Fisker Karma-da.

Bizi ən çox maraqlandıran isə təbii ki, öz ligamız idi. Toyota, Nissan, VW, Ford, Kia, Mazda, Honda və.s Bunlarda yeganə yenilik olan Kia və VW idi. Yeni Passat, dizayn baxımından (həm xarici, həm daxili) çox təəccübləndirdi, mənfi mənada. Çünki, yeni Passat-da ümumiyyətlə “yeni” az qala gözlə görsənən heçnə yox idi. Xarici dizayn köhnə təəssürat yaradır, daxili isə ondan da betər. Amma, mühərrik və texnologiyanın tətbiqi ən yaxşı səviyyədədir və gözlədiyim kimi, mükəmməldir. Passat, öz sinfində “ən yaxşı” kimi yenə də, rəqabət aparacaq.

Ondan başqa Kia Optima, Chevrolet AveoHyundai ix20 də maraqlı modellərdir. Xüsusən də optima çox gözəldir və rəqabət çox maraqlı olacaq.

Sep 11, 2010

İnnovasiya Dünyanı Dəyişəcək

Son dövrlərdə “innovasiya” sözü hər halda ən çox istifadə olunan biznes sözlərindən biridir. Hətta bu yaxınlarda “reklamlarda istifadə edilməməli olan sözlər” siyahısına “innovasiya”nın da əlavə edildiyini gördüm.

Apple iPod, iPhone və iPad ilə fantastik uğur qazandıqdan sonra bu söz lap da , İranlıların sözü olmasın “betərləşdi”. Dünən internetdə yüngülvari araşdırdım, son iki il ərzində İnnovasiya ilə əlaqəli olan kitab sayısı və böyük biznes mətbuatlarında çıxan məqalə sayısı az qala yüz minlərlədir. Çünki, bütün insanlar innovasiyaların dünyanı qurtaracağını fikirləşir, şirkətlər də fikirləşir ki, innovasiya onları qurtaracaq, beləliklə innovasiya hamını qurtarmış olur.

İnsanların bu sözü sevməsi və innovasiyanın bir marka və ya məhsul haqqında fikirləri ən çox dəyişmə, ona ən çox dəyər qatma imkanının olması şirkətləri məcbur edir ki, həm innovasiyalar etsinlər, həm də etməsələr də buna bənzər nə olsa adını “innovasiya” qoyub kommunikasiyalarında istifadə etsinlər.

Nissanın bu reklamlarının hamısında innovativ nələrsə görmək mümkün deyil, Leaf-dən başqa nəsə innovativ bir şey yoxdur əslində. Leaf özü isə üzərində ən böyük mübahisələrin getdiyi layihəfərdən biridir, çünki ən başda eco-friendly olması özü böyük bir mübahisə predmetidir. Amma, gördüyünüz kimi Nissan, Innovation for All kimi mesaj verərək özünün kimliyini yaratmaq istəyir (“yeniləmək” yox ha, “yaratmaq”, çünki Nissan da şəxsiyyətsiz markalar arasındadır).

Avtomobil sektorunda demək olar ki, bunu istifadə etməyən yoxdur. Çünki, görünən odur ki, avtomobil istehsalçıları üçün dünyada yeni bir mərhələ başlayır, kim burda qabağa düşsə, kim özünün kimliyini tanımlasa, kim bugünə kimi bilinən “dünayanı zəhərləyən sektor” imicindən sıyrılmağı tez bacarsa o bir addım qabaqda olacaq. 80-ci illərin axırında necə ki, Toyota Prius ilə böyük bir kimlik qazandı, özü üçün ən 25 illik gələcək təmin etdi, indi də hamı onun davasındadır. Hələlik Nissan açıq ara liderdir və bunu hələlik çox gözəl istifadə edir.

Görək axırı necə olacaq.

Sep 5, 2010

4 Qapılı Kupelər və Markalar

A 4 Door Coupe (4 qapılı kupe) ilk dəfə 2003-cü Mercedes tərəfindən təqdim olunub və 2004-cü ildən kütləvi satışa çıxarılıb. Bu Mercedes-in CLS modelidir. 4 qapılı kupenin yaranması idman avtomobili sürmək istəyən, ancaq iş grafiki ağır olan insanların ikisini bir arada birləşdirən vasitəyə ehtiyac duyması lə əlaqəlidir.

CLS-in əsasını qoyduğu bu yeni sinif avtomobillərə sonradan başqa markalar da daxil oldu; VW Passat CC, Hyundai Sonata (biraz müzakirəyə açıq da olsa) Porsche Panamera, Aston Martin Rapide, Audi A7.

Qərarın stratejik baxımdan düzgünlüyü ən çox tənqid olunan Porsche Panamera və Aston Martin Rapide modelləridir ki, hələ də müzakirələr davam edir və bir çox avto-analistlər Panameranın lazımsız və hətta uğursuz olduğunu qeyd edirlər.

Bu yaxınlarda isə Lamborghini Estoque konseptinin təqdim olunması və istehsalı üçün yaşıq işıq yanması ən böyük səs-küyə səbəb oldu. Panameranı təqdim edən Porsche tənqid olunan dövrlərdə Lambo və Ferrari belə bir avtomobilin onlarda heç vaxt olmayacağını bildirmişdilər.

Bugün isə autoevolution.com saytı Ferrarinin belə bir planı olduğunu açıqladılar. Hələlik Ferraridən rəsmi heçbir açıqlama yoxdur.

Çox maraqlı proseslər gedir. Mən dörd gözlə gözləyirəm Estoque və 4 qapılı Ferrarini! Satın almaq üçün yox, marka DNA-sı, marka kimliyi və ümumiyyətlə marka ilə əlaqəli olan hər fikri təkrar gözdən keçirmək üçün!

Sep 1, 2010

Dövlətin Benzini yoxsa Hökumətin Maşını?

Bugün bir müştəri gəlib. Özü də, İctimaiyyət və Cəmiyyət qəzetinin (bu qəzeti də birinci dəfə eşidirdim) bütün aparıcı əməkdaşları ilə birlikdə. Şikayətə gəlib. Bizi məhkəməyə vermək əvəzinə, İC qəzetinə şikayət edib. Ordan da, mövzudan anlamayan, “müsəlmanıq, vətəndaşıq”dan başqa heç nə bilməyən və media mənsubu olmanın arxasına sığınmaqdan başqa qabiliyyəti olmayan adamlar gəlmişdi. Direktorumuz və mən nə qədər izah etməyə çalışdıqsa da, ilk mərhələdə bu müştərimizə problemin bizlik olmadığını izah edə bilmədik.

Problem odur ki, müştərinin maşını sırf benzinin keyfiyyətsiziliyi ucbatından xarab olmuşdu və müştərinin yanında gələnlər bunun zəmanətə dəxli olmadığını qəbul etmirdilər. “Dövlətin benzininə nolub ki?”, “Dövlətə gücümüz çatası deyil ki?”, “Lap olsun özəl, benzin şirkətini məhkəməyə verə bilmərik ki?” kimi cümlələrlə bir xeyli söhbətləşdik. Axırda da, bunları sakitləşdirdik və müştəridən soruşduq ki, qardaş sən bir ağzını aç və denən görək bizdən nə istəyirsən? Müştəri də dedi ki, “mənim pulum yoxdur, amma istəyirəm ki maşınım işləsin” Biz də, xərcin neçə olur-olsun 50%-i bizim boynumuza, gerisi sənin boynuna dedik və razılaşdıq. Yetər ki, müştərinin problemi həll olunsun.

Müştəri təbii ki, həmişə haqlı deyil və şirkətlər də məcbur deyil ki, müştərilərin bütün haqsız şikayətlərinə jest etsinlər və haqsız olduqları halda haqlıymış kimi onların dediklərini etsinlər, amma bugünki müştərimiz kimi səmimi davranan və probleminin həllində özünün də rolunu görən müştəriyə kömək etmək lazımdır ki, müştəri məmnuniyyəti yaransın.

Aug 23, 2010

Bizdə Neçə Növ Çörək Var

İki gün əvvəl Selim Tuncer bəyin tweet`ində Charles De Gaulle`un bir sözünü öyrəndim; “325-dən çox pendir növü olan ölkəni idarə etmək çətindir”. Fransızların hazırda 1000`ə yaxın pendir növünün olduğunu iddia edən mənbələr də var hətta. İkinci Dünya müharibəsindən sonra gör nə qədər pendir növü əlavə olunub.

Selim Bey yazısında türkiyədəki bu sahədə olan markaların nələr istehsal edə biləcəkləri və ya niyə etmədikləri ilə əlaqəli yazıdır. Bizimkilər üçün də çox faydalı ola biləcək yazıdır. Bu işin marketinq tərəfi ilə əlaqəli olan hissəsidir.

Mən isə o sözü oxuyan kimi fikirləşdim ki, bizdə cəmi 5 çeşid pendir var. Dəyişmək fikrimiz də yoxdur. Türklərdə şorba çeşidi ən 30`dur, bizdə Ruslardan keçmə 2-3 şorba ilə birlikdə 10`dan çox deyil.

Biz yeməyi xoşlamırıq? Xoşlayırıq! Bəs niyə bizdə Bozbaşın da “yenilənmiş” variantları olmur heç olmasa? Çünki, tənbəlik!

Yeganə “inkişaf” PİP DOLMASIdır. Ramazanın olmasa heç bəlkə də bu Pip Dolması da ağlıma gəlməzdi.

Bizdə Neçə Növ Çörək Var

Aug 13, 2010

Shanghai EXPO-da Azərbaycan "Otağı"

Bir neçə gün əvvəl Çində idim. Bir həftə tam olaraq orada qaldım və həm Beijing-də, həm də Shnaghai-da oldum. Çinin ümumiyyətlə (xüsusən də Şanxayın) inkişafı doğurdan da alqışa laiqdir. Maraqlı ölkədir. Həm pis, həm yaxşı yönləri ilə, həm düşünmədiyimiz bazar reallıqları ilə maraqlı ölkədir. Məsələn mən təsəvvür də etməzdim ki, Çində Azərbaycandan da pis maşın sürsünlər, puiyadanın belinə çıxsınlar. Mən fikirləşmirdim ki, Nike Adidasa bu qədər böyük fərq atabilər bir bazarda. Mən bilirdim ki, Çində Audi bazarda fırtına kimi əsir, amma düşünmürdüm ki, küçədə bu qədər çox Audi görəcəm.

Çində ümumiyyətlə avtomobil bazarı xaric demək olar hər yerdə Amerikan markaları daha çoxdur. CNN-ə baxdıqda Amerikanların Çin bazarına nə qədər əhəmiyyət verdikləri də çıxır ortaya onsuz da. Maşın bazarında da pis deyillər, GM-in çox böyük bazar payı var. Dünyanın ən böyük bazarında çox güclü olan isə SAIC Group kimi nəhəngi yanına alan VW Group-dur.

Shanghai-ya getmişkən EXPO 2010-na da gedək dedik. Ayıb olardı getməsək. Həm də mən internetdə o qədər maraqlı şeylər oxumuşdum ki, mütləq görmək istəyirdim. Expo həddindən artıq maraqlı idi, amma Azərbaycanın “otağı” (ona otaqdan artıq söz demək ayıb olar) o qədər pis idi ki, başqalarının yaxşı şeyləri də yadımdan çıxdı. Şəkildə gördüyünüz yer Azərbaycanın yeridir. Hər ölkə özünə qəşəng ayrıca yer ayırıb, bizimkilər də gedib Gürcülərlə filan birlikdə 5-i yığışıb, hərəyə bir otaq qurublar. İçəridə də bizə aid olan az qala heçnə yoxdur. Biabırçılıq! Başqa hər şey cəhənnəm, orda bir dənə də olsun azərbaycanlı yox idi heç olmasa. Bütün ölkələrin sərgilərində o ölkənin vətəndaşı olur, nə qədər ehtiyacdırsa o qədər. Bir də, ümumiyyətlə çox böyük sərgi ərazisinə girəndə çox adam simvolik pasport alırdı, hər ölkədə möhürləyirdilər. Maraqlı idi. Bizdə o möhürü də vuran bir Çinli idi. Orda olan bir tələbəni də tapıb xahiş etsən o da kömək edərdi. Ayıb olsun!

Jul 31, 2010

Dünyanın Ən “Innovative” 25 Şirkəti

MADO-nun açılışında avtomobil sektorunda yenilikçi şirkətlər, Hyundai və VW Group haqqında uzun müzakirələrimiz getdi. Fikir ayrılıqlarımız, fikir birlikdəliyimiz oldu. İndi də həmişə olduğu kimi Businessweek jurnalında “gəzərkən” gözümə “Dünyanın 25 ən yenilikçi şirkəti” başlıqlı bir yazı ilişdi.

Bu 25 şirkətin ilk 3 yerini Apple, Google və Microsoft tutur, 4-cü sırada isə IBM-dir hamımızın gözlədiyi kimi. 25 Şirkət arasında 7 avtomobil şirkəti mövcuddur. Geri qalanları yuxarıda adını çəkdiklərimdən başqa Virgin Group, NOKIA, LG, Samsung, Sony, HP, Intel, Nintendo kimi texnologiya istehsalçıları və Procter and Gamble, Coca-Cola kimi şirkətlərdir. Mən digər şirkətlər haqqında şərh yazmayacam, avtomobil şirkətlərinin niyə bu siyahıda var olduğuna dair azca fikrimi bildirəcəm.

Əvvəla onu qeyd edim ki, siyahıdakı şirkətlərin adları əsasən konkret innovasiyalarla yanaşı texnoloji baxımdan uğurlu modellər sayəsində böyüməsinə əsasən də müəyyənləşdirilib.

Beləliklə bu siyahıda avtomobil şirkətləri arasında ilk sırada Toyota durur ki, ümumi siyahıda 5-ci yerdə göstərilib. Bu siyahı son 10 ilə aid və ya daha tez dövrə aid siyahı olmadığı üçün Toyota Prius (hybrid) sayəsində burada yer alıb. Ancaq, o da vurğulanıb ki, Toyota üçün indi ən vacib məsələ yaşadığı bu fiasko nəticəsində zədələnən imicini “reinvent” etməkdir.

Siyahıda ikinci sırada duran avtomobil şirkəti Çinin BYD-sidir. BYD hazırda elektrik avtomobillər arasında ən yaxşı variantlardan birini təqdim edib.

Üçüncü sırada, Ford dayanır. Ona görə ki, modellərini qənaətcil və ekoloji cəhətdən daha təmiz olma yolunda ən tez dəyişən Amerikan markasıdır. Jurnal amerikan, sorğunun aparıldığı ölkə də Amerika olduğu üçün onun adı bu siyahıda var. Digər tərəfdən kar əldə edən yeganə Amerikan markası ünvanını xeyli müddət saxlamışdı əlində.

Dördüncü sırada VW Group dayanır. Bu qrup Amerikan bazarında zəif mövqedədir bildiyiniz kimi və yenə də Amerikanlar arasında aparılan sorğuda təbii ki, onların adı laiq olduqlarından aşağıda göstərilib. Ancaq, yenə də bu siyahıya düşmələrinin ən əsas səbəbi mühərrikləri, ötürücüsü və ASF gövdə texnologiyalarıdır. Xüsusilə Audinin uğuru burada böyük rol oynayıb.

TATA sırf NANO modelinə görə siyahıda yer alıb.

BMW innovasiyaları ilə onsuz da bilinir. Şərh yazmağa ehtiyac yoxdur. Bu Amerikanlarda isə heç insaf yox imiş heç olmasa TATA-dan daha çox səs verəydilər. İnsaf da yaxşı şeydir axı.

Yeddinci yerdə isə HYUNDAI-dır. Son illərdəki uğur əsas rol oynayıb. Yeni konseptləri və ekoloji cəhətdən təmiz mühərrikləri ilə daha çox diqqət çəkib Amerikada. Bu il mənim fikrimcə orada yeni Sonata sayəsində HYUNDAI əməlli başlı irəliləyəcək. Ən azından dizayn və 2.0 turbo mühərrikləri sayəsində.

Mənim şəxsi fikrimcə isə hazırda ən innovativ qrup VW Group-dur.

Jul 15, 2010

Yapon Maşınları xarab da olsa “bomba” olurlar

Bir neçə gün əvvəl əmim oğlu Toyota RAV4-ünü satdı və Mazda CX 9 almağa qərar verdi. Mənimlə də məsləhətləşdi. Maşının sürüş keyfi və performans baxımından əla olduğunu, funksionallıq baxımından pis olmadığını, offroad performansı baxımından da yaxşı olduğunu dedim. Amma, onu da dedim ki, az qala 95% Mazda CX 9 modellərində “aporniy disk” problemi var. “Bahoo” dedi, amma “əşi eybi yox, qarantiyadadır daa, dəyişərlər” dedi və getdi aldı.

Dünən yenə görüşmüşük və öyrənmişəm ki, yolda getdiyi yenə “elektron beyin” sıradan çıxıb, hətta sükan da işləməyib. Bu Toyota-nın “unintended acceleration” problemində də çox daha ciddi problemdir (onu da qeyd edim ki, dünən axşamtərəfi mediada yer alan məlumatlar təsdiqlənsə hər halda Amerika bazarında, Toyota çox ciddi zərbə alacaq). Buna baxmayaraq emioğlu dedi ki, “texnikadır da, olur belə şeylər”. Öz-özümə fikirləşdim ki, görəsən bu problem Hyundai-da çıxsaydı, əmioğlu yenə o sözləri deyərdi? Əminəm ki, YOX! Çünki, Hyundai markasının “perceived quality” problemi var və onu gözüqıyıq Yapon yox, gözünün qıyığı biraz fərqli olan Korealı istehsal edir. Halbuki, mən dörd ildir burdayam belə problemləri Hyundai-da eşitməmişəm, görməmişəm. Bizim maşınlarda olan ən böyük problem “jostkiy” süspansiya sistemidir. Buna da problem demək üçün gərək ya maşından anlamayasan, ya da insafdan əsər-əlamət olmasın. İnsaf!

Hyundai Motor Company çox düzgün yoldadır, çünki bütün marketing fəaliyyətləri sırf bu istiqamətdəki problemi həll etməyə yönəldilib. Əminəm ki, həll olunacaq. Həm modellər çox ciddi dəyişir, həm də marketingin digər P-ləri bu istiqamətə yönəldilib. VW Group 2018 qlobal strategiyasında ən əsas rəqib olaraq Hyundai Motor Company-ni göstərib. Əminəm ki, HMC-də VW Group-u əsas rəqib kimi görür. Çünki, hazırda bu iki şirkət parlayan ulduzlardır.

Jul 11, 2010

Maradonaya Heykəl, İniestaya Pul

Hyundai-ın sponsorluğu ilə Dünya çempionatı qurtardı. Çempion da gözə zərrə qədər xoş olmayan, dünyanın az qala ən yaxşı oyunçularına sahib olmalarına baxmayaraq ya şans əsəri, ya uğurlu bir hücum nəticəsində vurduqları cəmi 1 qol ilə oyun qazanan İspaniya oldu. Mən Alman millisinin oyununu xoşlayıram, 1996-cı ildən bəri də oyunlarına baxıram. Bu çempionatda da ən xoşagələn oyun sərgiləyən komanda oldu. Həm gözəl oyunçiları vardı, həm möhtəşəm taktikaları, həm də çempionatın ən qəşəng qolları. Bu çepionat Almanların İngilis və Almanları darmadağın etməsi ilə daha çox yaddan qaldı mənim üçün.

İspanların çepion olması ilə əlaqədar çox söz deyildi və ən əsası isə qeyd edilirdi ki, əgər Hollandlar çempion olsa tarixin ən yaxşı Holland milli komandası olmayacaq, amma İspanlar olsa onlar İspaniya tarixinin ən yaxşı oyunçuları olacaqlar. İspanlar oldular. Tarixin ən yaxşı komandası olaraq onlaraq heykəl qoyacaqlar mı, yox! Amma, əminəm ki hərəsinə milyon dollarlar veriləcək.

Argentinada isə Maradonaya heykəl qoyacaqlar. Çünki, Argentinanı dünyaya tanıdan Maradonadır. Ölkənindəyərinə dəyər qatan odur, marka kimi formalaşmasına dəyər qatan odur. O Argentinada ikondur. Gəlmiş-getmiş ən məşhur Argentinalıdır Maradona. Maradonanın haqqıdır heykəl də, pul da! Digərləri isə hələlik ancaq pula layiqdirlər.

Jul 9, 2010

Blogun Səssizliyi

Neçə vaxtdır blogla problem yaşayıram. Başqa yerlərdə açılır, mənim işdə açılmır. Ona görə də nə yaza bilirəm, nə də oxuya bilirəm. Əslində yazmaq istədiyim çox mövzu olub bu müddətdə. Bugün nəhayət açıldı, inşallah bir də bu tipli problemlər olmaz, mən də rahat-rahat yazıb ürəyimi boşaldaram.