Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Jan 31, 2011

PRADO: Toyota PRADO!


Mən almaram. Mən onu sürmək istəmirəm. Ama, mən ona böyük hörmətlə yanaşıram! Daha doğrusu ona yox, onun istehsalçısına, onun mühəndisinə, onun marketinqi ilə məşğul olanlara böyük hörmətim var.

Toyota Prado, Azərbaycan avtomobil bazarı kriz sonrasında dirçəlməyə başladığı ilk günlərdən etibarən bizim bazardadır, yəni 2003-cü ildən. Əlimdə 2006-cı ildən əvvələ dair məlumat yoxdur, amma son illərin göstəricilərinə əsaslansaq hər halda azərbaycan müstəqillik dövrünün ən uğurlu 10 avtomobili siyahısında mütləq onu göstərməli olarıq.

Bir neçə həftə əvvəl 40 yaşdan yuxarı 5-6 nəfərlə söhbətləşirdik. Arasında 3-ü Prado sürürdü, digər ikisi sizə sürməyi arzulayırdı. Səbəb isə sadədir; 1- Yumşaqdır 2- Səssizdir 3-Çox dözümlüdür!

Azərbaycanda satılan Pradoların təxminən 75%-i 2.7 motordur. Bunların böyük əksəriyyəti 2009-cu ildə kriz dövründə “su qiymətinə” satılan Pradolardandır. 2.7 motorun cəmi 167 at gücü var və 4 pilləli avtomat ötürücü ilə təmin olunub. Bu göstərici ilə Prado nəinki tək öz sinfində, həttta özündən bir alt və üst siniflərdə də ən sonuncudur. Sürənlərin dediyinə görə 2.7 uzun məsafədə və 120-dən yuxarı sürətlərdə çox yorucudur və hətta çox pis aerodinamikaya malikdir. 4.0-a bu aid deyil.

Mənim Toyota-ya hörmətimin səbəbi isə texniki faktorlar deyil, səbəb Toyota-nın insanların tələblərinə bu qədər uyğun avtomobil istehsal etməsidir. Səbəb, Toyota-nın bu boyda böyük maşınla 3 ildir ən çox satılan 3 maşından biri olma uğurunu əldə etməsidir. Səbəb P.Drucker-in dediyi “Müştəriyə özü-özünü satan məhsul” istehsal etməsidir!

Jan 9, 2011

Azərbaycanlı Marketoloqlar

Mən uzun müddətdir yazmağa ara verdiyim vaxtda nə fikir bildirirdim, nə də bildirilən fikirlərə reaksiya vermirdim. Çünki, yorulmuşdum əsassız ittiham və “böyük” fikirləri dinləməkdən.

Tənqid ediriksə bir işi, əvvəla o işin sahibinin əməyini, zəhmətini yerə vurmamalıyıq, ədəb-ərkan həmişə qorunmalıdır. Yəni, birinin işinə “zibil” deyə biləcək qədər zibil beyinli olmamalıyıq. Bunu qısa kəsdim.

Digər tərəfdən isə tənqid ediriksə maksimum reallığı öyrənib ondan sonra tənqid etməliyik. Mak.az-da bir nəfər təxmini mənası “Hyundai heç bilmir ki, onun internet səhifəsinə nə qədər adam girir” olan bir fikir yazmışdı. Hərçənd, məndən əvvəl Emin cavab yazıb, amma bu Eminin cavab yazdığı bir məsələdir. Eləcə də, həm Eminə, həm mənə, həm də başqalarına yazılası yəqin ki başqa cavablar var.

Yəni, ay əhli-marketinq vallah, billah mən başa düşümürəm son vaxtlar olunan tənqidləri. Ya həddindən artıq səthidir, ya həddindən artıq qərəzli, ya da həddindən artıq savadsız. Elə bilməyin ki, bunun içərisindən özümü çıxarmışam, xeyir içi mən qarışıq. Bütün tənqidlər haqqında demirəm təbii ki, ümumumiyyətlə ortaya çıxan reallıqdan danışıram.

Girin ya facebooka, ya mak.az-a, ya başqa bir yerə baxın yazılan şərhlərə..

Biri qalxıb deyir ki, “Azercell heç görəsən bilir ki, onun hədəf kütləsi kimdir?”. Axı, belə giriş olmaz, belə tənqid olmaz...Biri deyir ki “Genesis nə Mercedesdir nə BMW reklamı çox səhv və işə yaramayandır” deyirsən “Niyə?” verilən cavab Allah xətrinə bir dənə teoriyaya, bir dənə praktikaya və bir qram da reallığa əsaslanmır. Bir qalxıb deyir ki, “Genesis çox uğursuz oldu, satılmır” deyirsən “Qardaş hardan bilirsən” cavab olmur. Halbuki, Azərbaycanda Mercedes E klassdan sonra o sinifdə ən çox satılan maşın Genesisdir. Təxminən 80 E klass satılıb (ki bunun içində ola bilər ki, çox az işlənmiş Amerikankalar da var), 52 ədəd də Genesis, 5-ci Seria BMW isə cəmisi 35 dənə satılıb. Həəə, indi də mən əminəm ki, kimsə çıxıb deyəcək ki, hər şeyi satış cəhətdən fikirləşməyin.. Tamam, hər şeyi bu yöndən fikirləşmirik, amma bunun fikirləşməyin tək yolu budur. Bu arada satışa ən ögey baxan marketoloqlar da bizlərik.

Bilmirəm, ya hamımız özümüzü millətə “supermarketoloq” kimi göstərmək istəyirik, ya da sırf “yeşillik olsun” deyə tenqid edirik.

Mənim şəxsən özümə və HYUNDAI-ya gəldikdə; bugünə kimi mənim şəxsən özümün xatırladığım Aygün İslamzadənin, Emin Quluzadənin və Vüsal Qəmbərovun tənqidlərini eşidərək müsbət dəyişiklik etdiyimdir (başqaları da var mütləq, ağıllı tənqid edib, əsaslandıranlara təşəkkür edirəm. Aflatunun da internetlə bağlı təklif və tənqidlərini eşidirik.) Bunların nədən ibarət olduğunu yazmayım, amma çox sağolsunlar, minnətdaram ki, fikir veriblər, dərs çıxarmışam və nələrisə dəyişdirmişəm.

Dediyim odur ki, heç bir işi tənqid edəndə nə zəhməti yerə vurmayaq, nə real vəziyyətdən xəbəri olmadan iftira atmayaq, nə də hər hansı elmi və ya praktiki dayağı olmayan tənqid etməyək. Hər iş hamının xoşuna gələsi deyil, gəlmək məcburiyyətində də deyil. Əgər kiminsə xoşuna bir iş “prosta gəlmirsə”, heç gəlməsin.

Bir dənə məsələ yadımdan çıxmışdı, ey əhli-marketinq biz dünya-da yaşayırıq, burda isə zaman və məkan anlayışları var. Üstəlik bu zamanın özü uzun və qısa olur. Yəni ki, bu məkanda gördüyümüz bütün işləri uzun müddətli və qısa müddətli düşünmək kimi bir anlayışımız olmalıdır.

Aldı görək nə dedi....

Jan 3, 2011

AZAL Tərsinə Uçur

Uzun müddətdir yazmıram, amma yenə cuşa gəlmişəm. Başlayıram yazmağa. Hamı məni tənqid edir, mən də hamını. Allah axırını xeyir eləsin.

Bu dəfəki hədəf, məni axırıncı səfər şoka salan AZAL-dır. Mən əvvəllər İstanbula gedəndə AZAL-dan bilet almağa çalışırdım. Bunun iki səbəbi var idi; Birincisi odur ki, millətçilik damarım ağır basırdı, öz vətəndaşlarımız işləyir orada, səmada bizi təmsil edir AZAL, ikincisi isə AZAL-dakı xidmət THY-dən ucuz olmağına baxmayaraq heç də THY-dən geri qalmırdı.

Ən son iki uçuşumda isə şok oldum. İstanbula səfər mənə 200-ci ildə Naxçıvandan Bakıya uçuşumu xatırlatdı. Təyyara köhnə, kirli, yeməklər bərbad (acından ölürdüm, amma heç nə yemədim), təyyarədə mənasız filmlər yerləşdirilir və.s

Çox pis oldum! Bütün ölkələrin hava yolları şirkətləri inkişaf edir, bizimki tərsinə. Heçkimin minmək istəməyi Aeroflot da hətta çox böyük dəyişikliklər edib, artıq əvvəlki kimi adamın üstünə qışqırıb çay və ya kofe istədiyini soruşan olmur.

THY-dan isə heç bəhs etmirəm. Çünki adamlar möhtəşəm işlər görürlər.

AZAL belə getsə axırda heç özümüzünkülər də onunla uçmayacaq. Heç kim dala uçmaq istəmir!

Mən qorzuram ki, AZAL-ın texniki hissəsi də kabin kimi işləsin, əgər elədirsə Allah qorusun AZAL ilə uçanları!