Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Sep 28, 2007

Azərbaycandakı bütün reklamlar və reklam verənlər

Azərbaycandakı bütün reklamlar eyni səpkidədir, demək olar ki eyni səsləndirməyə və eyni mesaja sahibdir, eyni kütləyə xitab edir.
Şünkü Azərbaycandakı bütün reklam verənlər eyni şeyi düşünür; "insanlar bunun nə olduğunu başa düşməz, bizim millət hələ o səviyyəyə gəlib çatmayıb".
Etirazım var! Tamamilə qarşıyam!

Radio reklamları hazırda ölkəmizdə ən effektli reklam kanallarından biri hesab olunur. Çünkü "televiziya kanalları son vaxtlar müştəri etibarını itirib və insanlar əsasən avtomobillərdə radio reklamlarına qulaq asırlar, evdar qadınlar da radio dinləyir" məntiqi biraz hakimdir. Radio reklamlarını dinləyirsiniz yəqin ki (o demək deyil ki, sizin maşınınız var və ya siz evdar qadınsınız) , çünkü kifayət qədər çox eşitmə imkanlarımız var. Yaxşı, kimin hansı radio reklamı əzbərdən yadındadır və ya kim hansı reklamı digərlərindən fərqləndirib bəyənir və ya nifrət edir. Mənim şəxsən yoxdur, fərqləndirdiyim reklam. Bütün radio reklamları (az qala səsləndirməni də eyni adamlar etsin) "Azərbaycanda ilk dəfə, ....şirkətindən inanılmaz yenilik,....kişi sənin heç xəbərin vaaaaarrrr" məzmunundadır ki, bunların da inanın heç biri lazım olan mesajı lazım olan insanlara çatdırmaq imkanında deyil. Daha doğrusu sırf bu tip reklamların bəziləri ola bilsin ki, hədəf kütləsi etibarı ilə də məqsədə uyğundur. Amma, ola bilməz ki, bütün insanlar eyni profilli olsun və homogenlik bu qədər yüksək səviyyədə olsun. İnsana elə gəlir ki, biz %100 homogen bir cəmiyyətdə yaşayırıq.

Bu kanalların hamısını ayrı ayrılıqda uzun uzun incələmək əlbətdə ki mümkündür və tənqid ediləsi çox cəhətləri var. Ancaq, onu qeyd edim ki, yenə də əsas tənqid səbəbi bənzərlik, monotonluq və çox üzr istəyərək demək istəyirəm ki, tənbəllik olacaqdır. "Tənbəlliyin nə əlaqəsi var?" deyə soruşa bilərsiniz. Bizim insanlarımız qabiliyyətlidir, ağıllıdir, intellektual səviyyə ümüumiyyətlə çox yüksəkdir, yəni, bizim ölkəmizdə yaradıcı düşüncə məhsulu reklamlar görmə imkanımız var, bizim ölkəmizdə "göz bərəldəcək, dodaq dişlədəcək" marketing strategiyaları düşünəcək, tətbiq edəcək insanlar var. Amma, biz onu hələlik görmürük, çünkü standartları tətbiq etmək və ondan kənara çıxmamaq asandır. Standartlara qaçan insan (çətin problemlərdən asan çıxma məntiqini nəzərdə tutmuram) isə tənbəldir, başını ışlətmir, beynini yormur.

Reklam verənlər isə bütün bunlara yol verən, şərait yaradan insanlardır. Reklam verənin məntiqi ən başda ifadə etdiyim, insanları aşağılama, onları dar düşüncəli görmə üzərində qurulub.
Reklam verənlərin çoxunda belə bir düşüncə var "Alma rəsminin altında alma sözü yazmasaq bizim insanlar bunu başa düşməz"!

Bu yazının davamında "targeting and positioning" mövzusu yazılmalıdır yəqin ki...

Sep 26, 2007

Koreada balıq olur, ananas olur, Hyundai olur, Samsung olur...

İşimlə əlaqədar olaraq bir həftə Koreada oldum. Gəzdik, gördük, biraz da öyrəndik. Əvvəla onu deyim ki, birçox şey məni çox təəccübləndirdi. Xüsusən də mədəniyyətləri. Azərbaycan, Türk mədəniyyətinə çox bənzərdir. Xüsusən də insanlararası münasibətlər inanılmaz dərəcədə bənzərdir.

Bizə dedilər ki, burada iki şey görəcəksiniz ; speed (sürət) və hospitality (qonaqpərvərlik). İkisini də gördük. Gülərüzlü, çox sadə, mehriban insanlardır. Evlərinə getmədik, ancaq ev sahibi şirkət çox qonaqpərvər idi. Sürətlərinə isə söz ola bilməz. Çox dəqiq və düzgün işləyirlər. Altı günlük programımızda ləngimə, təxirə salma, gecikmə olmadı.

Şəhərin "arka sokakları"na girmədim, amma bizim gəzib gördüyümüz hər yerdə təmizlik üst səviyyədə idi. Əsas şəhərləri paytaxt Seoul, sənaye şəhəri Busan və Ulsan eyni dərəcədə təmiz və gözəl şəhərlər idi.

Yeməkləri özünüzün də təsəvvür etdiyiniz kimi okean canlılarından hazırlanır əsasən. Ancaq, Mən qizardılmış balıq tapa bilmədim təəssüf ki. elə buna görədir ki, orda olduğum müddətdə cəmi iki nəfər, bizim "orta kök" deyə biləcəyimiz səviyyədə kök insan gördüm.

Orada söhbət etdiyim Özbəkistanlı bir nəfər mənə "Bunların sürətinə, iş rejimlərinə ayaq uydura bilmirəm. Buradan da biraz ona görə ayrılmaq istəyirəm" dedi. O qədər zəhmət olmasa, Kore bu qədər böyüməz, bu qədər inkişaf etməzdi. O Özbək yoldaşın yerində bir Azərbaycanlı da olsa yəqin ki, eyni sözləri deyərdi. Bəlkə də elə bu da bizim Koreaya aşağıdan baxmağımıza səbəb olan faktorlardandır.

Koreada adama elə gəlir ki, Koreanı HYUNDAI tikib, SAMSUNG içərisini elekjtronika ilə təchiz edib. HYUNDAI KIA motors orada çox böyük pay sahibidir. Buralarda heç görmədiymiz Samsung Avtomobilləri də xeyli var. Samsung avtomobilləri haqqında deyəsən mən əvvəllər yazmışdım. Samsung hara, avtomobil hara??? Düzdü!

Məni marketing cəhətdən çox maraqlandıran isə bu oldu; əlimdə fotoaparat heç olmasa Samsun və HYUNDAI-ya aid nə isə maraqlı bir outdoor çalışması görərəm deyə baxırdım. Mən bir dənə də olsun şəklini çəkməyə ehtiyac olan şey görmədim. Həttə normal, pis olmayan bilboard da görmədim. Samsung yenə biraz var idi, HYUNDAI, KIA, DAEWOO, Samsung Cars, SSang YONG və.s-dən maraqlı heç nə görmədim.

HYUNDAI-nin marketing hədəflərindən də xəbərsiz gəlsəm, ümumiyyətlə marketing adına çox az şey görmüş olardım.

Koreada balıq olur, ananas olur, HYUNDAI olur, Samsung olur, KIA olur, LG olur....

Sep 3, 2007

"Cinbala"nın az qalsın 3 yaşı tamam olur......

"Cinbala"nın az qalsın 3 yaşı tamam olur, bizimkilər hələ indi oyanıb. Kobud və qisa məzmun budur.

Bakcell yay kampaniyaları haqqında əvvəl yazı yayınlamışdım. Mən reklamın məzmunu və yaradıcılığı ilə əlaqədar şərh yazmışdım, amma heç ağlıma da gəlməmişdi ki, uzun müddətdir yayınlanan reklam Azərbaycan Respublikası qanunvericiliyinə zidd olsun. İnsan fikirləşir ki, yəqin zidd olsa əlaqədar rəsmilər indi lazımi tədbir görmüş olardı. Hardan biləsən ki, Milli Televiziya və Radio Şurası yatıb yatıb yayın bətməsinə 20 gün qalmış səs küy salmağa başlayacaq. MTRŞ ilə eyni zamanda "bu fikri dəstəkləyən" Azərbaycan Reklamçılar İttifaqı da öz etirazını bildirib. Biraz da gözləyəydiniz !

Hər bir ölkənin öz qanunları və bu qanunların tətbiqinə nəzarət edən və ya bunlardan məsul olan orqanları var. Reklam haqqında qanun da var. Milli Məclisimiz təsdiq edib. Qanun qəbul olunubsa təkrar dəyişdiriləcəyi günə qədər qeydsiz şərtsiz tətbiq olunmalıdır. Qanun pozuntusunun birinci səbəbkarı Bakcell "Cinbala" reklamını çəkən agentlikdir və məsuldur. Digər tərəfdən TV kanalları yayınlarına nəzarət edən MTRŞ pozuntunun əslində dolayısı ilə məsuliyyətini daşımalıdır. "Daşımalıdır" deyirəm, çünkü bu "ölüm hadisəsinin üstünü bilərək 3 il gec açmaq" deməkdir. Yəni məsuliyyət var!

"Bakcell özü də bu reklamın başqa reklamla dəyişdirilməsində maraqlı olmalıdır" deyib MTRŞ sədri Nuşirəvan Məhərrəmli. Bu sözlərin müəllifi bilməlidir ki, haqqında danışdığı məsələ Azərbaycan Respublikası qanununun pozuntusudur, yəni bunun haqqında tədbir görülməsi "istəyə" görə dəyişməməlidir. Bakcell dəyişdirmək istəməsə necə olacaq?

Məsələ uşaq hüquqları çərçivəsində müzakirə olunub. Mən sadəcə olaraq onu başa düşə bilmədim ki, əgər bu Azərbaycan Respublikası daxili qanunlarına ziddirsə, bunu Uşaq Hüquqları Konvesiyası ilə izah etməyə çalışmağın məntiqi və manası nədir?

Əslində burada heçbir uşaq hüququnun pozuntusundan sçhbət getməməlidir. Uşaqların reklamlarda istifadə olunması və hətda reklamlarda birbaşa uşaqların hədəf kütlə olaraq seçilməsi dünaynın birçox ölkəsində qadağandır. Bu qadaöanın əsas səbəbi isə onların sərbəst qərar verə bilmək iqtidarında olmadıqları və nəyin zərərli, nəyin zərərsiz olduğunu başa düşməmələridir. Onların yerinə qərar verən valideynlərdir. Uşaqlar reklamların təsirində qalaraq valideynlərini onlara hərgün "Kinders" almağa məcbur etməsinlər deyə belə qanun qəbul olunur. Uşaq əməyi ilə məsləyə izah etməyə çalışmağın indi vaxtı deyil. Əlbətdə ki, onun da bğyük müzakirə objekti olması vacibdir. Amma, mən indi bir məsələ müzakirə olunmalıdır; qanunvericiliyi pozanlara qarşı hansı tədbir həyata keçirilir?