Bakı haqqında mahnılar hər halda ən sevmədiyim milli mahnılar siyahısına başçılıq edir və ya uşaq adlarına oxunan mahnılardan sonra ikinci yerdədir. Bunların hər ikisinə gərək bir də qulaq asam, ondan sonra qərar verəm. Səbəb? Çünki ikisi də boş sözlərlə doludur. Bakı haqqında mahnılarda “dünyanın ən gözəl şəhəri” boşdur, görmürük, yalandır. Uşaq haqqında olanlarda da ki, uşaq sənin ev sənin, evində zümzüməni elə, biz sənin uşağı tanımırıq və bizə bu maraqsızdır.
Bugünlərdə NYC Partnership Cunsulting dünyanın ən çirkli paytaxtlarının siyahısını açıqladı. Birinci yerdə Bakı! Yalandır? Deyil! Bakı zibilxanadır. Ona görə ki;
1- Biz pintiyik, çirkliyik, əlimizdəki siqaret qutusunu şüşəni endirib atırıq çölə.
2- Bələdiyyələr və İcra hakimiyyəti orqanları pintidir,, məsuliyyətsizdir və öz işlərini görmürlər.
3- Dövlətimiz qanunlarla çirkliyin qarşısını almır.
İlk iki maddəyə etirazı olan varsa da burda bildirməsin, çünki heç bir şəkildə qəbul etmərəm. Hələlik gözlərimə inanıram.
Üçüncü maddəyə gəldikdə, bu çirkliliyin təkcə şokolad kağızı, siqaret qutusu və.s ilə bağlı olmadığına dairdir. Bizim Milli Məclis hələ indi hazırlaşır ki, zəhərli qazlarla əlaqəli qanun layihəsi hazırlasın. Bu hazırlıq da hələlik Euro2 standardlarına keçməklə bağlıdır. Almanyada nə qədər “çeşka”, “yeşka” və.s kimi köhnə maşın varsa hamısı Azərbaycandadır. Bu o deməkdir ki, nə qədər zibil varsa hamısı burdadır. Üstəlik, ölkənin 950 min ətrafında olan avtomobil parkının bəlkə də 90%-i (statistika ən böyük düşməndir) heç Euro1 səviyyəsində də deyil. İdxal olunan Euro3 və yuxarı modellərdə isə əksər hallarda katalizator qırılır. Yəni, bütün CO1 havaya qarışır.
Dövlət əvvəla benzinin keyfiyyətini artırmalıdır, benzini Euro3 səviyyəsinə gətirməlidir, sonra da Euro3 standardlarına birbaşa keçməlidir. Bütün istehsalçılar buna hazırdır, dövlət istəsin və bir gündə bunu reallaşdırsın. Zibilxana olmasın bu ölkə. Yazıqdır axı bu insanlar.
Mingəçevirdə “Ekologiya günü” keçirilib və yarım gün yarım əsr yaşı olan şəhərdaxili avtobuslar nəqliyyata buraxılmayıb. Maaşallah!