Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Apr 29, 2009

Kəlləmayallaq İşlər

Əgər Bir Şirkət..”adlı bir yazı yazmışdım vaxtilə. Bugünlərdə də, o qədər bəzi şirkətlər haqqında məlumatlar eşitdim ki, ağlıma kəlləmayallaq işlər gəldi.

Kəlləmayallaq iş nədir? Kəlləmayallaq iş odur ki, şirkətin bir kültürü olmasın və o şirkətdə hamı öz kəlləsi ilə iş görsün, işlər də hamısı tərsinə mayallaq vursun.

Əvvəla bir şirkətin yazılı bir dəyərlər toplusu olmalıdır və buna hamı rəayət etməlidir. İkincisi, şirkətdə işləyən işçilərin hamısının məntiqi olmalıdır. Bu birbaşa HR-a göndərilən sözdür (bu arada onu qeyd edim ki, hər işə yersiz qarışdıqları üçün HR ən sevilməyən departament olur çox vaxt) ki, işə adam alanda sırf texniki imtahana tabe tutmasınlar.

Şirkətlərdə hazırda dillərə saqqız olan komanda işi tətbiq olunmalıdır. Bu o demək deyil ki, logistika gəlib burnunu soxmalıdır marketingin işinə, bu o deməkdir ki, logistika öz üzərinə düşən işi vaxtında etməldir (Logistikada 7R deyilən bir şey var). Şirkətdəki işçilər isə, uşaq kimi bir-birindən şikayət edəcəyinə, bir-birinə dəstək olmalıdır. Bunun yaradılmasında HR-a əməlli başlı iş düşür. HR şirkət rəhbərlərini yox, şirkəti düşünməlidir və heç vaxt da həddindən artıq dar görüşlü olaraq, işçinin 2 dəqiqə gecikməyinə görə 3 qat maaş kəsməməlidir. Bu hələ nədir ki? Elə şeylər eşidir ki adam bəzən, beynindən duman çıxır.

Kəlləmayallaq iş odur ki, şirkətdə kim nə etdiyini bilməsin və hamı hamının işinə qarışsın. Səlahiyyət verilməsin və məsuliyyət yüklənsin. İşçinin motivasiyasına boşa gedən xərc kimi baxsınlar.

Kəlləmayallaq iş odur ki,işçinin xüsusi halları nəzərə alınmasın, ona şirkətə aid olduğunu hiss etdirən heçbir fəaliyyət olmasın onun da bütün motivasiyası qırılsın və şirkət də durub işçidən niyə işə sahib çıxmadığının hesabını çəksin. Yenə də dar görüşlü HR! 2008-in əvvəllərində bir yazı oxumuşdum. Deyilirdi ki, “iş o yerə çatmışdı ki, hətta HR-dan gələn insanlar da CEO olaraq təyin edilirdi”. Tamamilə razıyam. Bizim Fuad-ın gedib HR-da işləməyi isə məni lap yandırırJ

Gəlim ən kəlləmayallaq işə: şirkətin kültürü olmadığına görə itlə pişik kimi dolanan işçilərin heç ağıllarına da gəlmir ki, ortada müştəri zərər çəkir və bu onların vecinə də olmur.

Ən kəlləmayallaq iş isə odur ki, şirkət rəhbəri şirkətdən xaricə yazılan məktublardakı qramatik səhvlərə baxmaqdan müştərisini, beləliklə də şirkətinin əsas istiqamətini itirir.

Biraz kəskin oldu deyəsəsn. Daşlayın məni.

Bu yazının da kəlləmayallaqlığı odur ki, heçbir sistemi yoxdur.

Apr 24, 2009

Azərbaycan Maşın Bazarı

Dünya avtomobil bazarı çalxalanan vaxtda, çoxlarımız üçün maraqlıdır ki, Azərbaycan avtomobil bazarında vəziyyət necədir. Əslində mənim məqsədim bazar haqqında olan statistik məlumatları çatdırmaq deyil, bu bazarda hazırda baş verən bəzi məqamlara diqqət çəkməkdir. Rəqəmlərə baxası olsaq, 2009-cu ilin ilk üç ayında yenə də əvvəlki kimi Lada, Hyundai, Toyota ilk üç yeri bölüşürlər. Əlbəttə mən buraya işlənmiş Mercedesləri daxil etmirəm. Əgər təzəli-köhnəli bir rəqəmdən paylar çıxarsaq, Mercedes 2-ci yerdə dayanır. Bu markanın işlənmiş modelləri ayda 1000 ədəddən çox satılır. İlk 3 ayda Lada bazarın 29%-ə yaxının, Hyundai 16%-ə yaxını, Toyota isə 11%-ə yaxının ələ almış vəziyyətdədir. Sonrakı yerlər Nissan və Kia kimi markalara aiddir.

Hyundai, haqqında az yazacam, çünki özüm burada işləyirəm və özümüz haqqında yazmaq yaxşı olmur. Ancaq, çox sevinərdim ki, ən kəskin tənqidlərinizi və suallarınızı burada yazasınız, biz də bunlardan xəbərdar olaq. Reklamlarımız, uğursuz modellərimiz, strategiyamız və.s olmaq şərtilə bütün məsələlər ola bilər.

Lada, bazarda ucuz modelləri ilə satılır. Haqqında məlumat verməyə ehtiyac yoxdur.

Toyota, son aylarda 15% endirim kampaniyası ilə xeyli dirçəldi. Burada mən Toyota-nın satış rəqəmləri haqqında məlumat verə bilməyəcəm, ancaq onu deyə bilərəm ki, qiymət endirimi xüsusən də PRADO satışlarını artırdı. Prado, bu il də öz sinifində ən çox satılan model olaraq qalacaq yəqin ki, ancaq keçən il 3000 ədaddən çox satılaraq ən çox satılan model olan Toyota Prado bu il yəqin ki kiçik modellərin gerisinə düşəcək.

Nissan, servisinin həddindən artıq çox tənqid olunması, müştərilərin narazıçılığı və satış müddətində uğursuzluqlara görə sürətlə geriləyir. İlk üç ayda 500 ədəd maşın sata bilməyən Nissan, belə getsə yerini import bazarının 4-cüsü KIA Motors-a buraxacaq. Nissan təcili olaraq servisinə təkrar baxmasa və təcili tədbirlər görməsə marka çox aşağılara düşəcək.

KIA, HYUNDAI ilə “sister company”dir, ancaq Azərbaycan bazarına aid deyil bu. KIA, nın sahibi Hyundai Motor Company olduğuna görə, KIA-nın istehsalı zamanı istifadə olunan detallar demək olar ki eynidir. Kia Ceed Hyundai i30 ilə, Kia Optima Hyundai Sonata ilə, Sportage Tucson ilə demək olar kieynidir. Ancaq, satış zamanı Kia Hyundai-dan 3-12% arası daha baha qiymətlərə satır. Şirkət strategiyasıdır və bu haqda yazmayacam. Markanın satışlarının artmasında HYUNDAI-ın danılmaz rolu var. Kia-nın minik maşın bazarında payı təxminən 7%-dir.

Subaru, haqqında çoxlarımız eşitmək istədiyimizə görə onu da qeyd edim. Hazırda satışları yaxşı deyil. Subaru, özünüz də bilirsiniz ki, bazarda yeganə şirkətdir ki hər ilin yekununda media vasitəsi ilə öz satışları haqqında cəmiyyəti xəbərdar edir, bunu alqışlamaq lazımdır. Bugünə kimi mənim fikrimcə böyük səhv edərək kütləviləşmə strategiyası həyata keçirən Subaru (bu uğursuz oldu və hazırda minik maşın bazarında Subaru 1%-dən də az paya sahibdir), krizin də təsiri ilə “özünə qayıdacaq”.

O ki qaldı digər şirkətlərə, Mitsubishi, Chevrolet, Subaru, Opel, Honda, Mercedes, Mazda, və.s, bunlar bazarda 4%-dən aza bazar payına sahib olan şirkətlərdir. Ancaq, yaddan çıxarmayaq ki, mən yazdığım rəqəmlər yeni maşın satışına aiddir. Mercedes, marka olaraq 1989 “eyşka” modellərindən tut bugünün yeni E class-ına qədər hamısını hesaba qatsaq bazarda 20%-ə yaxın payı var.

Görək bu ilin axırında kim aharada olacaq, ancaq ən əsası 3 il sonra kim harada olacaq. Məncə sıra çox dəyişməyəcək.

Apr 17, 2009

“Crystal Butterfly” Biabırçılığı

Yaxşı ki, dünən axşam bu yazını yazmağa imkanım olmadı. Yoxsa, indi aşağıda oxuyacağınızdan da kəskin tənqidlə dolu yazı oxuyardınız. Adını bəlkə də bilməyənləriniz çoxdur; “Crystal Butterfly” mükafatı Azərbaycanda yerli istehsal olan reklamlar arasından seçilənlərə təqdim edilirdi. Təşkilatçı çoxlarımızın tanıdığımız Famil idi. Dünən mükafatlar Filarmoniyada təqdim olundu.

Tənqidimi iki hissəyə bölürəm;

Təşkilatçılıq

Əgər təşkilatçılığı qiymətləndirəsi olsaq hər halda hətta Crystal Butterfly qiymətləndirməsi ilə də, ona 5 bal vermək olmazdı. Deyilən vaxtdan 1 saata yaxın gec başladı tədbir. Filarmoniyanın səhnəsi nəinki bəzədilməmişdi, hətta səhnə süpürülməmişdi. Yaradıcılığın mükafatlandırıldığı tədbirdə, estetika adına Allah xətrinə bir şey tapmaq mümkün deyildi. Çıxış edənlər “ilk dəfədir, texniki qüsurlar ola bilər” dedilər. Texniki qüsurlara göz yumduq. Ola bilər. Bir dənə banner çap etdirip, ağ divara asmamağa nə deyək bəs? Birinci səfər olan şeyi daha da yaxşı etmək lazım idi ki, ağıllarda qalsın. Görənlər görüb, görməyənlərə də mən balaca təsvir edim səhnəni. Filarmoniyanın süpürülməmiş səhnəsi, arxası tozlanmış ağ səhnə, adi işıqlandırma. Bir dənə də mikrofon. Aparıcı insanların qarşısına elə viddə çıxıb ki, eləbil dərsdən tutub gətirmisən səhnəyə. Başa düşürük ki, qalstuk-kostyum həmişə lazım deyil, başa düşürük ki, yaradıcılıqla əlaqəli tədbirlərdə sırf rəsmiliyi ortadan qaldırmaq üçün bu edilir, ancaq başa düşmürük ki, gələn qonaqlara qarşı hörmətsizlik hansı şərtlər daxilində “sərbəstlik” kimi qəbul edilir.

Mükafatı verilən adamların adları çəkilmirdi. Bu özü başqa bir biabırçılıqdır. Hələ ən dəhşətli biabırçılıq bilirsiniz nədir? Təqdim olunan mükafatların üzərində mükafatı alan layihənin adı yox idi, hətta mükafatı alan şirkətin də adı yox idi. Bu o deməkdir ki, o mükafatı kim hara qoysa, oranın mükfatı olacaq. Bunun üçün 40 illik təcrübəyə ki ehtiyac yox idi, sadəcə qabiliyyət lazım idi.

Format

Bu tipli layihələrdə əsasən iştirak etməli olan agentliklərdir, yaradıcı işləri ortaya çıxaran agentliklər. Burada isə əsas iştirakçılar reklam verənlər idi. Yəni, DNS Computers “DNS News” ilə agentliklərlə yarışırdı. Bu belə olmamalıdır. Bunu çıxış edənlər vurğuladılar, vurğulayanlardan biri də elə bizim MAK Məmməd idi.

Layihələrin qiymətləndirilməsi necə edilib bilmirəm, ancaq onu deyə bilərəm ki, əvvəlcədən kriteriyalar üzrə ballandırma edilmədən, “birinciliyə laiq layihə olmadığına görə bu kategoriyadan birincilik nominasiyası boş qalmışdır” demək “bağışlayın kəpənək düzəltdirməyə pulumuz yox idi deyə, bu kategoriyadan kəpənək alan olmadı. Kriz bizi də pis günə salıb.” demək ilə eyni şeydir. Əvvəlcədən, kriteriyalar və hər kriteriyaya görə qiymətləndirmə elan edilsəydi və deyilsəydi ki, "heç bir layihə 90-dan yuxarı bal almadığına görə 1-ci yer boş qalır.” onda mən heç bu cümlələri yazmazdım.

Ümumiyyətlə müsbət bircə o oldu ki, mən deyə bilmərəm ki, hansısa yaxşı iş kənarda qaldı və kimlərəsə haqsızlıq edildi. Coca-Cola “Novruz”, “DNS News”, “Altes Kataloq” və.s hamısı yaxşı işlər idi.

Mükafat alan bütün şirkətləri təbrik edirəm.

Apr 14, 2009

KURTLAR VADİSİ PUSU

Bugün dərsdə soruşdular məndən ki, Kurtlar Vadisi Pusu filmində çəkilən maşınların markası nədir? Bugün də Aygün soruşdu, Aygündən də başqa birisi soruşub. Deməli kimlərəsə maraqlıdır.

Həmin marka MERCURY-dir. Orada çəkilən SUV-lər Mercury Montainer və Mariner, sedanlar isə Milano və Sable modellərdir.

Maşın Bazarı (Badamdar deyil, Global)

Son iki həftədə Global marketing, Global Bazar, Bazarlara giriş və.s kimi marketing terminologiyasında istifadə olunana sözlərlə çox qarşılaşıram. Əlbəttə, hər gün isə avtomobillər və onların istehsalçılarını izləyirəm. Ağlıma gəldi ki, son günlərdə baş verən hadisələrə balaca bir baxım.

Böhran nəticəsində iflasın eşiyinə gələn GM, Hummer, SAAB, Pontiac kimi markalarını ortadan qaldıracaq. Bu Automotive Task Force (Obama administrasiyasının avtomobil sektoru üzrə süsisi komissiyasıdır) demək olar ki, şərtlərindən biridir. Ancaq, GM Çin bazarında Buick ilə hələ də ayaqdadır. Çin bazarına ilk girən VW-dir. İlk girənlər siyahısında isə Buick də var. Ümumiyyətlə, global bazar və “go global or stay local?” məsələsi müzakirə olunduqda, hansı bazara girmək məsələsi də müzakirə olunur. Risklər çoxdur. Siyasi, iqtisadi və.s kimi risklər. Eyni zamanda, bunun idarə olunması da başdan sona riskdir. Çin bazarı tarixində ilk dəfə bu il Amerikan bazarından daha böyük oldu. GM isə, vaxtında Çin bazarına Buick ilə girdiyi üçün sevinir əlbəttə. Çünki, Buicki “qara siyahı”ya düşməkdən elə Çin bazarında yaxşı mövqedə olması qurtardı. Ümumiyyətlə, marketingdə hansı mövzu olursa olsun, avtomobil markaları haqqında o qədər danışası mövzu olur ki, bir də baxırsan bütün nümunələr avtomobillərdən gedir (Mənim dərsimdə olduğu kimi; yəqin uşaqlar artıq bezib). Bütün bu giriş isə, global bazaralara girişin belə dövrlərdə əhəmiyyətindən danışmaq üçün idi.



Toyota, tarixində düşmədiyi pis vəziyyətə bu il düşdü ki, bunun ən böyük səbəblərindən biri əsasən bir neçə böyük bazardan asılığıdır. Amerikan bazarının çöküşü, özü-özlüyündə Toyota və GM –in çöküşü deməkdir. Lexus satışlarının çox böyük hissəsini Amerikada reallaşdırır. Amerikanlar Lexus almayanda isə, Azərbaycan kimi balaca ölkənin satışları Lexusu vəziyyətdən çıxara bilmir.

Hyundai market diversification məsələsini çox uğurla həyata keçirdiyi üçün isə, Toyota qədər zərər çəkmir krizdən. Cənubi Afrika, MDB ölkələri, Cənubi Korea, ABŞ, Latın Amerikası-nın bəzi ölkələri və Hindistan kimi ölkələrdə Hyundai-ın mövqelərinin yaxşı olması ona nisbətən az zədə görməkdə kömək edir. Bu arada onu da qeyd edim ki, bu kriz dövründə, Motor İdmanlarının dəhşətli sıxıntı içərisində olduğu vaxtda, Ryhs Millen-in Genesis Coupe pilotluğu ilə, Red Bull komandası adı altında Formula Drift Championship-də iştirak etməyə başladı komanda və ilk yarışda çox böyük rəğbətlə qarşılandı. Mən özüm yazsam, “Rüstəm PR ilə məşğuldur” deyəcəklər, ona görə də, bir nəfər lazımdır ki, Hyundai-ın son 10 ildəki inkişafını işıqlandırsın.

Hələlik bu qədər, ama ürəyim doludur, hələ yazacam, biraz vaxtımı planlaşdırmalıyam.

Apr 9, 2009

Hamının Burnu Dik Olacaq

Uzun müddətdir yazmıram. Allahın izni ilə evləndim və bu mənim evli statusu ilə yazdığım ilk yazı olaraq blogumun tarixinə keçdi. İnşallah evli statusu ilə daha yüksək əhval ruhiyyəli yazılar yazmaq qismət olar. Bu yazı isə bu müddət ərzində ağlımın ucuna taxılanlar ilə əlaqəlidir. Daha doğrusu yenə də, bir baxıma avtomobil sektoru haqqındadır. Həm yerli, həm xarici.

Əvvəla ondan başlayım ki, Autostar Kaukasus şirkətinin dəvəti ilə yeni Mercedes E modelinin təqdimat mərasiminə dəvət olunmuşdum. Çağrılan qonaqlar, dəvət olunanların profili diqqətimi çəkdi əlbətdə. Maraqlı idi. Prezentasiya açığını desəm göözlədiyimdən daha sönük oldu ki, bunun da səbəbkarı elə bəlkə də biz iştirakçılar idik. Niyəsə salondakılarda əylənmə meyli yox idi və sanki hamı harasa tələsirdi. Autostar kaukasus şirkətindən çox dəyərli Vüqar müəllimi təqdimatın təşkilinə görə təbrik edirəm. Məni çox təəccübləndirən isə modelin özü oldu. Mercedes lüks sinifin lideridir. Komfortu, işçilik keyfiyyəti, mexaniki dözümlülüyü ilə ölkəmizdə çox sevilir. İnanılmaz böyüm marka imicinə sahibdir. Biz TNS Azerbaijan şirkəti ilə focus grouplar təşkil edərək bazar araşdırması etmişdik və mən oarada şahid oldum ki, Mercedesin və ümumilikdə Alman maşınlarının necə böyük imici var. Ancaq, yeni E seriyası, mən və mənimlə bərabər olan digər yoldaşları yuxarıda yazdığım işçilik keyfiyyəti və istifadə olunan materialları cəhətindən çox təəccübləndirdi. Pis mənada. Mən burada avtomobili psiləmək istəmirəm, çünki hələ heç öz də özümə inanmıram, gedib təkrar yaxşı-yaxşı baxacm, inanmıram ki, Mercedes belə maşın istehsal edər.

Dünən isə getdim Opel Insignia modelinə baxdım. OPEL Azərbaycan rəsmi satışlarının barmaq dişlətməsi ilə məşhurdur. Çox bahadır bütün modelləri. Az qala premium model qiymətləri ilə satılır. Ancaq, onu deyim ki, Insignia mənim kimi avtomobil heyranı adamı, iki gündür özünə heyran edib. Opelin tarixində istehsal etdiyi ən yaxşı avtomobil deyə bilərəm.

Sonra, baxdım yeni konseptlərə və markaların modellərinə. Baxdım ki, hamı bir-birinin arxasınca qaçır, dizaynlarda həddindən artıq bənzəmələr yaranır. İnsanlar plastik əməliyyatlarla maşınlardan daha çox bir-birinə bənzəyir.

Maşınların faraları, qadınların burunları.

QEYD: Yerli bazarda isə “strategiya” kopyalama prosesi gedir. Yaxşı ki, istehsalla məşğul olmuruq.