Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Feb 29, 2008

Business (man, woman)

Yazı yazmaq üçün nə qədər araşdırsam da, həvəsim olmasa yaza bilmirəm, gərək nəyisə yazmaq istəyəm və yazmamaq sıxa ki, mən də yazam.
Uzun müddətdir işlər əməlli başlı gərgindir, üstünə də mənim işdən əlavə problemlərimi gələndə, təsəvvür edin vəziyyəti!!!

Aygün və sonra da Vüsalın PR məsələsinə toxunmaları, daha doğrusu geniş yazmaları və hər ikisinin də çox səsküyə səbəb olması, mənim hər iki yazıda da propoqandaya ilişib qalmağım, axırda gətirib çıxardı bu yazıya. Propoqanda və PR haqqında heçbir fikir bildirməyəcəm, çünki şərhlərdə uzun uzun yazmışdım bunları.

İş məni artıq çox sıxır, daha doğrusu burda həyat məni sıxır və sıxılmayacağım bir yerə getmək istəyirəm. Buna ümumiyyətlə iş sektorundakı mühit də təsir edir. MAK-da çox müzakirə olunur, bloglarda müzakirə olunur, hər dəfə görüşəndə kiminləsə bu məsələ müzakirə olunur. Azərbaycanda iş mühiti pisdir. Bu pisliklər təkcə, istənilməyən müdaxilələr, istənilməyən iş şəraiti, rəqabətin qeyri-sağlam olması, ümumi elmi səviyyənin aşağı olması, sistemin düzgün işləməməsi səbəbilə deyil, eyni zamanda etikaya aid bəzi çatışmazlıqların olması ilə əlaqədardır. Bu mövzuda əgər müzakirə açılsa nələr danışılar, nələr deyilər Allah bilir. Münasibətlər əsasında bunlar olduğu kimi, şirkətlərin bir birinə qarşı apardığı mübarizə də elə bu qəbildəndir. Bu blogu açdığım gündən maksimum səviyyədə çalışmışam, Azərbaycan avtomobil sektorundan yazmayım. Yazdığım yazılarda da, ya əlimdə olan bəzi rəqəmlərə görə təhlilə bənzər bir şey yazmışam, ya da var olanı yazmışam, fikirlərimi qatmamağa çalışmışam. Çünki, özüm bu sektordayam və yazılarımda tərəfsizliyimin müzakirə olunmasını istəmirəm. Hərçənd ki, yazdığım bir yazıya görə elə öz iş yoldaşlarım məndən incidi. Tənqid, özü də biraz haqsız tənqid, özümüzə idi. Ancaq, bu dəfə istədim biraz toxunam.
İki gün əvvəl kiçik bir analiz üçün KIA-nın rəsmin nümayəndəliklərindən birinə girdim. Bu arada ürəyimi də açım boşaldım ki, KIA müştəriyə nəyin verilib nəyin verilə bilməyəcəyini də bilmir, satış rəqəmlərini onsuz da hamı gizləyir, bunlar modellərin spesifikasiyalarını da gizlədirlər!!!Buna nə deyirlər özünüz bilin artıq! Nəysə...Satıcıdan KIA Optima modelinin neçə fərqli variantda təklif olunduğunu, fərqlərini və qiymətlərini soruşdum. Mən də sırf söhbət olsun və bundan bir fikir qoparmaq məqsədilə "Qalmışam Hyundai SONATA ilə Optima arasında, siz bunları mənə verin mən bir yaxşı yaxşı incələyim" dedim. Satıcı cavan oğlan idi. Cavabını eynilə yazıram: "Məllim, mən deyim dəə sizə, Optima hara Sonata hara. Birincisi ona görə ki, bizim maşınlar SNQ üçün gəlir, onlarınkılar Euro4 gəlir, ikincisi bizim maşınların podveskası yüksəkdi, üçüncüsü də ki, biz rəsmi distribyutoruq, onlar dilerdi." Necə dedisə, gözüm çıxdı kəlləmə! Dedim "Ay qardaş, axı onlar da rəsmi distribyutordur". Cavab:" Yox məllim onlar ordan burdan gətirirlər, dilerdi onlar, Türkiyədən zaddan gətirirlər. Ona görə də qarantiyanı ancaq karobkaya verirlər". Nəysə, istədiyimi aldım, üstəlik əlavə də material topladım.
Fikrim var idi, bütün KIA nümayəndəliklərini gəzəm, bu sualı hamısına verəm, cavabları dəqiqləşdirdikdən sonra burada yazam. Ancaq, baxdım yazı çox ləngiyir. Bütün KIA nümayəndəliklərinə mütləq gedəcəm, bu ayrı məsələ. Çox istəyərdim KIA Marketing şöbəsindəm kimsə bu yazını görsün və biraz özünə gəlsin. Məsələ tək KIA-da deyil, şirkətlərimizin çoxu "bununla" məşğul olurlar. Bu nədir, təbliğat yoxsa qara PR? Heçbiri və ya hansısa biri. Əhəmiyyətli deyil. Əsas odur ki, çox qeyri-etik davranışdır. Əlbəttə ki, sənin malının rəqib malından fərqli və üstün nəyinisə tapmalısan ki, rəqabət aparasan və salona gələn müştərini inandıra biləsən satın almağa. Əgər KIA bunu bilmirsə gəlsin öyrədim onlara öz markalarının "KIM" olduğunu, ciddiyəm!!!

Yazını mən KIA ilə əlaqəli yazmağıma baxmayın, sözüm hamıyadır. Onssuz da monopoliya rəqabətə imkan vermir, onsuz da elə bir bazardayıq ki, hərgün əsəbləri korlayan işlərlə qarşılaşırıq, heç olmasa bəzi xırda qaydalara rəayət edək. Əgər rəqibinə qarşı bir təbliğat başladırsansa, bunun etik tərfəini də biraz da olsa gözlə. Bu işdir, iyrənclik, pislik və yalanla dolu siyasət deyil. Siyasətdə onsuz da, insana aid dəyərlərdən heçbirinə yer yoxdur, yer olan siyasətçiyə isə iqtidar yoxdur!

Bu yazı nə PR haqqındadır, nə də Propoqanda. Amma, istəyirsiniz bir cümlə ilə fikrimi yazım: Mən PR haqqında deyilən "qara" rəngini qəbul etmirəm, "qara PR" deyilən anlayış, elə Propoqandadır. Amma, 99% əminəm ki, bu mənim qanmazlığımdandır, çünki bunu məndən başqa bütün dünya qəbul edir.

BusinessMAN ol, ya da BusinessWOMAN, BusinessADAM olmayandan sonra.......

Feb 20, 2008

Bizim avtomobilimizin sizdə nə işi var?

Neçə gündür mənim blogumda susqunluqdu. Bu hələ uzun müddət davam edəcək yəqin ki. Amma yaxşı ki, KISSHOTMarketoBlog var, onlar yazırlar biz de oxuyuruq. Son günlərdə demək olar ki, heçbir iş istədiyim kimi getmədiyinə görə yazmağa da mövzu tapmıram. Bulud gərək dola ki, sonra boşalsın. Oxumağa vaxtım olmur, George Orwell-in "Min Doqquz Yüz Səksən Dörd" romanını 10 gündür başlamışam hələ cəmi 50 səhifəsini oxumuşam. Bax belə.

Digər tərəfdən də, məlumat toplamağa çalışdığım şirkət haqqında lazım olan bəzi bilgiləri də əldə edə bilmədiyimə görə onu da tamamlaya bilmirəm. Radioda Renaultun yeni reklamlarını eşidən kimi, ağlıma yazmağa mövzu gəldi.

Renault Azərbaycan (Rəsmi distributor Nal Auto) reklam kampaniyasına başlayıb. Yəqin eşitmisiniz, ancaq mən qısaca yazım. Xışıltı, arxasınca "RENO. Sizin avtomobiliniz bizdədir. RENO İllərlə yollarda" deyə bir səs gəlir. Radio səsləndirmələrinin doğurdan da pis vəziyyətdə olduğunu bilirik. HYUNDAI-ən səsləndirmələri də, Catel-in səsləndirmələri də, Azercell-in səsləndirmələri də, Jalə meyvə şirələrinin səsləndirmələri də....bərbaddır!!! Bugünə kimi mənim çox xoşuma gələn yeganə səsləndirmə bir restoranın reklam səsləndirməsi idi. Reklamın əvvəlində deyilənlər əzbərimdə qalmayıb, orası da əslində yaxşı idi, ancaq ən sonunda bir qızın "Məni birdə ora apar" deməsi maksimum qiymətə layiq idi. O restorana aparası heçkim olmadığına görə adı da yadımda qalmayıb. Amma, bugünə kimi Azərbaycanda eşitdiyim və təqdir etdiyim yeganə səsləndirmə idi.

Qayıdım Renaulta. Bu bərbad səsləndirmələr arasında ən bərbadı isə Renaultun səsləndirməsidir. Mən ilk dəfə eşidəndən kimi, "Bizim avtomobilimizin sizdə nə işi var?" dedim öz-özümə. Renaultun finansal problemləri olduğunu bilirik, servisi də olmayan bir markadır. Qiymətləri təklif olunan dəyərə görə inanılmaz bahadır.
Megane kimi Renaultu ayaqda saxlayan bir modelin müştərilərinin bəlkə də 95%-i Türklərdir. Türklər də, özününküləşmiş markadan əl çəkə bilmirlər ona görə, yoxsa əql-i səlim bir insanın Azərbaycanda Renault alması çətin başa düşülər.
Mənim burada Renault müştərilərini tənqid və ya təhqir etmək niyyətim yoxdur. Avtomobilləri çox sevən və bunlardan azca da olsa başı çıxan adam kimi fikrim budur. Məsələ təkcə Renaultun səsləndirməsində deyil, məsələ "Bizdə reklam verək" məntiqinin səhv olmasındadır.

İnsanlar heç Reno-nun logosunu tanımır, sloganını da bilmir, "Sizin avtomobiliniz bizdədir"in heç indi yeridir? Məncə deyil. Renault etmirsə, mən edərəm.
Renaultun sloganı: "Renault. Créateur d'automobiles" (Avtomobillər yaradır)

Logosu da yuxarıdadır. Renault Azərbaycanın web səhifəsi isə hələ də yoxdur, ona görə link verməmişəm.

Belə baxanda pis oğlan deyilsən qaqaş.

Feb 11, 2008

Porsche Müştərilərinin Psixografik Analizi

Neçə gündür blogda hansı mövzudan yazmağı fikirləşib tapa bilmirdim. Şənbə günü tam üç saat əziyyət çəkib (araşdırma ilə birlikdə 5 saat) dünya avtomobil bazarında trendlər və xarakterləri barəsində yazı yazdım, sonra özüm oxudum və xoşuma gəlmədiyinə görə sildim. Sonra dincəldim və bügün (Yazi gece saat 2-de tamamlanib) Azercell Express məntəqəsində Azercell məni biraz hirsləndirdi, dedim “qəzetəmdə biabır edəcəm”, o da qaldı. Mən hara Azercell-ə ilişmək hara.

Qəflətən yadıma düşdü ki, yenə də bir ilkə imza atım. Axı mən keçən dəfə söz vermişdim yeniliklər gözləyin və bu blogda hələ bir neçə yeniliklər görəcəksiniz. Beləliklə MARKETING CASE! Ümumiyyətlə Case Study deyilən materiallar müzakirə edilmək, qərarlar vermək və bəlkə də onun real nəticələrini görmək üçündür. Belə hallarda hər kəs özünü real situsiyada bir mövqedə görür və ona görə real təkliflər edir. Beləliklə hərkəsin eyni situasiyadan necə çıxacağı müzakirə olunur. Digər cəhət isə odur ki, bunların riyazı hesablanmış cavabları yoxdur ki, kimin səhv kimin düz dediyi qərara bağlansın. Müzakirə etsək əla, etməsək mən uğursuz bir ilkə imza atmış olacam.

“Cənab Wiedeking-in Stuttgard Porsche zavodunda baş direktor (General Manager) olaraq ilk günü idi. Qovulan digər üç direktordan, Peter Schutz, Heinz Branitzki və Arno Bohn, sonra dördüncü direktor idi. Son altı il içində qovulan bu müdürlər qısa müddət ərzində şirkətin 1986-cı ildə 53000 olan satışlarının 1993-cü ildə 12000-ə düşməsinə səbəb olmuşdular və ya bu düşüşün qarşısını ala bilməmişdilər. Bu altı ildə şirkət 200 milyon dollar itimirşdi.

Cənab Wiedeking onu gözləyən çətinliyi yaxşı başa düşürdü. İlk olaraq maliyətlərlə məşğul olmağa başladı. Porsche avtomobilləri həmişə bahalı olmuşdu. Artan marka və yüksək işçi xərcləri qiymətləri bu səviyyəyə yüksəltmişdi. Məsələn 1990-cı illərdə 40 000 olan qiymətlər 100 000-ə çıxmışdı. İkinci problem isə kimlərin Porsche aldığını, kimlərin almaq istədiklərini öyrənmək idi.

Cənab Wiedeking mühəndis mexanik ixtisası üzrə doktoranturasını bitirmişdi və əvvəlcə Porsche istehsalat müdiri vəzifəsində işləmişdi. O, əsəs məqsəd olaraq qiymətləri aşağı salmağı qarşısına qoymuşdu. Yaponların istehsal məsələlərindəki ustalığını bildiyi üçün Yapon əsilli məsləhətçi firma ilə müqavilə imzaladı, bu firma əsasını TOYOTA-nın istehsal mühəndisliyi fəlsəfəsindən götürmüşdü. Yaponlar Porschenin bütün zavodunu başdan sona yenilədilər. Köhnə sistem dəyişdirildi. Tədarükçülərin sayısı 900-dən 300-ə düşürüldü və bir avtomobilin istehsalı üçün sərf edilən vaxt 120 saatdan 74 saata qədər azaldıldı.

İkinci olaraq Wiedeking Prsche-nin Şimali Amerikadakı Satış və Marketing müdiri Cənab Richard Forddan avtomobilləri alan müştərilərin xarakterlərinin (personality) analiz edilməsini istədi. Bundan sonra cənab Ford antropologiya mütəxəssisləri ilə birlikdə Porsche sürən müştərilərin xarakterlərini öyrənməyə aşladı.

Bir neçə ay sonra bu mütəxəssislər cəban Ford-a Porsche müştərilərinin psixoqrafik analizlərinin detallı analizini təqdim etdi. Bu raporta görə Porsche müştəriləri əsasən 40 yaşdan yuxarı illik gəlirləri 200 000 dollardan yüksək olan kişilər idi. Raportda Porsche sahibləri xarakterlərinə görə beş əsas qrupa ayrilirdi;

Top Guns: 27% müştəriləri təşkil edən bu qrup başqalarının diqqətini çəkməyin əhəmiyyətli olduğunu fikirləşən insanlar idi.

Seçilmişlər: Bu qrup müştərilərin 24%-ni təşkil edirdi. Bunlar üçün avtomobil sadəcə olaraq avtomobil idi, Porsche onlar üçün pullarının çox olduğunu göstərən avtomobil deyildi. Avtomobilin onların şəxsiyyətlərini tamamlayan bir vasitə olduğuna inanmırdılar.

Gürurlu İdarəçilər: Bu qrup müştərilərin 23%-ni təşkil edirdi. Onlar inanırdı ki, bu avtomobil onların çox zəhmətlərinin, çalışmalarının qarşılığıdır.

Bon Vivants: Özünü üstün təbəqənin insanları olaraq görən bu insanlar Porsche-nin onların çox gərgin keçən günlərinə həyəcan qatan, onları daha maraqlı edən bir faktor olaraq görürdülər. Bunlar cəmi 17% idi.

Fantasistlər: Bunlar üçün avtomobil bir qaçış vasitəsi idi. Porsche avtomobilə sahib olduqları üçün özlərini nəyə görəsə günahkar kimi hiss edirdilər və başqalarına bu avtomobil ilə təsir etməkdən çəkinirdilər. Bunlar cəmi 9% idi.

Cənab Ford bu raporta baxdıqdan sonra bunun dizayn və bazara sürülməsi zamanı necə tətbiq oluna biləcəyini düşünməyə başladı. Hər fərqli qrup üçün fərqli avtomobil istehsal etməyin düzgün olub olmayacağını fikirləşdi. Bazarda tutundurulması üçün avtomobil reklamlarında həm müştəriləri bu avtomobilləri almağa təşviq edən, həm də ona mane olan ünsürləri nəzərdə saxlamalı olduqlarını fikirləşdi. Əvvəlcə özünün təsdiq etdiyi,insanlara bu avtomobilin içərisində nə qədər əla göründüklərini və bu avtomobillə nə qədər sürətli gütdiklərini göstərən reklamı xatırladı. Bu tərz reklamların Seçilmişlər grupundakı insanlara təsir etmək üçün səhv yol olduğunu fikirləşdi. “

Yuxarıda gördüyünüz bu model, Porsche Cayenne bu case hazırlandığı vaxt mövcud deyildi.

Suallar:

**Cənab Ford hər beş qrup üçün fərqli model istehsalına qərar verib. Sizcə bu düzgündür? Niyə?

**4P-nin iki P-si (Product və Promotion) haqqında qısa da olsa bəhs edildi, bəs digər P (Price) haqqında nə deyə bilərsiniz?

Feb 3, 2008

AYNA-nı “qurtara bilmədik”, heç olmasa "Marketing"-i “qurtaraq”

Şənbə günü səhər işdə çox dəyərli reklam menecerimizlə söhbət haradansa gəldi qəzet oxumaq mövzusuna. Mən “Türkiyədə olduğum üç il müddətində qəzet oxumadığım gün sayısı maksimum 20 gün olar” dedim. O da, “Vaxtı bəhanə etmə, oxusan indi də oxuyarsan, sən yəqin ümumiyyətlə oxumağı azaltmısan” dedi. Söhbətin axırında qərar verdim ki, mən mütləq bundan sonra hərgün qəzet oxuyacam. Qəzet oxumağın “faydalarından” yazmayacam, ancaq onu deyim ki, şəxsən mənim üçün bu xüsusi zövq də verir. Nə isə...Axşam işdən çıxdım və yolüstü AYNA qəzeti aldım. Qəzetin qapağında “Hörmətli Oxucular”la başlayan yazını axıra qədər oxudum və inanın çox mütəəssir oldum. Niyə belə olduğunu isə həmin yazıdan bəzi hissələri verməklə bildirmək istəyirəm.

Hörmətli Ozucular!

Bir çoxlarınızı sıxan maliyyə problemləri bir qəzet olaraq “AYNA”dan da yan keçmədi. 2004-cü ilin Aprel ayından gündəlik qəzet olaraq görüşünüzə gələn “Ayna”gələn həftənin bazar ertəsindən etibarən gündəlik nəşrini dayandırmağa məcbur olur. İndi sizlərlə yalnız bir dəfə-həftənin şənbə günləri görüşəcəyik.” Məqalənin davamında qəzetin baş redaktor müavini Ceyhun Nəsibov, “ALINMADI” deyir. Əllərindən gələni etdiklərini, ölkəmizin bütün problemlərinə toxunduqlarını, qabartdıqlarını, ancaq buna baxmayaraq qəzeti kütləviləşdirə bilmədiklərini yazır.

“Lap dəqiq desək, qəzeti kütləviləşdirə bilmədik. Qəzetdəki məqalələrə dəfələrlə “yaxarı”lardan reaksiyalar oldu, bir neçə məhkəmə proseslərinə girdik, ölkə ictimaiyyətinin ən fəal nümayəndələrinin pis yaxşı rəyini qazandıq, tanındıq. Amma, qəzeti kütləviləşdirə bilmədik”. Müəllif bundan sonra “NİYƏ?” sualına cavabında bunun səbəblərini, düzgün işləmələri, stəkanda fırtına qoparmadıqlarını, məmurların villalarından ittiham yox faktlarla yazdığını, rüşvətə qarşı faktlarla qarşı durduqlarını, müğənnənlərin 7000 avroluq ayaqqabı davalarına yer verməmələrini iflasın, “kütləviləşə bilməməyin” səbəbi olaraq göstərir. “Çal-Çağıra üstünlük verməyən cəmi 300-400 oxucu qazandıq ki, onlara da “haqqınızı halal edin” deyirik. Qalanları isə “oxumaq, oxumaq, yenə də oxumaq” eşitdikdə bunu ancaq mahnı müsabiqələrində oxumaq kimi başa düşdülər. Canları sağ olsun! Və biz qəzetimizin kütləvi satılmaması səbəbindən maliyyə problemi ilə üzləşdikdə”məmurlararası dava”nın iştirakçısı olub kiminsə cibinə girmək istəmədik də!

AYNA-nın bağlanması mənə pis təsir etdi. Bunun birinci səbəbi, ümumiyyətlə oxuyucusu olmasam da, bu ölkədə “yaxşı qəzetlər” siyahısında adı keçən bir qəzetin bağlanmağı xoş deyil. Digər tərəfdən azərbaycan dilində bir qəzetin bağlanması iki cəhətdən pis təsir etdi. AYNA-ni bəyənməyə bilərsiniz. Ancaq, mən əminəm ki, çoxunuz mənimlə bu mövzuda həmfikirsiniz. Həvəslə qəzet alıb oxumağa başlayanda ilk xəbər olduğundan və ya Azərbaycan dilində səviyyəli bir qəzetin iflasının təsirindən çox pis oldum. Təəssüfləndim, “Kaş bu günə kimi qəzet oxuyaydım, bəlkə bir neçə nəfərə də təsirim olardı, oxumağı təşviq edərdim” deyə fikirləşdim. Amma, iş AYNA ilə bitsə yaxşıdır, MARKETİNQ jurnalının da belə bir məqalə yayınlamasından qorxuram. İflas etməsindən qorxuram. Onsuz da zorla ayaqda durur, üfürən olsa yıxılar. AYNA-nın bağlanma səbəbi qəzetin baş redaktor müavinin dilindən qısa da olsa izah edilib (mənim buna çox əlavələrim ola bilər və əminəm ki, sizin də var, ancaq hələlik biz ancaq qəzetin özünün bildiyi səbəbləri qəbul edək), ancaq MARKETİNQ jurnalının bağlanma ehtimalının səbəbləri mənə görə fərqlidir, o sadəcə məğlub olan döyüşçüdür, özü də elə bir döyüşdə məğlub olur ki, ondan başqa heç kimin əlində silah yoxdur. O sırf özünün zəifliyindən yıxılır, itələyən də yoxdur onu!!! Təəssüf! Ancaq, mən doğurdan da inanmaq istəyirəm ki, bu belə olmayacaq. Bəlkə də kimsə fikirləşə bilər ki, “Jurnal Azərbaycan Marketinq Cəmiyyətinin dəstəyi ilə ayaqda durur və onlar da o jurnalın iflasına imkan verməzlər”, ancaq oxucusuz olmaq, elə iflas olmaqdır. Allah Uzaq eləsin!!!

Yaxşı ki, Google məndən pul amlır, yoxsa mən də iflas edərdim !!!