Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Jun 23, 2010

Afrikanın Vuvuzuelası və Bizim Zurnamız

Afrikanın vuvuzuelası bizim zurnamızdan daha məşhurdur.

Dünya Çempionatı ümumiyyətlə baş verən ən böyük Marketinq hadisəsidir və ya bunlardan biridir. Mənim oxuduqlarıma görə ən böyüyüdür, amma yenə də əmin olmadığım üçün iddia etmirəm.

Cənubi Afrika Respublikası bu hadisədən ən çox pul qazanan ölkədir. İlkin hesablamalara görə 14,2 milyard dollar pul qazanacaq ölkə. Burada pul qazanan, iqtisadiyyatı canlanan özü də təkcə ev sahibi ölkə deyil. ABN İqtisadçıları yazmışdılar ki, dünya iqtisadiyyatı üçün ən yaxşı variant Almaniyanın çempion olmasıdır. Çünki, Almaniya çempion olarsa Avropa Birliyindəki iqtisadi durğunluğa təkan verəcək və dolayı yoldan bütün dünya bundan faydalanacaq.

Digər tərəfdən reklam pullarını da hesablayın. Azərbaycan iştirakçı ölkə deyil, amma heç vaxt Lider TV reklamdan bu qədər pul qazanmır. Siz təsəvvür edin Almaniyada, Argentinada, İngiltərədə nə qədər böyük kommunikasiya xərcləri var. Sponsurluq büdcələrinin nə qədər böyük olduğunu təsəvvür edin, digərləri ardınca sizin üçün təxmini qiymət hesablamağa kömək edəcək. Söhbət 100 milyard dollar ətrafında pulun hərəkətindən gedir.

Dünya Çempionatı sərgidir. Oyunçuların sərgiləndiyi yerdir, necə ki avtomobil sərgiləri, tekstil sərgiləri var, onun kimi sərgidir. Real Madrid klubu transfer başlamadan əvvəl bəzi oyunçularla müqavilə imzaladı. Səbəb olaraq isə, çempionatdan sonra həmin oyunçuların qiymətinin qalxacağı idi.

Bütün bunlar bir tərəfə digər tərəfdən də vuvuzuela deyilən bir şey çıxdı ortaya. Hamımızın söydüyümüz vuvuzuela. Amma, xoşuma gələn bilirsiniz nə oldu? “Vuvuzuela Cənubi Afrikaya Məxsusdur, ənənədir, narahat olanlar olsa da, o stadionlarda olacaq”!

Jun 15, 2010

Təmiz Maşın Təmiz Hava Təmiz Həyat

Bir neçə gün əvvəl AAMİK-in keçirdiyi konfrans Azərbaycanda Avro I standardlarının tətbiqi, bunun sosial-iqtisadi nəticələri, üstünlükləri və mənfi cəhətləri və.s ilə bağlı idi.

Başda onu deyim ki, İyulun 1-dən etibarən bu tətbiq olunmağa başlanacaq. Ölkəyə girən bütün maşınlar EuroII uyğunluq sertifikatı göstərməlidir ki, buraxılsın. Gələcəkdə özümüzün labaratoriyalarımız da olacaqmış.

Çıxış edənlərin hamısı yaxşı toxundular məsələyə, ancaq bir nəfər də olsun məsələyə bütov baxa bilmədi ki, bizim də ürəyimizdən tikan çıxsın.

İndi mən dediklərimi deyim;

1- Azərbaycanda 950 000 maşın var ki, bunun da 650 000-dən çoxu Euro II standardlarına cavab vermir. Ümumiyyətlə bu 950 min maşının az qala 30-35 faizi ümumiyyətlə təkrar emala getməli olan, ömrü bitmiş maşınlardır. Ölkəyə son 3 il içərisində idxal edilən avtomobillərin isə 55%-dən biraz çoxu işlənmiş avtomobillərdir. Bunların da içərisində çoxluğu 8-10 yaş arasına olan avtomobillər təşkil edir. Deməli, sadə məntiq budur ki, əgər dövlət istəsəydi ki, doğurdan da ekoloji cəhətdən təmizlik prosedurlarına başlasın, birinci növbədə bu “zibil” maşınların idxalını dayandırardı (işsizlik bəhanəsi gətirənlər olacaq buna).

2- H. Əliyev adına Neft Emalı zavodunun hazırki benzinləri Euro II, dizelləri isə Euro III standardlarına cavab verir. Daha doğrusu dizeldə balaca dəyişikliklərlə 2011-ci ilin əvvəllərində tamamilə Euro III Dizle istehsal olunacaq.6-7 il sonra isə Euro VI standardlarına cavab verən benzin istehsal olunacaq. Bəs bu müddətdə sənin içəridə olan 100 minlərlə Euro 1-2 uyğunluğu olan maşınların havanı kirlətməyəcək? Dövlət doğurdan da istəsəydi, təşviq planı hazırlayar və yuxarıda da qeyd etdiyim kimi, heç olmasa istismar müddəti bitmək üzrə olan avtomobilləri məhv edərdi.

3- Tramvay xəttlərimiz sökülüb, metro yetərsizdir, insanlarımız da 2.5 motordan aşağısını bəyənmir. Dövlət ictimai nəqliyyat sistemini elektrikləşdirməlidir. Bunun iki tərəfi var, birincisi elektriklə işləyən mühərrik dəm qazı tullantısı yaratmır, ikincisi istehsal başqa ölkədə baş verdiyi üçün istehsal müddəti yaranan çirklənmədən uzaq oluruq.

4- Alternativ sistemlər zərrə qədər təşviq olunmur. Hibrid təşviq olunmadığı üçün çox baha olur, LPG ümüumiyyətlə istifadə olunmur və.s Dövlət bunların təşviqi üçün rüsumlarla oynaya bilər.

5- İnsanlarımız böyük motor istəyir, yüksək dövrlərdə sürməyi xoşlayır, təkərin havasını 2.0-dan yuxarı heç vaxt qoymur və.s Bu bizlikdir, dövlətimizlə əlaqəsi yoxdur, özümüzün dərimiz qalındır, düşünmürük ekologiyanı, düşünmürük gələcəyimizi.

Xəstə doğulan uşaq sayısı, autist uşaq sayısı, alzheim qoca sayısında və.s çox artım var. Niyə? Çünki havaya atılan dəm qazı bir ildə 1 milyon tondan çoxdur ki, bunun da 80%-i Bakı-Abşeron zonasının payına düşür. Həmçinin, bundan iki dəfə çox tullantı dənizə atılır ki, buxarlanma zamanı uduruq, külək dənizdən bəri əsir. Tək dəm qazı deyil ki, başqa zərərli tullantılar da var ki, onları da nəzərə alsaq necə dəhşətli vəziyyətin olduğunu anlayarıq.

Bir şeyi də yaddan çıxardım, bizim benzinlərin oktan ədədini artırmaq üçün əvvəllər qurğuşun qatılırdı, indi də deyirlər dəmir qatılır. Kimyaçı deyiləm dəqiq bilmirəm, amma havaya buraxılan qurğuşunu təsəvvür edin, o qurğuşun ki birbaşa beynin fəaliyyətinə təsir edir.