Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Feb 23, 2010

“Almalı Market” Almasız Qalıb

Adam böyük marketlərə niyə girər və hansı hallarda girər?

1. Adam almaq istədiyi mallara toxunmaq, onu rahat-rahat fikirləşib seçmək və alışverişin axırına yaxın fikrini dəyişsə geri qoymaq imkanı olduğuna görə.

2. Siyahısı uzun olar və bunlar ətdən-coraba qədər dəyişər, o adam da əlli yerdə ayaq saxlayıb “qardaş sizdə qatıx Pal var?” demək istəməz, girib marketdən PalSüd qatıq və ya Empro qatıq alar. Sonra da keçər corab alar. Axtardığı hər şeyi orada tapmaq istəyər.

3. Daha çox çeşid axtarar, uşaq yeməyinin ancaq bir növünü satan yerə girmək istəməz (son dövrlər uşaq yeməkləri çox axtardığıma görə nümunə də təbii olaraq ordan gəldi).

4. Yolunun üstündə olar, ayaqüstü girər

5. Hər gün bazarlıq imkanı yoxdur, həftədə bir dəfə girər bütün həftəliyi alar çıxar. Amma, çörəyi həftəlik almaz!!! Həftəlik bütün ehtiyacını bir yerdən alar (əslində 2 və 3-cü maddələrin davamıdır).

6. Digər səbəblər........

Almalı marketlərdə bunların hansı təmin olunurdu? 1-ci maddədən başqa heç biri.

Ona görə də noldu? Almalıda çörəkdən başqa almağa heçnə yoxdur və Almalı marketlər iflas olurlar. Niyə hələ də tam bağlanmayıb başa düşmədim. İnşallah batmazlar, zəhmət çəkilib, investisiya qoyulub, insanlar oradan maaş alır, ailə saxlayırlar.

Digərlərimiz isə gərək azca da olsa dərs çıxaraq. Biz market işində deyilik, amma müştəriyə də gərək servisə gələndə həm maşının yağını dəyişmək, həm qapısının əziyini düzəltdirmək, həm də yuduzdurub-təmizlətmək imkanı verək. Ən balaca dərs bu idi mənim üçün.

Feb 13, 2010

Halva və Mollanın Yeri

Bugün Könül xanım halva yeyəndə, halvadan söhbət düşdü. Sonra da Molladan.

Sonra da ağlımıza gəldi bu ikisinin də mövqeləndirilməsi (positioning) pisdir.

Bu halva yaxşı şeydir, yeməli şeydir. Çox adam var ki, bunun yas yeməyi kimi bilinməsinə etiraz edir, çünki bu onun ürəyi istəyəndə halva yeməsinə mane olur. Molla da onun tayı. Hərçənd Mollaların durumu biraz daha fərqlidir, onlar halva kimi deyil, dili var, ağzı var, beyni var və o beyin işləyir.

Halvanın məsələsi belədir ki, çıxsa bir dənə yaxşı şirniyyat sektorundakı şirkət, bu halvanı qutulaşdırsa, genişləndirsə (extension), onun yerini yas məclislərindən götürüb birinci mərhlədə adi süfrələrə gətirsə, sonra da lap lazım olsa Türk mətbəxində olduğu kimi yeməkdən sonrakı şirniyyat kimi təqdim etsə işlər düzələr, həm pul qazanar, həm də əməllicə xeyirxah iş görmüş olar.

Mollaların məsələsi isə qəlizdir, gərək burda birinci başlayasan product management-dən. Mollaların özlərini əvvəlcə bir düzəldəsən (hamısı haqqında danışmıram səhvim varsa haqqlarını hala etsinlər), özlərinə gərək başa salasan ki “Molla” əslində alimdir, İslam bilgisi yüksəkdir, həyatını dinin əsasına görə yaşayır. Mollaları saf-çürük edəsən ki, bunları da qəbirstanlıqdan çıxarıb çay süfrəsi ətrafına gətirə biləsən. Yəni ki, elə edəsən ki, onlar da halva kimi yasa aid yox, həyatın özünə aid anlayışlar olsunlar. Tabutu nə etsən də, “ölümdən” ayıra bilməzsən, amma molla əminin dərin, maraqlı, faydalı söhbətlərini hökm deyil ki, yas mağarında dinləyəsən. Adam halvalı, şokaladlı, mürəbbəli çay süfrəsi arxasında da irşadla, nəsihətlə, Allahı anlatmaqla məşğul ola bilər və inanın mənə bu cəmiyyətimizin çox yaralarının düzəlməsinə köməkçi olar.

Bir dənə də rebranding halva və mollaya lazımdır!

Banklar aradan çıxsaydı, onlara da vaxt çatardı!

Feb 5, 2010

Toyota Əfsanəsinin Sonu

Sizcə başlığın axırına sual işarəsi qoymalı idim yoxsa yox?

Toyota illərdir biznes dünyasında az qala bütün sahələrdə nümunə kimi göstərilən şirkətlərdən və markalardan biri idi. Şirkət olaraq dünyada özünəməxsus idarəetmə və istehsal fəlsəfəsi ilə seçilirdisə (eyni zamanda marka yaratması), marka olaraq toyota çox təmiz və çox güclü mövqeyə sahib böyük bir əfsanə idi.

Markanın bütün dünyada “dözümlü, dayanıqlı, etibarlı” imici vardı, ikinci əl dəyəri ən yüksək olan marka idi (və ya ilk 3 markadan biri idi) və marka dəyəri də Interbrand-ın siyahısında avtomobil bazarında birinci idi. Daha doğrusu hazırda da birincidir. Ancaq, indi son 20 gündür bütün mediada onun bu gücü saxlaya bilməyəcəyindən bəhs edilir.

Səbəb isə artıq müştırilərin markaya qarşı olan inamının itməsi kimi göstərilir.

Yazılanları yəqin ki oxumusunuz ona görə də mən təkrar etməyəcəm və öz fikrimi bildirəcəm. Ancaq, başdan onu deyim ki media nə yazırsa yazın Amerikada yaşmayan birisinin durumu tam analiz etməsinin çətin olduğunu fikirləşirəm. Shared Folders hər halda ordakı vəziyyəti anlamağa kömək edər.

Mənim şəxsi fikrimcə necə olacaq? Tyson haqqında həmişə deyilir ki, James “Buster” Douglas-a məğlubiyyət onu göstərdi ki, Tysonu məğlub etmək olarmış və ondan sonra digər boksçuların üfüqlərinə Tyson yer almağa başladı.

Toyota, böyükdür, hörmətə laiqdir və doğurdan da etibarlı maşındır. Mən fikirləşirəm ki, Toyota bu vəziyyəti lehinə çevirəcək və məncə etibarlılıq adına əvvəlkindən də çox inam əldə edəcək. “Biz milyard dollarlar itirdik, ancaq müştərilərimizin başı dərdə girməməsi üçün əlimizdən gələni etdik” deyəcək. Ancaq, o Tyson kimi bir dəfə artıq yara aldı, bundan sonra yenə yırtıqlar olacaq və Toyota onları yamamağa çalışacaq.

Toyota mən onsuz da çoxdandır fikirləşirəm ki yerini VW Group-a verəcək. Toyota dizaynda rəqiblərin çox gerisindədir, xeyli gerisindədir. İçərisində istifadə olunan material keyfiyyətində və işçiliyində çox problemlər var. Hybrid texnologiyadan sonra isə çox böyük innovasiyaya imza atmayıb. Full electric maşınlarda Nissan, Hyundai, GM və hətta BYD daha çox üzdə görsənirlər.

Qısası, məncə Toyota yaxın 5 ildə yerini VW-yə verəcək, ancaq o həmişə ən böyüklərdən biri olacaq! Doğurdan da böyük şirkət, böyük kültür və böyük markadan bəhs edirik-TOYOTA!