Neçə gündür Koreayadaydım. Daha doğrusu yarı aeroportlarda, yarı Koreayada. Bu ikinci səfərimdir Koreyaya. Bu səfər ancaq Seul və Seul ətrafında oldum. Bahalı şəhərdir və heç sevmədiyim yeməkləri var. Neçə gündür dəniz məhsulları yeyirəm, bir dəfə dana ətindən kabab yeyəsi olduq, onu da onlar çiy yeyirlər, mənim isə bişirməyə həvəsim olmadı deyə yeyə bilmədim. Ümumiyyətlə, yeməklərinə alışmaq üçün mənə xeyli vaxt lazımdır. Bircə dənə supları vardı, hansısa meyvədən bişirmişdilər, o yaxşı idi. Ondan başqa, təsəvvür edin ki, yeyiləsi ən yaxşı şey sushi və böyük xərçəngin ayaqları idi (xərçəngin ayaqlarını kəsməyin dərdi olmasa, yemək o qədər də çətin deyilmiş).
Kanada, Avstraliya, Ekvador, Peru, Kolumbiya, Slovakia, Xorvatiya, BƏƏ, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Filippin, Sinqapur, İndoneziya yadımda qalan iştirakçı ölkələrdir. Təcrübələri paylaşmaq çox gözəl idi. Elə ölkələr var idi ki, ildə 60 minə qədər maşın satırdılar. Onların Marketinq strukturları, ümumiyyətlə şirkət strukturları və.s çox maraqlı idi. PR ilə əlaqəli görüş olduğuna görə, söhbətlər də təlim vaxtı ondan olurdu, ancaq ümumiyyətlə hər şeydən danışırdıq. Hyundai Motor Company-nin PR Team-i ilə söhbətlər çox maraqlıdır. Bir nəfər var idi ki aralarında işi bütün gün oturub jurnalistlərin suallarına cavab vermək idi. Bir də maraqlı olan nədir? Bunlar “quş buraxmamalı” olduqlarına görə, şirkətin planları və fəaliyyətləri haqqında bir dənə də olsun, nəinki jurnalistlərə, heç bizə də onlara deyiləndən artıq heç nə demirdirlər. Məsələn: Rəhbərlik bunlara deyib ki, mediyaya deyin ki, Genesis premium marka kimi ortaya çıxmayacaq. Mən bunu soruşduqda “yox qətiyyən” dedi. İndi mən də, “yox qətiyyən” deməliyəm, çünki HMC-nin Azərbaycandakı üzlərindənəm. Təlimdə o boyda söz deyilib bizə, desəm ki, bilmək olmaz bəlkə də Genesis premium marka oldu, elə ilk andan bır sıfır geri düşmüş olaramJ. Chaz Lee (HMC Overseas Marketing Director) ilə söhbət isə hər halda bütün səfər içərisində ən faydalı hissə idi mənim üçün. Chaz Lee, ilə Xorvatiyada tanış olmuşduq, bir saata qədər maraqlı söhbətimiz alınmışdı. İndi uzun olmadı, amma adam o qədər dərindən girib ki işin içinə, dediyi hər sözdə nəsə axtarıb tapmaq olur. Karizması və idarəetmə qabiliyyəti çox yüksəkdir.
Səfərin ümumiyyətlə ən maraqlı hissəsi isə, Namyang R&D Center-i gəzməyimiz oldu. Təsəvvür edin, mənim kimi avtomobillər və avtomobil sektoru ilə bu qədər maraqlanan adam üçün ora getmək nə demək idi. İnanılmaz gözəl idi. Hər tərəfdə kamuflajlı maşınlar, test maşınları, pilot zavod, mühərrik inkişafı və istehsalı, sürət pistləri, müxtəlif yol testləri, FCEV development center. Yeni Sonatanı, Yeni Tucsonu, Yeni Optimanı, Kia-nın B sinfində bazara çıxaracağı yeni modeli (Heç bəlkə də KIAlının bundan xəbəri yoxdur, muştuluq məndən) gördüm. Yeni Sonata hər halda, gələn ilin ən böyük səs-küyünə səbəb olacaq avtomobil dünyasında. Yeni Tucson isə, sinfində artıq əməlli başlı rəqabət hazır maşındır (Həmçinin eyni platfromda hazırlanan Sportage). FCEV Tucson sürdüm, Genesis Coupe sürdüm (205 sürət ilə), EQUUS sürdüm, bunların hərəsinin öz yeri var idi, sadəcə maşın testi deyildi.
Zavodda isə maraqlı olan eyni anda Sonata ve Grandeur-un bir istehsal xəttində yığılması oldu. Sən demə, burada eyni anda 4 fərqli model bir xəttdən yığıla bilirmiş ki, bu da dünyada 2-3 zavodda mümkündür sadəcə.
Nəysə, səfər başdan ayağa yaxşı keçdi. İndi də Dubai aeroportundayam. Eve çatmaq üçün burnumun ucu göynəyir.
Son 2 gündə yaşadıqlarımı Allah bir də yaşatmasın. Amin!