Statistika haqqında min söz deyilsə də, onsuz olmur. Əgər bir iqtisadçı statistikaya əsaslanmadan danışırsa, deməli üfürür. Bu demək olar ki, hər ixtisas sahəsinə aiddir. Tarixçi də rəqəmlərlə danışmalıdır.
Mən həmişə fikirləşirdim ki, hər halda dünyanın ən mənasız peşə sahibləri Futbol Şərhçiləridir (axşamlar bir yerə yığışıb hansısa oyunu və ya oyunçuları tənqid edib, məşqçilərə ağıl öyrədənlər). İndi-indi başlamışam qəbul etməyə ki, yox həmişə haqsız olmurlar və işə yarayan peşələri var.
Bizim ölkəmizdə də, ən böyük çatışmazlıq statistikanın olmamasıdır ki, bu da düzgün analiz aparma imkanını əldən alır. Ona görə də, heçbir sektor haqqında düzgün analizlər çıxmır ortaya. Ən dəqiq statistikaların aparıldığı və qanunların ən yaxşı tətbiq olunduğu bank sektoruna aid rəqəmlər də, hətta finansçıların dediklərinə görə dəqiq analizlər aparmaq üçün yetərsizdir. Belə olan halda, kim necə çıxsın ortaya dəqiq analizlər etsin?
Bu doğurdan da böyük problemdir. Bir ölkədə sektor haqqında nisbətən də olsa müstəqil bir medianın və ya şəxsin rəqəmlərə əsasən analizləri və fikirləri olmasa və onun da statistikaları düzgün olmasa fikirlər üst-üstə heç vaxt gəlməz.
Bizim Azərbaycan internet saytları statistikanı verə bilmirlər və ya vermirlər. Bunu isə heç başa düşmək olmur. İnternet, statistikanın aparılması üçün ən yaxşı imkanlara malikdir. Radio, TV, Jurnal, Qəzet, Outdoor reklamları və.s elədir ki, rəqəmlər reallığı əks etdirməyə bilər, başda tiraj olmaqla. Amma, İnternetdə axı hər şeyi hesablamaq mümkündür.
Girin bir Azərbaycanın ÜDM-ni, 2008-ci il adambaşına düşən ÜDM, 2009-cu il ticarət balansını, 2005-ci il milli gəlirlərini və.s GOOGLE-da axtarın. O qədər fərqli rəqəmlər çıxır ki, nəyə inanasan bilmirsən.
Ankarada PhD (doktorantura) oxuyan birisi var idi, Azərbaycanlı. Doktora tezində Gürcüstan, Ermənistan və Azərbaycan haqqında bəzi statistik məlumatlara ehtiyacı var idi. Bu adamın tez müdafiəsində, ən az statistik məlumatlar Azərbaycan haqqında idi və buna görə ağır tənqidə məruz qalmışdı.
Niyə rəqəmlərə bu qədər düşmən xalqıq başa düşmürəm (bəlkə də xalqla heç əlaqəsi yoxdur və ya xalqın düşmənçiliyinin əsas səbəbi elə savadsızlıq və təhsil problemləridir).