Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Jun 10, 2008

Avtomobil sektorunda dava-dalaş və İnformasiya Qıtlığı

Autograph jurnalının 2-ci sayında (No 2 (33)2008) 68-ci səhifədə 2007-ci ilin yekun nəticələri əsasında Azərbaycan avtomobil sektoru haqqında məqalə dərc olunub. Müəlliflərin hər ikisini tanıyıram, həm Zəka bəy, həm də Ruslan bəy avtomobil mövzusunda çox dərin biliyə sahibdirlər. Yazdıqları məqalə də, ümumiyyətlə bazar haqqında fikir formalaşması üçün çox yaxşıdır. Azərbaycanda statistikaya hamı "nifrət" etdiyi üçün, onlar da deyəsən bazi məlumatlarda yanılıblar. Ancaq, başdan deyim ki, yanılma payları proqnozlarda xeyli müzakirəyə açıq olsa da, real nəticələrdə reallığa çox yaxındır.

Day.az forumda da KIA rəsmisi ilə jurnalın rəsmiləri arasında çox gərgin mübahisə gedir. Deyəsən indilərdə biraz sakitləşib ara. Məsələ burasındadır ki, KIA Autograph-ın verdiyi rəqəmlərlə razılaşmır. İddia edir ki, onlar KIA-nın rəsmi satışlarını az göstəriblər. Buradan açıq etiraf edim ki, KIA əgər onlar satdıqlarından "əmin" olsaydılar, onda KIA informasiyanı dövlət əhəmiyyətli məlumat hesab edib, gizlətməzdi, özünü də "MTN" hesab etməzdi. KIA hətta avtomobillərin option-larını da gizlədir. Bu dünyada ancaq KIA-da baş verir. Nəysə, mənim mövzum KIA deyil, avtomobil bazarıdır. Ötən il Azərbaycanda 681 ədəd KIA satılıb, ayda 56 avtomobil deməkdir. İndi hərə özünə görə müqaisə etsin.

Başda qeyd etdiyim kimi, statistik məlumatlar bizim ölkəmizdə çox böyük problemdir. Məsələn, avtomobil.az jurnalının məlumatında Azərbaycanda hər min nəfərə 63 avtomobil düşdüyü qeyd edilir (Statistika Komitəsinə əsaslanıblar), Autograph isə 80 avtomobildən bəhs edir.

Autograph-ın bütün yazdıqlarını buraya köçürə bilmərəm, maraqlanan adını çəkdiyim nömrəni alıb oxuya bilər. Maraqli iki məqam var; birincisi odur ki, hələ də Lada 12010 ədəd satışla bazarda ikinci sırada olan HYUNDAI-dan xeyli irəlidədir. Burada maraqlı odur ki, 2, 3 və 4-cü sıradakıların satışlarının cəmi yenə Lada satışlarından azdır. Ötən ilə müqaisədə 9.5% artım var, ancaq yenə Autograph-ın məlumatına görə bazar 2006-cı ilə nisbətdə 20% böyüyüb,deməli Lada 10% kiçilib. Digər maraqlı məqam isə, premium markalar və işlənmiş avtomobillərlə əlaqədardır. Audi-nin satışları azalıb (kaş özüm olaydım), Mercedes Grey Importla bilmir necə mübarizə aparsın (bu doğurdan da çətindir), BMW məlum səbəblərə görə Mercedesdən xeyli çox satıb, ancaq "BMW bu yolların maşını deyil, elə buranınki Mercedesdir" sözünü işlədənlər də BMW satışları artdıqca çoxalır. Mercedes, BMW, AudiLexus (Lexus-un hələlik rəsmi nümayəndəsi yoxdur) arasında dünyada gedən çox maraqlı rəqabət, hələlik bizim bazarda çox da dərin deyil. Sağlam rəqabət olsa və distribyutor haqları qorunsa, bu bazarda Mercedes lider mövqedə yerləşər bu illərdə. Gələcəyini bilmək olmaz, yollar düzələn kimi, yerlər də dəyişə bilər (bu biraz zarafat oldu, ama həqiqətən də yollar rəqabətə təsir edir).

Autograph-ın məqaləsində məni ən çox təəccübləndirən Santa Fe-ni öz sinifində ən çox satılan model olaraq təqdim edib, altında də rəqib olaraq Murano və Touareg-i göstərmələri oldu. Digər böyük təəccübüb isə Toyota Corolla-nı İran Khodro Samand və Daewoo Nexia ilə eyni sinifdə gördükdə oldu. Müəlliflər ancaq uzunluqları nəzərə alıblar hər halda.

Mən hələlik çox az yazdım, əgər ehtiyac olsa hər markaya toxunacam, az-az da olsa. İnformasiya qıtlığı bu dövrdə bu qədər də olmaz axı. Bilmirsən güləsən, yoxsa ağlayasan.

Hamımız məlumatlarımızı düzgün versək, hamımız da düzgün məlumat öyrənərik, sonra da dava qırğın olmaz.

11 comments:

Anonymous said...

Salam
Blogunuzu çoxdan oxusam da, ilk comment-i indi yazıram.
Fikrimcə siz mövzunu daha da inkişaf etdirə bilərsiniz, Autograph-ın statistik məlumatları əvəzinə özünüz qeyd etdiyiniz kimi bizim bazarda baş verənləri, onun xüsusi cəhətlərini və ayrı-ayrı firmaların rəqabəti üsullarına toxunsanız məncə ötəri qat-qat daha maraqlı olardı.
Yolların keyfiyyəti və rəqabətlə bağlı fikriniz çox xoşuma gəldi.
Mövzunun inkişafını səbirsizliklə gözləyirəm.
Hörmətlə

Rüstəm Məmmədov said...

Əvvəla xoş gəldiniz Nurəddin. Mövzunun davamını ənşallah səfərdən qayıtdıqdan sonra yazacam. İnda başqa ölkədəyəm...

Sizin bloga baxdım. Əla! Təbrik ediərm. Mən də XİQ-in ilk məzunlarındanam.

Bütün XİQ tələbələrinə də yeri gəlmişkən salamlar...

Vüsal Qəmbərov said...

Rüstəm qardaşım başqa ölkə haradı ki? :)) Almaniyadasan da uzağa getməmisən ha :)

Santa Feni Murano, Khodronu da Corollaya rəqib olmaq münasibətilə təbrik etmək gərək :)

Bu arada Nurəddin də xoş gəlibdi. Mən də gedib baxdım bloguna. Amma bir şeyə qarşı nəyi var, yarı əsəb, yarı üzüntü, yarı təəssüf bir hiss keçirdim. Şərh yazan (deməli danışıqda da) tələbələrdə ingiliscə söz işlətmək meyli. Həm də qorxuducu səviyədə... Üzücüdür...

Anonymous said...

Vüsal
mən mövzudan kənara çıxaraq hörmətsizlik eləmək istəməzdim, amma bir qeyd eləmək istəyirəm. Mən, elə qrup yoldaşlarım kimi təhsilimizi ingilis dilində alırıq, işlətdiyimiz ingilis sözlərinin böyük əksəriyyəti terminlərdir. Azərbaycanca iqtisadiyyat kitablarının vəziyyətindən hər halda xəbərini var, əgər hər hansı iqtisadi İngilis-Azərbaycan lüğəti göstərə bilsəydiniz, məmnuniyyətlə ondan istifadə edərdim. Mənim fikrimcə, bəzən bəzi terminlərin tərcüməsi tapılmayanda və əlacsızlıqdan əvəzində gündəlik ədəbiyyatda oxunulan dildən istifadə ediləndə, bu böyük qəbahətli hal kimi qarşılanmamalıdır.
Danışıqda isə, Rüstəm də vaxtı ilə XİQ-da oxuyub, hər halda o dövrdən nəsə dəyişikliklər olub amma əminəm o da təsdiq edə bilər ki, gündəlik danışığa təsiri böyük deyil.

mövzudan çəkildiyimə görə üzr istəyirəm.

Vüsal Qəmbərov said...

Nurəddin bəy, Mən sizə "sən" deyə xitab etdim mi? Baxmayaraq ki 7 yaş böyüyəm.

Söhbət 7-8 tələbədən getmir. Hara getsəm bu halla qarşılaşıram. Və bu üzücüdür. Çox üzücü. Allah kömək olsun.

Xətrinizə dəydimsə üzr istəyirəm. Amma biraz diqqətli olmaq lazımdır.

Siz Azərbaycan iqtisadiyatının gələcəyini yönlədirəcək insanlarsız. Terminlərin istifadəsi marketinqçilərin də yaralı yeridir. Amma uğurlar əvəzinə congrat"ı qəbul edə bilmərəm.

Hörmətlə,

Anonymous said...

deyəsən mübahisə başlayır, ən az istədyim bu idi.

Mənim "sən" deyə müraciət etmək fikrim yox idi, diqqətlə baxsanız görərsiniz ki, mənim "z" hərfini yazmaq yadımda çıxıb və "i" hər halda orada var. Sonrakı cümlələrimdə mən "siz" ilə müraciət etmişəm. Heç bir halda hörmətsizlik eləmək istəmirəm, mən yalnız yoxlamamışam və bu orfoqrafik səhvdən başqa bir şey deyil, düymələrlə səhv hər kəsdə olur.
Müraciətdə yalnız adınızı yazdığım görə üzr istəyirəm.

Uğurlar əvəzinə congrat deməyinizlə nəyi nəzərdə tutduğunuzu gözəl başa düşdüm. Amma, hər halda öz ətrafımdakıların adından deyə bilərəm ki, gündəlik ünsiyyətdə ingilis sözlərindən "əlacsız" vəziyyətlərdən qıraq istifadə olunmur.

Hər halda bu mövzu onsuz da demək olar ki olmayan tanışlığımızı pozmağa dəyməz, mən sizin nə demək istədiyinizi başa düşdüm və ümid edirəm ki, siz də öz növbənizdə mənim reaksiyamın səbəbini anlayacaqsınız.

Hörmətlə

Vüsal Qəmbərov said...

Mübahisə filan başlamır. Fikir eləməyin. Tanıyanlar bilir, konflikti sevmirəm. Başlamamış tanışlığı pozmaq heç deyil. Qayıdanda XİQə mütləq baş çəkmə qıcığı yaratdı məndə. Onsuz da orayla bağlı planlarım var ;) Sizlər məzun olana kimi inşallah.

Amma dil məsələsi axırda bizi ya birləşdirəcək, ya da parçalayacaq. Yaxında blogda bu barədə yazacam. Onda müəyyən mənada fikirlərimi izah edə biləcəm.

Rüstəmdən üzr istəyirəm ki, mövzunun müzakirəsi əvəzinə Nurəddinin reaskiyasına səbəb olan şərh yazdım. Yoxsa ki, bu söhbətin nələrə vəsilə olacağını düşünəndə məyus olmağa dəyməz.

Azərbaycanın bütün savadlı gənclərinə eşq olsun!

Vüsal Qəmbərov said...

Elə yazıda "Ə" hərfini istifadə etməyiniz özü müsbət bir haldır. Yaxşı olacağına ümidimi saxlayıram. Neyləyək? Əldən nə gəlir?

Şəxsinizə qarşı heç bir şey yox idi. Bundan əmin ola bilərsiz. Bunun üçün mak.az`ın forumuna daxil olmaq kifayətdir. Biraz da müşahidə etmək təbii ki :)

Rüstəm Məmmədov said...

İkinizə də salamlar. Müzakirəniz mövzudan daha əhəmiyyətli məsələ üstündə getdiyinə görə, heç də narahat olmadım buna görə. Əslində mən də, ilk dəfə şərhlərə baxanda həddindən çox ingilis sözlər görməyimə çaşdım. "Həddindən çox" ona görə deyirəm ki, hətta gündəlik həyatda dediyimiz sözlər də ingiliscə yazılmışdı. Buna görə Nurəddinin bizdən inciməyini də qəbul edə bilmərik ki, çünki Nurəddin özü də bizimlə həmfikirdir. Mən bilirəm ki, danışıqda istifadə olunmur. Özüm də oralardan gəlmişəm. Ancaq, yenə də daha diqqətli olaq. Ən başda da mənə aiddir!

Mövzu haqqında da, onu deyə bilərəm ki, əslində yazılmalı mövzudur:) Yuxarıdakı yazıda isə daha çox müzakirə məqamı tapmaq olar...

Hörmətlə,

Vüsal Qəmbərov said...

Müzakirə məqamları nəyi deyirsən bilmədim Rüstəm. Söylə müzakirə edək. Amma bir qeydim var. Bu sənin ən sistemli və fikirlərin bir ardıcıllıqla yazıldığı yazılarından biridi. Bu pis və ya yaxşı olmaq deyil ha. Yəni öncəkiləri pisləmirəm. Demək istədiyim odu ki, sənin o alovlu stilindən çox soyuqqanlı bir yazı olub. Bilmem anlata bildimmi? :)

O məqamı gözləyirəm. De müzakirəyə keçək :)

Rüstəm Məmmədov said...

"Əvvəlki yazıların pisdir" desəydin, yenə normal qəbul edərdim. Sistemli olub, çünki öz dərdimi yox, başqasının problemini yazmışam.

Yazıda maraqlı məqam olaraq informasiyanın verilməsindəki problemi, Mercedes, Audi və BMÜ arasındakı mübarizənin bizim bazaradakı vəziyyəti və.s ola bilər. Ancaq, bu qalsın sonraya, bəlkə o mövzuda ayrıca yazı yazdım.

Hörmətlə,