Uzun müddətdir işlər əməlli başlı gərgindir, üstünə də mənim işdən əlavə problemlərimi gələndə, təsəvvür edin vəziyyəti!!!
Aygün və sonra da Vüsalın PR məsələsinə toxunmaları, daha doğrusu geniş yazmaları və hər ikisinin də çox səsküyə səbəb olması, mənim hər iki yazıda da propoqandaya ilişib qalmağım, axırda gətirib çıxardı bu yazıya. Propoqanda və PR haqqında heçbir fikir bildirməyəcəm, çünki şərhlərdə uzun uzun yazmışdım bunları.
İş məni artıq çox sıxır, daha doğrusu burda həyat məni sıxır və sıxılmayacağım bir yerə getmək istəyirəm. Buna ümumiyyətlə iş sektorundakı mühit də təsir edir. MAK-da çox müzakirə olunur, bloglarda müzakirə olunur, hər dəfə görüşəndə kiminləsə bu məsələ müzakirə olunur. Azərbaycanda iş mühiti pisdir. Bu pisliklər təkcə, istənilməyən müdaxilələr, istənilməyən iş şəraiti, rəqabətin qeyri-sağlam olması, ümumi elmi səviyyənin aşağı olması, sistemin düzgün işləməməsi səbəbilə deyil, eyni zamanda etikaya aid bəzi çatışmazlıqların olması ilə əlaqədardır. Bu mövzuda əgər müzakirə açılsa nələr danışılar, nələr deyilər Allah bilir. Münasibətlər əsasında bunlar olduğu kimi, şirkətlərin bir birinə qarşı apardığı mübarizə də elə bu qəbildəndir. Bu blogu açdığım gündən maksimum səviyyədə çalışmışam, Azərbaycan avtomobil sektorundan yazmayım. Yazdığım yazılarda da, ya əlimdə olan bəzi rəqəmlərə görə təhlilə bənzər bir şey yazmışam, ya da var olanı yazmışam, fikirlərimi qatmamağa çalışmışam. Çünki, özüm bu sektordayam və yazılarımda tərəfsizliyimin müzakirə olunmasını istəmirəm. Hərçənd ki, yazdığım bir yazıya görə elə öz iş yoldaşlarım məndən incidi. Tənqid, özü də biraz haqsız tənqid, özümüzə idi. Ancaq, bu dəfə istədim biraz toxunam.
İki gün əvvəl kiçik bir analiz üçün KIA-nın rəsmin nümayəndəliklərindən birinə girdim. Bu arada ürəyimi də açım boşaldım ki, KIA müştəriyə nəyin verilib nəyin verilə bilməyəcəyini də bilmir, satış rəqəmlərini onsuz da hamı gizləyir, bunlar modellərin spesifikasiyalarını da gizlədirlər!!!Buna nə deyirlər özünüz bilin artıq! Nəysə...Satıcıdan KIA Optima modelinin neçə fərqli variantda təklif olunduğunu, fərqlərini və qiymətlərini soruşdum. Mən də sırf söhbət olsun və bundan bir fikir qoparmaq məqsədilə "Qalmışam Hyundai SONATA ilə Optima arasında, siz bunları mənə verin mən bir yaxşı yaxşı incələyim" dedim. Satıcı cavan oğlan idi. Cavabını eynilə yazıram: "Məllim, mən deyim dəə sizə, Optima hara Sonata hara. Birincisi ona görə ki, bizim maşınlar SNQ üçün gəlir, onlarınkılar Euro4 gəlir, ikincisi bizim maşınların podveskası yüksəkdi, üçüncüsü də ki, biz rəsmi distribyutoruq, onlar dilerdi." Necə dedisə, gözüm çıxdı kəlləmə! Dedim "Ay qardaş, axı onlar da rəsmi distribyutordur". Cavab:" Yox məllim onlar ordan burdan gətirirlər, dilerdi onlar, Türkiyədən zaddan gətirirlər. Ona görə də qarantiyanı ancaq karobkaya verirlər". Nəysə, istədiyimi aldım, üstəlik əlavə də material topladım.


Yazını mən KIA ilə əlaqəli yazmağıma baxmayın, sözüm hamıyadır. Onssuz da monopoliya rəqabətə imkan vermir, onsuz da elə bir bazardayıq ki, hərgün əsəbləri korlayan işlərlə qarşılaşırıq, heç olmasa bəzi xırda qaydalara rəayət edək. Əgər rəqibinə qarşı bir təbliğat başladırsansa, bunun etik tərfəini də biraz da olsa gözlə. Bu işdir, iyrənclik, pislik və yalanla dolu siyasət deyil. Siyasətdə onsuz da, insana aid dəyərlərdən heçbirinə yer yoxdur, yer olan siyasətçiyə isə iqtidar yoxdur!
Bu yazı nə PR haqqındadır, nə də Propoqanda. Amma, istəyirsiniz bir cümlə ilə fikrimi yazım: Mən PR haqqında deyilən "qara" rəngini qəbul etmirəm, "qara PR" deyilən anlayış, elə Propoqandadır. Amma, 99% əminəm ki, bu mənim qanmazlığımdandır, çünki bunu məndən başqa bütün dünya qəbul edir.
BusinessMAN ol, ya da BusinessWOMAN, BusinessADAM olmayandan sonra.......