Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Jan 14, 2008

Hesab Bilməyən Turist və Azərbaycanda Turizmin İnkişafı

Country of Origin Effect mənim başıma dərd olduğu üçün elə hərlənib fırlanıb gəldim bizim ölkəmizə bu aspektdən baxmağa. Bugünə qədər aparılan yüzdən çox elmi araşdırma nəticəsində məlub olub ki, ölkələrin imiclərinin o ölkəyə aid malların imiclərinə təsiri, müştərilərin satın alma meyllərinə təsiri, marka imicinin formalaşmasına təsiri və.s vardır. Marka qiymətinin (Brand Equity-mən bu sözü Azərbaycan dilinə tərcümənin başqa variantını tapa bilmədim) bu qədər çox müzakirə olunduğu müasir dövrdə ölkələrin imiclərinin bu dəyərə təsiri də əlbətdə çox müzakirə oluna bilər. Mən bu movzuya çox girmək istəmirəm, ürəyim doludur girsəm çıxa bilməyəcəm buradan. Ancaq, onu deyim ki, bu sahənin məşhur mütəxəssisi Papadopoulos “Hamı McDonald`s-ın marka dəyərindən danışır, bəs görəsən Almaniya markasının dəyəri nə qədərdir?” deyə bir fikir verir insana.

Ölkə imiclərinin formalaşmasına isə təsir edən amillərdən biri (digərlərinə ehtiyac olsa sonra toxunarıq, hələlik biri bəsdir) o ölkə insanının davranışları, əxlaqi mənəvi keyfiyyətləri, başqa xalqlarla münasibətləridir. Yəni, bir Azərbaycanlının Almaniyada hər hansı bir formada nümunəvi hərəkəti ölkəmiz adına çox vacib bir xal qazandırır. Sterotiplərin məhz bilgi azlığı şəraitində daha təsirli olduğunu da fikirləşsək, onda bunun təsirini daha da əhəmiyyətli hesab edə bilərik. Azərbacanlı bir iş adamının əməkdaşlıq etdiyi xarici bir firma ilə münasibətlərinin yaxşı olması, etibar qazanması başqa bir Azərbaycanlı iş adamı üçün üstünlüklər, imkanlar yaradır. Burada söhbət başqa xalqaların bizim xalqla münasibət qurma meylindən gedir. Əslində bu məsələ çox sadədir. Hamımız “Yaponlar çox dəqiq insanlardır”, “Əşi Albanlara da etibar etmək olar?, Fırıldağın yekəsidirlər”, “Ruslarla iş görmək olar, heç olmasa dəqiq, etibarlı adamlardır” mənasında sözlər eşitmişik.

Mən istəyirəm ki, dünyanın bütün ölkələrində bizim xalqımız və ölkəmiz haqqında müsbət fikirlər olsun və bu belə ümumiləşsin. Bunu istəyən insan gərək özünü elə də aparsın. Əslində bəlkə də bunun fərqində olmadığımıza görə çox böyük xallar itiririk. Xaricə çıxan hər Azərbaycanlı, xarici ilə əlaqəsi olan hər Azərbaycanlı, özünü ölkə adına səfir yerində hesab etməli və məsuliyyəti dərk etməlidir.

Giriş çox uzun oldu, keçim mətləbə. Azərbaycanda turizmin inkişafı haqqında dövlət siyasəti və bu siyasətin reallaşması üçün qəbul olunan program var. Programın əsasını turistik zonaların inkişaf etdiriməsi və infrastrukturun yaradılması tutur. Azərbaycanda bunun üçün təbii şərait mövcuddur. Turistlər cəlb oluna bilər. Ancaq, infratsruktur hər şeyi həll etmir. Türkiyə Cumhuriyeti Başbakanı R.Tayyip Erdoğan “Benim görevim ülkemi pazarlamaktır” dediyinə görə marketingin nə olduğunu anlamayan insanlar və müxalifət tərifindən ləkələmək məqsədilə tənqid olunmuşdu. Çünki orada “Pazarlama” dədə babadan xoşagələn bir anlayış deyildi. Ancaq, bizim ölkəmizi həqiqətən də “pazarlayan”birinə ehtiyac var. Turizm sektordur. Bunun öz müştəriləri var. Tələbləri var. Xarici və yerli turistlər turistik yerlərdən əvvəla xəbərdar olmalıdır, sonra da məhz oranı seçib istirahət etməlidir. Əvvəla onu deyim ki, mən şəxsən hazırki vəziyyəti çox pis qiymətləndirirəm. Yerli turstin Antalyaya gedib bir həftə beş ulduzlu oteldə dincəlməyi Nabranda bir həftə dincəlməkdən ucuz başa gəlirsə xarici turist bura niyə gəlsin? İnfrastruktur hələlik pis vəziyyətdədir. Dənizin kənarında bir otel tikib, yaxşı restoranlar açıb, meşənin içərisindən də cığır açmaqla infrastruktur yaradılmır. Rəqabət üçün nəsə özünəməxsus bir təklifin olmalıdır. Fərqlənmə dediyimiz anlayış olmalıdır. Tursit niyə məhz Azərbaycanı seçməlidir? Qiymətlərimiz dəhşət yüksəkdir, bundan xəbəriniz var. Bilmirəm, bəlkə bizim hökümət çox pullu insanları cəlb etmək istəyir. Yüksək gəlir qrupuna xitab etmək istəyir. Ancaq, hətta belə olan halda da bunu bacarmır və bu gedişlə bacarmayacaq da. Azərbaycanın ölkə reklamı hazırlanmışdı. Hansı agentliyin hazırladığını bilmirəm. Ancaq, onu deyə bilərəm ki, diqqət çəkmək üçün heç də uğurlu deyildi. Demək olar ki, heç maraq oyandırmırdı. Ola bilər, bu hələ başlanğıcdır. Ancaq, turistlər üçün həqiqi mənada dəyər yaradılmırsa onda hətta dünyann ən yaradıcı reklamını da çəksən ancaq qısa müddətli təsiri ola bilər. Uzun müddətli, davamlı inkişaf təmin olunmaz. Çünki, hələlik ortada doğurdan da xarici bir turisti cəlb etmək üçün dəyər azdır. Turizm sahəsində də ixtisaslaşan ölkələr var; yay turizmi, qış turizmi, tarixi abidələr turizmi, dəniz turizmi və.s. Bəs bizim ölkə hansı sahədə ixtisaslaşacaq? Hələlik nə yay turizmində, nə də qış turizmində özünmüzə məxsus heçnə təklif edə bilmirik. Atılan ilk addımlardan da, “otel tikməklə hər şey düzələcək” məntiqinin hakim olduğunu hiss edirəm. Tarixi abidələr isə, elə yazıq günə salınıb ki, yazanda ürəyim ağrıyır. Başqa heçnə haqqında danışmağa ehtiyac yoxdur, hazırki vəziyyətdə əlimizdə olan ən gözəl və doğurdan da “yaşasaydı” özümüzə məxsus ən dəyərli abidələrdən biri sayılan İçəri Şəhərdə “içərilik” heçnə qalmayib. Bircə şəhirin içərisində olduğuna görə “İçəri şəhər” demək olar, yoxsa tarixilikdən əlamət axtarmaq üçün gərək yanında illuzyonist bələdçi ola ki, sənə buranın doğurdan da tarixi olduğuna inandıra. Yoxsa çətin. UNESCO-nun İçəri Şəhər haqqında “Biz tarixi abidələr siyahısında qoruma altına ala bilmərik” dediyini xatırlayın.

Belə getsə gələcəkdə ölkəni tanıtmaq və turist cəlb etmək üçün agentliklərə brif hazırlayanda “Hədəf kütlə: Hesab-kitab qanmayan, çox zəngin insanlar” yazmaq lazımdır. Mən indidən agentliyin cavabını yazım ki, sora gec olmasın; “Bizim araşdırmamızın nəticəsinə görə hesab-kitab qanmayan zəngin insan olmur”.

Ey hər qar dənəsini ayrı yaradan Allahım, bu qardan həmişə yağdır, həm heç olmasa havamız təmiz olsun, həm də Qusara süni qar yağdırmayaq, yazığın gəlsin bizə.

2 comments:

mismayilov said...

Rustem, helelik ne qeder az turist gelse o qeder yaxsidir. Cunku texmin edirem ki, son iller ve onumuzdeki 5 il Azerbaycana her gelen turist gelecek ucun itirilen onlarca turist demekdir. Ona gore de ne qeder az gelirler o qeder bize xeyirdir:)
Reklamin diqqet ceken olmamasina da sukur elemek lazimdir:)
Bunun ucun narahat olmaga deymez:)

Rüstəm Məmmədov said...

Düz deyirsen Müzeffer. Buraya gələn turistlərin gəldikləri yerdə "getməyin"deməklərindəndirsə heç gəlməməkləri yaxşıdır.

Əslində bəlkə də mənim bu yazdığımın marketinglə heç uzaqdan yaxından əlaqəsi yoxdur Müzəffər, ancaq sən özün də bilirsən, məsələ doğurdan da təkçə beş-on turistin cəlb edilməsində deyil, məsələnin kökləri daha dərindir və doğurdan da heç xoşagələn deyil. Təəssüf!

Digər tərəfdən də, bir infrastrukturun hazır vəziyyətə salinması da həll etmir problemi. Bir anlayış dəyişimi olmalıdır. dəyişməlidir. Yoxsa, tək turizm sahəsində deyil, bir çox sahədə çətinliklər yaşayacağıq. Sən özün yəqin Economic Intelligence-in yayınladığı "Boom and Gloom" məqaləsini oxumusan. İndi bəlkə də çox adam deyəcək ki, "onunla bu məsələnin nə dəxli var?", ancaq problemin kçkünə enəndə çox dəxli olduğu da ortaya çıxır. Sən özün işin içində olan adam kimi, məndən çox daha yaxşı bilirsən bu məsələni.

Hörmətlə,