Daş düşüb ;
-ona görə ki Marketingə reklam deyirik
-ona görə ki Marketingə PR deyirik
-ona görə ki Marketingə Satış deyirik
-ona görə ki, “Marketing tamam başqa şeydir, Satış tamam başqa” deyirik,
-ona görə ki Marketingə Satışın köməkçi funksiyası deyirik
-ona görə ki Marketingə malı birtəhər sırımaq deyirik
-ona görə ki Marketingə bazar araşdırması deyirik
-ona görə ki Marketingin dalına qabağına əlli dənə söz qoşub, sonra da qoşduqlarımızdan danışırıq, o özü qalır bir kənarda
-Ona görə ki, müştəri qalıb bir kənarda boynu bükük, biz guerilladan, virusdan, qaradan, radardan və.s danışırıq
-ona görə ki, “öz”dən yox, “sözdən” danışırıq
-ona görə ki, vasitələrdən danışırıq, məqsədlər qalır kənarda,
-ona görə ki, Marketingi müştərini aldatmaq üçün vasitə kimi istifadə edirik,
-ona görə ki, bizim şirkətlərimizin böyük əksəriyyətində Marketing “baş qatmaq üçün” şöbədir.
-ona görə ki,...... yazım yenə????
Bəsdir artıq, yazmasam da olar bunları, ancaq, ürəyimdən keçənləri yazmasam da olmur, partlayıram. Marketingi yuxarıda sadaladığım kimi, sıralayanları görəndə partlayıram. Marketing yuxarıdakılar deyil, onların bəzilərinin birlikdə ələ alınmasıdır və bəzilərindən isə fərsah fərsah uzaq bir anlayışdır. Şirkətlərimizdəki Marketing şöbələrinin acizliyinə baxanda “partlamamaq” olmur. Marketing birçox şirkətin struktur sxemində satış şöbəsinin altında köməkçi funksiya kimi işləyir və həmin şobənin işçiləri də nə etdiklərini bilmirlər və gördükləri işdən də bezirlər, çünki onlar heçnə düşünmürlər və ancaq şirkətin idarəçilərinin və Satışın dediklərini etməklə məşğul olurlar. Marketing şöbəsi, “Royal Express” rolunu oynayır. Verilən əmrləri yerinə yetirir. Düşünən şöbə deyil, icraçı şöbə olur. Bu isə Marketingin mahiyyətinə ziddir. Bu yazdıqlarımın bəlkə də, elə başda mən olmaqla Marketing işçilərinə aidiyyatı yoxdur,əsas hədəf şirkət sahibləri və idarəçiləridir. Bəlkə də, biraz emosionalam, ancaq haqlıyam. Marketing şöbəsinə ancaq reklam vermək və PR məqalələr yayınlamaq tapşırılırsa, onda atın bu şöbəni hara istəyirsiniz ora, atın Satışın altına,atın hətta Maliyənin altına, çünki vəzifəsi reklam və PR olan bir Marketing şöbəsini hara qoyursan qoy, heçnə dəyişmir-o, əmrləri yerinə yetirən işçilərin toplaşdığı şöbədir!!! Marketing hazırda dünyanın birçox şirkətində şöbə olaraq birbaşa General Manager-ə tabedir və ya CEO-ya tabedir. CEO olan şirkətlərin böyük əksəriyyətində CMO (Chief Marketing Officer) deyilən bir vəzifə olur ki, bu da birbaşa CEO-ya tabe olur. CMO bütün Marketing fəaliyyətlərini birbaşa kontrol və koordinasiya edən şəxs olur. Bu CMO, reklam vermək və ya PR-la məşğul olmaqla vəzifələndirilməyib təkcə. Onun vəzifəsi, müştəri qazanmaq, müştəriləri əldə saxlamaq və gəlirləri maksimuma çıxarmaq üçün atılmalı olan bütün addımları planlamaq, koordinasiya etmək, kontrol etmək, ölçmək və analizlərin nəticələrinə görə təkminləşdirici təkliflər hazırlanmasını təmin etməkdir. Mən özünü böyük hesab edən şirkətlərdən bəhs edirəm, böyük şirkət havasında olan hər şirkətə aiddir mənim yazdıqlarım. General Manager isə, birçox hallarda eyni zamanda Chief Marketing Officer kimi də hallandırılır ki, bunun da səbəbi onun bütün şirkət funksiyaları üzərində nəzarət və idarəetmə hüququnun olmasıdır. “Bəs yaxşı General Manager eyni zamanda, Chief Marketing Officer-dirsə, onda necə olur ki, Marketing şöbəsi birbaşa General Manager-ə tabe olur?” deyə soruşa bilərsiniz. Cavabı budur; Marketing Management işi ilə məşğul olan GM, digər bütün marketing işçiləri ilə birbaşa əlaqədə olmalıdır və onlarla birlikdə analiz və qərarlar qəbul etməlidir. Birdəfəlik bir anlayışı qəbul etmək lazımdir; şirkətin bütün fəaliyyətlərinin əsas məqsədi pul qazanmaqdır. Pul qazanmaq üçün də, hamınız mənimlə razılaşarsınız ki, müştərini məmnun etmək lazımdır. Qalxıb, mənimlə bu mövzuda mübahisə etməyin istisna hallar və cari bərbat vəziyyətdən, mən olmalı olandan danışıram. Mən “olanı” tənqid edirəm, olmalı olanı təklif edirəm.
Marketing şöbənizə “başınızdan etmək istədiyiniz” qohumlarınızı yığmayın, özünüzə yazığınız gəlsin. Səlahiyyət verin, etibarlı insanlar götürün işə və onlara şirkət fəaliyyətini düzgün öyrədin, öyrədin ki, nəyin necə olduğunu görsünlər və daha səmərəli necə işləmək mümkündürsə onu araşdırsınlar. Reklam vacibdir,onun öz elmi, öz üsulu, öz prinsipləri var və marketing şöbəsi bunu bilməlidir. Ancaq, onlar ancaq bununla məşğul olmamalıdır. Bu şöbənin müştəri ilə kobud danışan işçiyə birbaşa müdaxilə haqqı olmalıdır, yeri gəlsə elə yerindəcə, yeri gəlsə Satışın iclasında, yeri gəlsə ümumi iclasda! Amma, olmalıdır. Marketing şöbəsi texniki şöbənin məhsul planlamasından xəbərdar olmalıdır. Təsəvvür edirsiniz ki, bir çox şirkətimizdə Marketing şöbəsinə “Biz təzə qırmızı xiyar yetişdirmişik və siz buna bir reklam hazırlayın”deyilir. Qırmızı xiyarı yetişdirəndə bir soruşdunuz ki, “Ey bizim möhtərəm Marketologlarımız, bir araşdırın baxın görək bu qırmızı xiyarı alıb yeyən olacaq , yoxsa yox?”.
Marketingin başına daş bir də ona görə düşüb ki, bizə “qırmızı xiyar”reklam etdirmək, istəyənlərə başa sala bilmirik ki, “ay qardaş vallah billah bu xiyarın qırmızısını çətin ki, alan tapılar, heç bunun yaşılını yemirlər ki, hormonludur, qırmızısını kim yeyecek???”