XİQ-də dərs deyəndə də, DƏFTƏR-də yazılar yazanda da, teoriyaya çox girməyi xoşlamıram. Ancaq, bugün səhər Hito-Kane-Mono haqqında öyrənəndə, DƏFTƏR-də yazmaq istədim. Böyük ehtimal, Hito-Kane-Mono haqqında bu yazını oxuyanların və Marketinq oxuyanların heç olmasa 85%-nin xəbəri var. Sadəcə olaraq mən ya oxumuşam yadımdan çıxıb, ya da heç oxumamışam.
Deməli belə. Ümumiyyətlə 3C Modeli deyilən model var. Strategic marketing dərslərində adətən keçilir. Model Kenichi Ohmae tərəfindən tərtib olunub. Modelə görə strategiyalar hazırlanarkən 3 əsas tərəf ələ alınmalıdır;
1. Corporation (Təşkilat)
2. Customer (Müştəri)
3. Competitors (Rəqiblər)
Azərbaycanca bu modelin adı oldu TMR Modeli. Bu modeldə ən yuxarıda dayanan Corporation hesab edilir. Bunun səbəbi isə əslində btün plan və qərarlarda şirkətin bu yükü qaldırıb qaldırmamasının ən əsas faktor olmasıdır. Şirkət qərar verməlidir ki, hansı funksiyalarda daha da möhkəmlənəncək, hansı funksiyaları xaric edəcək və hansı istiqamətdə irəliləyəcək. Bundan əlavə ən əsas məsələ finans resurslarının istifadə olunması və xərcin effektiv planlaşdırılmasının təşkilidir. Sabit və dəyişkən xərclər ayrı ayrılıqda ələ alınır, proses detallarına girilir və xərclər azaldılmağa çalışılır. Bəzər əsas xərclər kəsilir, bəzən şirkət başqa qolları ilə büdcə bölüşdürür və.s Burada yenə təkrar edirəm, əsas olan şirkətin bundan sonrakı fəaliyyətlərini dəstəkləyəcək infrastrukturun və finans gücünün olması və eyni zamanda şirkətin əsas fəaliyyət istiqamətini müəyyənləşdirməsidir.
Customer (müştəri) əsasdır. Ohmae deyir ki, əgər bir şirkət müştərilər üçün cazibdirsə, deməli o investorlar və hissədarlar üçün də cazibdir. Ona görə də, şirkət çalışmalıdır ki, o həmişə müştəri üçün maraqlı və cazib olsun. Şirkətlər bazarı dilimləməlidirlər, fərqli ehtiyaclar öyrənilməli, fərqli coğrafiyalar müəyyənləşdirilməlidir. Hamı üçün istehsal edilməməlidir, kimlər üçünsə edilməlidir. Bəzi vaxtlar hansısa dilimdə işlər yaxşı getmədikdə, o dilimdən bir qrup götürüb əsl problemin nə olduğu öyrənilməlidir.
Competitors (Rəqiblər) ilə fərqinizi müəyyənləşdirin. Bu imic, satınalma, məhsul, sabit xərclərin azaldılması və.s kimi də ola bilər. Ancaq, əsas və ən vacib olan xərci effektiv idarə edərək müsbət və güclü imicin formalaşdırılmasıdır. Hito-Kane-Mono? Bu Yapon biznes planlayıcılarının əsas ifadələrindəndir. Hito=İnsan, Kane=Pul, Mono=Əşya (Material). Yaponlara görə, düzgün idarəetmədə bu üç faktor israf edilməməlidir və düzgün istifadə olunmalıdır. (Kane) Pul ən axırıncı istifadə olunmalı resursdur. Şirkət əvvəlcə sahib olduğu funksional imkanlar, texnologiya, know-how vs. əsasında menecment imkanlarını paylaşdırmalıdır. Nə vaxt ki, bu Hitolar həmin Mono-lara da əsaslanaraq gözəl idealar inkişaf etdirsələr, onda Kane (Pul) verilməlidir.
Hito-Kane-Mono`nu niyə görəsən elə başdan Mono-Hito-Kane yazmayıblar ki, bizim də başımız qarışmasın, yoxsa mən səhv yazmışam sırasını?
“Tesla” yəqin bu Hito-Kane-Mono haqqında bilmir.