Afrikanın vuvuzuelası bizim zurnamızdan daha məşhurdur.
Dünya Çempionatı ümumiyyətlə baş verən ən böyük Marketinq hadisəsidir və ya bunlardan biridir. Mənim oxuduqlarıma görə ən böyüyüdür, amma yenə də əmin olmadığım üçün iddia etmirəm.
Cənubi Afrika Respublikası bu hadisədən ən çox pul qazanan ölkədir. İlkin hesablamalara görə 14,2 milyard dollar pul qazanacaq ölkə. Burada pul qazanan, iqtisadiyyatı canlanan özü də təkcə ev sahibi ölkə deyil. ABN İqtisadçıları yazmışdılar ki, dünya iqtisadiyyatı üçün ən yaxşı variant Almaniyanın çempion olmasıdır. Çünki, Almaniya çempion olarsa Avropa Birliyindəki iqtisadi durğunluğa təkan verəcək və dolayı yoldan bütün dünya bundan faydalanacaq.
Digər tərəfdən reklam pullarını da hesablayın. Azərbaycan iştirakçı ölkə deyil, amma heç vaxt Lider TV reklamdan bu qədər pul qazanmır. Siz təsəvvür edin Almaniyada, Argentinada, İngiltərədə nə qədər böyük kommunikasiya xərcləri var. Sponsurluq büdcələrinin nə qədər böyük olduğunu təsəvvür edin, digərləri ardınca sizin üçün təxmini qiymət hesablamağa kömək edəcək. Söhbət 100 milyard dollar ətrafında pulun hərəkətindən gedir.
Dünya Çempionatı sərgidir. Oyunçuların sərgiləndiyi yerdir, necə ki avtomobil sərgiləri, tekstil sərgiləri var, onun kimi sərgidir. Real Madrid klubu transfer başlamadan əvvəl bəzi oyunçularla müqavilə imzaladı. Səbəb olaraq isə, çempionatdan sonra həmin oyunçuların qiymətinin qalxacağı idi.
Bütün bunlar bir tərəfə digər tərəfdən də vuvuzuela deyilən bir şey çıxdı ortaya. Hamımızın söydüyümüz vuvuzuela. Amma, xoşuma gələn bilirsiniz nə oldu? “Vuvuzuela Cənubi Afrikaya Məxsusdur, ənənədir, narahat olanlar olsa da, o stadionlarda olacaq”!