Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Jan 9, 2011

Azərbaycanlı Marketoloqlar

Mən uzun müddətdir yazmağa ara verdiyim vaxtda nə fikir bildirirdim, nə də bildirilən fikirlərə reaksiya vermirdim. Çünki, yorulmuşdum əsassız ittiham və “böyük” fikirləri dinləməkdən.

Tənqid ediriksə bir işi, əvvəla o işin sahibinin əməyini, zəhmətini yerə vurmamalıyıq, ədəb-ərkan həmişə qorunmalıdır. Yəni, birinin işinə “zibil” deyə biləcək qədər zibil beyinli olmamalıyıq. Bunu qısa kəsdim.

Digər tərəfdən isə tənqid ediriksə maksimum reallığı öyrənib ondan sonra tənqid etməliyik. Mak.az-da bir nəfər təxmini mənası “Hyundai heç bilmir ki, onun internet səhifəsinə nə qədər adam girir” olan bir fikir yazmışdı. Hərçənd, məndən əvvəl Emin cavab yazıb, amma bu Eminin cavab yazdığı bir məsələdir. Eləcə də, həm Eminə, həm mənə, həm də başqalarına yazılası yəqin ki başqa cavablar var.

Yəni, ay əhli-marketinq vallah, billah mən başa düşümürəm son vaxtlar olunan tənqidləri. Ya həddindən artıq səthidir, ya həddindən artıq qərəzli, ya da həddindən artıq savadsız. Elə bilməyin ki, bunun içərisindən özümü çıxarmışam, xeyir içi mən qarışıq. Bütün tənqidlər haqqında demirəm təbii ki, ümumumiyyətlə ortaya çıxan reallıqdan danışıram.

Girin ya facebooka, ya mak.az-a, ya başqa bir yerə baxın yazılan şərhlərə..

Biri qalxıb deyir ki, “Azercell heç görəsən bilir ki, onun hədəf kütləsi kimdir?”. Axı, belə giriş olmaz, belə tənqid olmaz...Biri deyir ki “Genesis nə Mercedesdir nə BMW reklamı çox səhv və işə yaramayandır” deyirsən “Niyə?” verilən cavab Allah xətrinə bir dənə teoriyaya, bir dənə praktikaya və bir qram da reallığa əsaslanmır. Bir qalxıb deyir ki, “Genesis çox uğursuz oldu, satılmır” deyirsən “Qardaş hardan bilirsən” cavab olmur. Halbuki, Azərbaycanda Mercedes E klassdan sonra o sinifdə ən çox satılan maşın Genesisdir. Təxminən 80 E klass satılıb (ki bunun içində ola bilər ki, çox az işlənmiş Amerikankalar da var), 52 ədəd də Genesis, 5-ci Seria BMW isə cəmisi 35 dənə satılıb. Həəə, indi də mən əminəm ki, kimsə çıxıb deyəcək ki, hər şeyi satış cəhətdən fikirləşməyin.. Tamam, hər şeyi bu yöndən fikirləşmirik, amma bunun fikirləşməyin tək yolu budur. Bu arada satışa ən ögey baxan marketoloqlar da bizlərik.

Bilmirəm, ya hamımız özümüzü millətə “supermarketoloq” kimi göstərmək istəyirik, ya da sırf “yeşillik olsun” deyə tenqid edirik.

Mənim şəxsən özümə və HYUNDAI-ya gəldikdə; bugünə kimi mənim şəxsən özümün xatırladığım Aygün İslamzadənin, Emin Quluzadənin və Vüsal Qəmbərovun tənqidlərini eşidərək müsbət dəyişiklik etdiyimdir (başqaları da var mütləq, ağıllı tənqid edib, əsaslandıranlara təşəkkür edirəm. Aflatunun da internetlə bağlı təklif və tənqidlərini eşidirik.) Bunların nədən ibarət olduğunu yazmayım, amma çox sağolsunlar, minnətdaram ki, fikir veriblər, dərs çıxarmışam və nələrisə dəyişdirmişəm.

Dediyim odur ki, heç bir işi tənqid edəndə nə zəhməti yerə vurmayaq, nə real vəziyyətdən xəbəri olmadan iftira atmayaq, nə də hər hansı elmi və ya praktiki dayağı olmayan tənqid etməyək. Hər iş hamının xoşuna gələsi deyil, gəlmək məcburiyyətində də deyil. Əgər kiminsə xoşuna bir iş “prosta gəlmirsə”, heç gəlməsin.

Bir dənə məsələ yadımdan çıxmışdı, ey əhli-marketinq biz dünya-da yaşayırıq, burda isə zaman və məkan anlayışları var. Üstəlik bu zamanın özü uzun və qısa olur. Yəni ki, bu məkanda gördüyümüz bütün işləri uzun müddətli və qısa müddətli düşünmək kimi bir anlayışımız olmalıdır.

Aldı görək nə dedi....

Jan 3, 2011

AZAL Tərsinə Uçur

Uzun müddətdir yazmıram, amma yenə cuşa gəlmişəm. Başlayıram yazmağa. Hamı məni tənqid edir, mən də hamını. Allah axırını xeyir eləsin.

Bu dəfəki hədəf, məni axırıncı səfər şoka salan AZAL-dır. Mən əvvəllər İstanbula gedəndə AZAL-dan bilet almağa çalışırdım. Bunun iki səbəbi var idi; Birincisi odur ki, millətçilik damarım ağır basırdı, öz vətəndaşlarımız işləyir orada, səmada bizi təmsil edir AZAL, ikincisi isə AZAL-dakı xidmət THY-dən ucuz olmağına baxmayaraq heç də THY-dən geri qalmırdı.

Ən son iki uçuşumda isə şok oldum. İstanbula səfər mənə 200-ci ildə Naxçıvandan Bakıya uçuşumu xatırlatdı. Təyyara köhnə, kirli, yeməklər bərbad (acından ölürdüm, amma heç nə yemədim), təyyarədə mənasız filmlər yerləşdirilir və.s

Çox pis oldum! Bütün ölkələrin hava yolları şirkətləri inkişaf edir, bizimki tərsinə. Heçkimin minmək istəməyi Aeroflot da hətta çox böyük dəyişikliklər edib, artıq əvvəlki kimi adamın üstünə qışqırıb çay və ya kofe istədiyini soruşan olmur.

THY-dan isə heç bəhs etmirəm. Çünki adamlar möhtəşəm işlər görürlər.

AZAL belə getsə axırda heç özümüzünkülər də onunla uçmayacaq. Heç kim dala uçmaq istəmir!

Mən qorzuram ki, AZAL-ın texniki hissəsi də kabin kimi işləsin, əgər elədirsə Allah qorusun AZAL ilə uçanları!

Oct 11, 2010

HONDA-nın işıqları sönür

Bu başlığı Facebook-da da yazmışdım. Blogda isə daha geniş yazmaq istəyirəm. Bir neçə gün əvvəl getmişdik rəqiblərimizi ziyarətə. Bunu hamı edir. Onlar bizə gəlir, biz onlara gedirik, özü də dost və mehriban şəraitdə.

Özlərinin sözü olmasın, “Yapon Nəhəngləri” tərəfə gedəndə həmişə mənim ürəyim açılırdı. Azərbaycanda şübhəsiz ən yaxşı fiziki imkanlara və satışda müştəri davranışına sahib avtomobil distribyutoru onlardır. Rəqabət düşmənçilik deyil, ona görə də baxıb inanın ki, nümunə götürməyə çalışırdıq. Amma, son səfərdə lap ürəyim ağrıdı.

Evini satıb 10 gün sonra boşaldası adam necə ki, evdə heçnəyə əl vurmaz, evə girən kimi köçməyə hazır kimi bir hiss o saat yaranar, orada da həmin vəziyyətdir.

Ordakılar kollegalarımızdır, tənqid etmək kimi fikrim yoxdur. Özlərinin də məndən 4 dəfə çox təcrübələri var. Amma, məncə biraz daha aktivləşərək bazarda var odluqlarını göstərməlidirlər. Mazda-nı çox yaxşı tanıyıram və mazda Avropanın da şərtlərinin, istəklərinin və iş prinsiplərinin necə olduğunu çox yaxşı bilirəm və o markadan əgər şərtlər dəyişməsə heçnə olmayacağını iddia edirəm. Mazda Azərbaycanda bu şərtlərə karlı biznes deyil (xüsusən də böyük qruplar üçün) və iflasa məhkumdur. Subarunun aqibətini yaşayacaqlar. Bu arada, Subarulara 5000 AZN endirim var! Bunun adına iflas deyirlər! Bu arada mazda ilə eyni salonda Maseratti də satılmağa başlanılıb!

Honda-da vəziyyət ürəkaçan deyil. 2000 AZN endirim CRV-lərə endirim var. Satış elanı etmirəm, vəziyyətin xoş olmadığını deyirəm. Üstəlik, facebookda mən Hondanın işıqlarının söndüyünü yazandan bəri N hərfində də yanıb sönmə başlayıb, deyəsən axırda mənim zarafatça dediyim gerçək olacaq və HONDA-nın işıqları birdəfəlik sönəcək. Heç olmasa onu düzəltdirmək lazımdır ki, bədbinlik yaratmasın.

Mitsubishi “thanks to Pajero” babatdı, amma onun da vəziyyəti ümumiyyət etibarı ilə çox pisdir. Bir vaxtlar ayda tək pajero 50-60 dan çox satırdı, indi isə düşüb lap aşağılara.

Mən çox ümid edirəm ki, qrupun işləri düzələcək və maraqlı rəqabət olacaq.

Oct 6, 2010

Paris Motor Show

Mən çox arzulayırdım ki, dünya səviyyəsində qəbul olunana böyük avtomobil sərgilərində iştirak edim. Həmişə nəsə bir qənbərqulu çıxmışdı və gedə bilməmişdim.

Elektrikli avtomobillər çoxluq təşkil etməsəydi sərgi daha maraqlı olardı, amma yenə də pis deyildi. Maraqlı isə odur ki, Avropanın göbəyindəkilərin də marağı daha çox “dədə-baba” avtomobillərə idi, elektriklərin ətrafında çox adam yox idi. Ən çox məni təəccübləndirən isə Tesla-nın sərgisinin az qala bom-boş olması idi. Mən hesab edirdim ki, daha çox insan cəlb edəcəklər. Fisker Teslaya görə daha yaxşı idi, Fisker-in xüsusən də boya keyfiyyətinə söz ola bilməzdi, tək sözlə mükəmməl rəng keyfiyyəti var idi Fisker Karma-da.

Bizi ən çox maraqlandıran isə təbii ki, öz ligamız idi. Toyota, Nissan, VW, Ford, Kia, Mazda, Honda və.s Bunlarda yeganə yenilik olan Kia və VW idi. Yeni Passat, dizayn baxımından (həm xarici, həm daxili) çox təəccübləndirdi, mənfi mənada. Çünki, yeni Passat-da ümumiyyətlə “yeni” az qala gözlə görsənən heçnə yox idi. Xarici dizayn köhnə təəssürat yaradır, daxili isə ondan da betər. Amma, mühərrik və texnologiyanın tətbiqi ən yaxşı səviyyədədir və gözlədiyim kimi, mükəmməldir. Passat, öz sinfində “ən yaxşı” kimi yenə də, rəqabət aparacaq.

Ondan başqa Kia Optima, Chevrolet AveoHyundai ix20 də maraqlı modellərdir. Xüsusən də optima çox gözəldir və rəqabət çox maraqlı olacaq.