Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

May 3, 2010

Nokia

Mən heç vaxt NOKIA istifadə etməmişəm. Maraqlı burasıdır ki, heç vaxt da ümumiyyətlə telefon almaq istədikdə dəyərləndirdiyim markalar arasına salmamışam. Əsas üç səbəb olub; həddindən artıq bənzər və bir-birindən ayıra bilmədiyim model sırasının olması, hamının NOKIA işlətməsi və smartfon bazarında maraqlı modeli olmaması. Bundan sonra da yəqin ki, istifadə etməyəcəm. Səbəblər olduğu kimi qalır.

Sony-nin arxasınca Nokia qlobal bazarda geriləyən markalar arasında çox sıx hallanmağa başladı. Əslində Nokia-nın qlobal bazar payı çox yüksəkdir, 36,6% bazar payı ilə liderdir. Ancaq, 2009-cu ilə nisbətdə geriləmə var. Smartfon bazarında isə xeyli geriləyib. Analistlər Nokia-nın proaktiv davrana bilməməsini, təklif etdiyi smartfonların yazılım etibarı ilə zəif olmasını, əyləncə xarakterli modellərinin rəqiblərinin çox gerisində olmasını və.s əsas səbəb kimi göstərirlər.

Nokia yazılım problemlərini həll etmək məqsədilə Symbian-ı satın aldı, Microsoft ilə müqavilə imzaladı. CEO-larının (Mr. Kallasvou) dediyinə görə 2011-ci ildənbunun tam bəhrələrini görəcəyik və onlar N8 modeli bazarı “söküb-dağıdacaq”. Ancaq, bir şey də var ki, Apple i-Phone 2011 haqqında indidən elə sözlər deyilir ki, az qala mən də HTC HD2 sevdasından vaz keçib, Apple iPhone 2011 gözləmək istəyirəm (bunu etməyəcəm, amma yenə də mənə də çox maraqlıdır).

Mənə çox maraqlıdır ki, bir-birindən mənasız yüzlərlə modeli olan NOKIA vəziyyəti necə idarə edəcək. İzləyirəm, bir yenilik öyrənsəm xəbər edəcəm. Bilən də varsa, şərhlərdə yazsın öyrənək.

Apr 29, 2010

EMBAWOOD: Taxtadan Mebelə

Masallının taxtası gəldi oldu EMBAWOOD!

Bugün blogda yazı üçün beynimdə tamam başqa yazı var idi. İş həddindən artıq çox və gərgin oldu, axşama toplaya bilmədim beynimdəkiləri. İki dəqiqə əvvəl mak.az saytında EMBAWOOD haqqında yazını görüb, qərara gəldim ki, xeyli müddət əvvəl yazmaq istəyib, ama yazmadığımı indi yazım.

EMBAWOOD markalaşma yolunda çox sürətlə inkişaf edir. 4 il əvvəl heç tanımırdım. Hətta uşaqlardan soruşmuşdum ki, “bu hər cır-cındır mebel satan yerdə EMBAWOOD yazılır, nədir ki bu belə?”. Ama, son iki ildə (əminəm ki krizis bu şirkətin işinə bir baxıma müsbət təsir etdi) atdıqları addımlar çox inkişaf etdirdi markanı.

Mən maddə-maddə sayım özümə görə atılan addımı və nəticələrini;

1- İnsan resurslarına yatırımları çox diqqətimi çəkib. Ümumiyyətlə mənim tanıdığım ən az 5-6 nəfər var orda ki, öz sahələrində ən yaxşılardan biridir. Bu isə öz növbəsində ixtisaslaşma, təkminləşmə və.s ilə nəticələnir. Yerli mütəxəssislərlə yanaşı mən bilirəm ki, İstikbalda çox böyük təcrübəsi olan bir nəfər danışmanları var, proses yönetimi mövzusunda xeyli addımlar atılıb və.s

2- İnsan resursları avtomatik olaraq şirkətin bütün strategiyasının yenidən gözdən keçirilməsinə, yenidən qurulmasına yönəldi. Birinci növbədə mallarının keyfiyyətində artım hiss olunmağa başladı. Mən iddialıyam ki, hazırda onların yumuşaq mebelləri eyni kateqoriyadan olan Türk mebel istehsalçılarının malları ilə eyni səviyyədə, lakin az qala iki qat aşağı qiymətədir.

3- Şirkət, marketinqin əhəmiyyətini qəbul etməyə başladı və sistemli iş hiss edildi. Ən əsası isə, mən kənardan baxanda hiss edirəm ki, marketinq hədəfləri içərisində qarşıya qoyulan məqsəd markalaşma prosesin sürətləndirilməsi və daha dəqiq aparılmasıdır. Kənardan baxdıqda mən bunu görürəmsə, deməli alqışlamaq lazımdır. Bir şeyi də yaddan çıxarmayaq ki, Azərbaycanda professional agentlik də çox azdır (agentliklər axırda mənimlə düşmən kəsiləcək), çətindir agentlik olmadan çox yaxşı iş çıxarmaq.

4- Diler şəbəkəsi və mağaza standardlarının əhəmiyyəti çox yaxşı dərk edildi. Hazırda 3 dənə satış mərkəzləri marka haqqında yüksək fikir yaradır. Bu özü markalaşma yolunda çox ciddi addımdır ki, ancaq alqışlamaq lazımdır.

Mənə görə ən qısa müddətdə əl atılmalı məsələlər nələrdir?;

1- Fərdi sifarişlərin qəbulu sistemi qurulmalıdır. Burada istehsal qabiliyyətini artırmaq və daha effektiv proses qurmaq şərtdir. Bu olmadığı üçün EMBAWOOD çox müştəri itirir.

2- Yumuşaq mebellərdə olduğu kimi, yataq və mətbəxdə də keyfiyyət məsələlərinə xüsusi diqqət ayırmaq və təcili oradakı problemləri həll etmək lazımdır.

3- Bizim də ən böyük dərdimiz olan satışdakı problemləri ortadan qaldırmalıdır şirkət. Bu nə qədər çətindir, onu mən də bilirəm, amma ən azından üstünə getmək və çətin də olsa həll etmək lazımdır. Əminəm ki, bunu edirlər, amma yenə də mən deyim.

Hoop, deyəndə hər şey həll olmur, inşallah (yerli istehsalçı olduğu üçün və yüzlərlə işçisi olduğu üçün ürəkdən inşallah deyirəm) 4-5 il içərisində indikindən qat-qat güclü EMBAWOOD görəcəyik.

Apr 20, 2010

Ordan-Burdan

Burdan 1: Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət komitəsi rəsmisi bəyan etdi ki, “kimin avtomobili Euro2 standardlarına cavab vermirsə katalizator deyilən qurğu alsın quraşdırsın. Qiyməti də baha deyil”. Guya ki, İyul ayının 1-dən etibarən Euro2 standartlarına cavab verməyən avtomobillər ölkəyə buraxılmayacaq və guya ki, biz ekologiyaya əhəmiyyət verəcəyik. Veririk daha doğrusu, 1-2 ay əvvəl Mingəçevirdə PAZ avtobuslarını şəhərə buraxmamışdılar. İndi Mingəçevirin elə təmiz havası var!!! Əlləm-qəlləm iş!

Ordan : Rusiyada uzun sürən araşdırmalardan sonra Təhsil Nazirliyi belə qərara gəlib ki, oğlanlar və qızların birlikdə təhsil alması həm təhsilin səviyyəsinə mənfi təsir göstərir, həm də əxlaqi problemlemləri artırır. Ona görə də Rusiyada tədricən haram-salamlıq olacaq. Türk mediası bunu eşitməz, eşitsə də eşitməməzliyə vurar. Qulağına pambıq edib soxsan “Laik devletlerde ilim ve bilim....” deyə bir cümlə quraralar ki, Türk Dili və Ədəbiyyatı professorları da başa düşməz.

Burdan 2: Yol Polisimiz “Diqqət Piyada” ayı keçirir. İlk görəndə sevinmişdim ki, mən piyadaya yol verəndə arxadan siqnallayanı və ya yanımdan keçib camaatın üstünə sürənləri cəzalandıracaqlar. Sonra öyrəndim ki, yox bu piyadaları cəzalandırmaq üçün imiş, keçiddən keçməyən piyadanı. Keçidlərimiz o qədər lüksdur ki, heç kim ayaq basmaq istəmir (heyf o pullara). Onun birinin yerinə lazım olan yerlərdə 4 dənə tikmək olardı ki, piyada keçid tapmaq üçün 1 km yol getməsin. Üstəlik, sürücü dayanıb zolaqda duran piyadaya yol vermirsə, piyada necə etsin! Əlləm-qəlləm iş!

2:1 BURA-nın xeyrinə!

Apr 8, 2010

Azərbaycanın nəyini reklam etmək lazımdır?

Dünən bu sualı Media FM-də səhv etmirəmsə Fateh soruşurdu. Dinləyicilərin də bəziləri zəng edirdi, bəziləri SMS yazırdı. Mən cəmi 3-4 zəngə qulaq asa bildim.

Biri dedi ki, yeməklərimizi reklam etmək lazımdır, yağlı, dadlı, duzlu yeməklərimizi. Biri dedi bölgələrimizi getsinlər çəksinlər, Cənub, Şimal və.s. Biri də dedi ki, reklama ehtiyac yoxdur, onsuz da bütün dünya tanıyır bizi, biz onsuz da tanınan, sevilən ölkəyik.

Mən də gördüm əsəbləşirəm dalğanı dəyişdim.

Azərbaycan haqqında olan reklamlar ölkənı tanıtmaq üçündür. Bu reklamların konkret məqsədi isə turist çəkməkdir, bildiyimə görə.

Nə qədər çiynənmiş də olsa, bilinən də olsa bu 4P inanın ki, çox vaxt hərf və rəqəm kombinasiyası kimi qalır. Azərbaycanı marka kimi götürsək və desək ki, o marka turistik məhsullarını satmaq istəyirik onda bizim 4P-nin səviyyəsinin hazırkı vəziyyətini dəyişməliyik. Hazırkı vəziyyət isə belədir;

Product: Dağlarımız dərələrimiz turizm üçün infrasturkturadan məhrumdur. Özü də bu dağlardan çox yerdə var. Türklər eşşəyin belində Almanı dağa çıxarırlar 10 USD alırlar, bizdə o da yoxdur. Bizdə eşşək də var, dağda amma o eşşəyi dağa çıxaran yoxdur. Çimərliklərimiz nə gündərdir özünüz bilirsiniz. Naftalan neftindən başqa da fərqli heç nəyimiz yoxdur az qala. Tarixi abidələrimiz haqqında isə mən şəxsən heç danışmaq da istəmirəm.

Price: Nabranda bir həftə qalmaqla FLY Dubai ilə 1 həftə Dubai-də gəzməyin qiyməti eynidir. Qiymətlərimiz çox bahadır.

Place: Aydın məsələdir, turizmdə bu productla çox sıx bağlıdır.

Promotion: Məhsulun olmadıqdan sonra nə qədər təşviq edirsən et. Pulu boşuna sovurmuş oluruq məncə.

QEYD: Pulu boşuna sovurmaqda bizdən yaxşısı yoxdur. Çünki, dünyada eyni yolu bir ildə 4 dəfə söküb yenidən salan başqa dövlət yoxdur hər halda. Şişirdsəm “40 dəfə” deyərdim!