Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Apr 5, 2010

Yatanlar və Qaçanlar

Bizim kolejdə biri vardı. Bizdən bir sinif yuxarı idi. Bütün gün yatırdı. Amma, ən yaxşı oxuyanlar da Həndəsə dərsindən nəyi həll edə bilməsələr gəlirdilər onun yanına, yuxudan oyadıb misal həlli soruşurdular. O Türkiyədə ortabab universitetlərdən birinə girdi.

Biri də vardı gecə-gündüz oxuyurdu, hətta o yatanın yanına gedib ondan kömək istədiyini də gözümlə görmüşəm. O Boğaziçi universitetinə girdi, Amerikaya getdi və.s

Biri yatan idi, biri qaçan.

Avtomobil sənayesinin hazırda iki qaçanı var; Hyundai Motor CompanyVW Group

Hər ikisi inanılmaz sürətlə inkişaf edirlər. Toyota Pradonu 8 il sonra guya yenilədi və bazara çıxardı, amma ortada yenilik adına heçnə yoxdur. Dizaynda dəyişiklik yoxdur bu ayrı məslə, ola bilər. Amma, 8 il əvvəlki Prado da 2.7 motor 167 at gücü ilə çıxarılmışdı, indiki də. Nə Hyundai-da, nə də VW-də bunu görmək mümkün deyil.

Toyota 1996-ci Cost Competitiveness in 21 Century programına qərar verdi və 2002-ci ilə qədər 6 milyard dollara qənaət etdi. Avtomobil istehsal prosesini 12 aya endirmək planını tətbiq etdi (hələlik ən qısa müddətdə istehsal olunana Corolla-dır səhv etmirəmsə, 18 ay). Dünyanın ən böyüyü olmağı hədəf olaraq seçdi (halbuki Toyoda dünyanın ən yaxşısı olmaq üçün çalışırdı) və başladı xərc azaltmağa ki, maşınları ucuz olsun, çox satsın, pay qazansın və.s Amma, mühəndislər buna çox böyük etirazlar etdilər. Dinləyən olmayıb! Axırı da gəldi Bob LUTZ-ın dediyi kimi “Toyota artıq müzakirə edilə bilər. O ən yaxşı deyil. O hamı kimidir. Hamıdan biridir” vəziyyətinə düşdü.

Əvvəllər Vüsal imkan vermirdi ki, Hyundai ilə Toyota-nı müzakirə edim, amma indi əminəm ki heç nə deməyəcək.

Son on illiyin iki böyük avtomobil istehsalçısı var; Hyundai Motor CompanyVW Group

Nissan CEO-su “Hybrid-də gəmi getdi, Electric avtomobil istehsalında Nissan lider olmalıdır” demişdi. Onun üçün də çalışırlar. Nə qədər real olacaq bu bilmirəm, amma mən inanıram ki, növbəti 10 ildə adını çəkdiyim iki istehsalçı yenə də ən böyük sıçrayışa nail olacaq.

Apr 2, 2010

Reklam Agentlikləri və Biz

Mən magistraturada oxuyanda Reklam dərsində agentliklərlə iş necə qurulmalıdır, brif necə yazılmalıdır, agentlikdən nələr tələb olunmalıdır filan kimi şeyləri də keçmişdik. Bir də onu keçmişdik ki, reklamla əlaqəli işləri reklam agentlikləri görür. Sonra ilk işə başladım və bir şəkildə yönətimi razı saldıq ki, Türk reklam agentliyi ilə Veracruzun təqdimatını edək. Çap reklam mətnləri gəldi və baxdım ki, Veracruz ilə kofe qarışdırılıb bir-birinə. “Sabah uykudan uyandığınızda Veracruz iyi gelir” menasında bir cümləni görən kimi də işləri dəyişdik və təxirə saldıq.

Ondan sonra da agentliklərə heç vaxt bütün işi vermədik. İndi də reklam agentimiz var, işləyirik, ancaq dərsdə keçdiyimiz formatda yox.

Ölkəmizdə agentliklər xeyli çoxdur. Bunları kateqoriyalara bölsək Qlobal agentliklərin nümayəndəlikləri, Yerli Babat agentliklər və yerli Zirzəmi agentlikləri kimi yaza bilərik. Bunların üçünün bir-birindən fərqlərini çoxumuz yaxşı bilirik. Ortaq nöqtələri isə bilirsiz nədir? Üçü də ağzını açanda şirkətləri tənqid edirlər, şirkətlərdəki marketinq departamanetləri haqqında isə “qeyri-professional” deyirlər.

Şirkətlərimizdə ki marketinqçilərdən də soruşanda deyirlər “Agentlik var? Onlar nə bilirlər ki bizim işi? Hava satıb pul qazanırlar. Özümüz onlardan min dəfə yaxşısını düzəldərik”. Bütün məsələ də yatır bu “düzəldərik” sözünün altında. Reklam agentliklərinin əsas işi “düzəltmək” deyil, “hazırlamaq və icra etməkdir”. Plan hazırlamaq, strategiya hazırlamaq, konsept və dizayn hazırlamaq və. S. İcra etmək də aydın məsələdır.

Dərd burasındadır ki, həm şirkətlərimizdəki marketinqçilər, həm agentliklərimizdəkilər hamısı bu ikili münasibətdə ortaya bir məhsul çıxarılmasına “düzəltmək” sözü ilə yanaşırlar. Əsas problem də budur.

Deməli boş-boşuna bir birimizi tənqid etməyək, həm siz özünüzü düzəldin, həm də biz.

Mar 23, 2010

Uşaqlığımın Novruzu və Uşaqlarımın Novruzu

Bir dənə oğlum var, o da körpədir. Novruzu dərk edəsi yaşda deyil. “Uşaqlarım” isə ətrafımda olan bütün uşaqlardır.

“Nerde o eski Ramazanlar” demək üçün yazmıram bu yazını. Sadəcə olaraq xatırladım. Uşaqlığımın Novruzu üç hissədən ibarətdir. Çünki, mənim uşaqlığım da üç hissədən ibarətdir.

Birincisi Müharibəyə qədərki dövrdür, xatırladığım odur ki, axır çərşənbə günü millət səhərə kimi yatmırdı, qonaq gedirdi, qonaq gəlirdi, torba atırdıq (biz tərəfdə papaq atılmırdı o vaxtlar), kəndin ortasındakı dörd yolda tonqal qalayırdıq, bir ay əvvəldən yumurta döyüşünə hazırlaşırdıq və az qala bir ay hər gün bayram edirdik.

Sonra gəldi müharibə dövrü. Müharibə dövrünün ilk vaxtlarında yenə balacalar əylənməyə davam edirdi, çünki anlamırdı nələrin baş verdiyini. Hətta kəndimizə ilk top düşəndə biz qaçıb gedib ora baxmaq istəyirdik, yaxşı ki atam icazə vermədi, yoxsa biri də bizim başımıza düşə bilərdi. Müharibə dövründə Novruzlarımıza forsunka, top barıdı və yanan 4-45 avtomat güllələri əlavə olundu. Forsunka əməlli başlı təhlükəli idi (anam bizimkini alıb atmışdı), yanan güllələr isə ucunu çıxarıb tərs taxdıqda yana yana göyə qalxırdı. Bu bizim fişəngimiz idi. Top barıdı isə qarğının içərisində roket kimi üçürdu və maraqlı səs çıxarırdı. 1993-cü il isə axırıncı bayramımız oldu (bayram demək olarsa), çünki ondan sonra hər dəqiqə ölüm ola bilərdi, ona görə də bayram olmadı. Atəşkəs isə bizim kəndin işğalından az sonra bağlandı.

Müharibədən sonra qaçqın məktəblərində dərs yox idi. Bakı məktəblərində isə bizə qaçqın deyirdilər. Bakılılara nifrət edirdim. İndi fikirləşirəm ki, bəlkə də qeyri-adi heçnə yox imiş, mən qaçqın olmuşam, onlar da mənə qaçqın deyib. Burda nə var ki? Amma, bəlkə də nəsə var.

Nə isə, mən müharibədən sonrakı uşaqlığımı Türk Kolejlərində keçirdim ki, orda da uşaqlıq rejim altında keçir. Qanunlar, qaydalar və.s Qısası, mən müharibədən sonra Novruzun dadını əvvəlki kimi heç vaxt ala bilmədim.

İndi fikirləşirəm ki, uşaqlığımın Novruzu yaxşı idi yoxsa uşaqlarımın? Uşaqlığımın!

Bəlkə də Novruz elə uşaqlar üçün bayramdır..

Mar 8, 2010

Şadlıq Saraylarının Fəaliyyəti Haqqında Qanun Layihəsi

Lazımdır yoxsa yox?

Dünən toyda idim. Yeganə Şadlıq Sarayında, ilk dəfə idi olurdum.

Sarayın içərisi qəhvə-i və qızılı rənglərlə həddindən artıq lazımsız səviyyədə (bu mənim zövqümə görə şərhdir, yəqin ki kimlərinsə də belə xoşuna gəlib) dekorasiya edilib. Ürək açan deyil çox da. Nə isə!

Aş gəlir deyildi və qeyd edildi ki, “Bakıda şadlıq sarayları çoxdur. Hərəsinin də özünəməxsus aş təqdim etmə mərasimi var. Amma, Yeganə Şadlıq Sarayının Yeganə Rəqs qrupunun təqdimatı çox maraqlıdır”.

Yeganə Rəqs qrupu isə milli aşı İngilis müusiqisi ilə təqdim etdi. Onsuz da bu aşın xalqın dili ilə desək “urvatı” qalmır toylarda, bu tipli təqdimat da ümumiyyətlə işin milliliyini məhv edir.

Mənim dərdim nədir? Dərdim odur ki, mən bura Koreadan qonaqlarım gələndə “milli” yer tapmıram ki, onları aparım, milli bir şey tapmıram ki göstərim. Utanıram açığı!