
Bugün Könül xanım halva yeyəndə, halvadan söhbət düşdü. Sonra da Molladan.
Sonra da ağlımıza gəldi bu ikisinin də mövqeləndirilməsi (positioning) pisdir.
Bu halva yaxşı şeydir, yeməli şeydir. Çox adam var ki, bunun yas yeməyi kimi bilinməsinə etiraz edir, çünki bu onun ürəyi istəyəndə halva yeməsinə mane olur. Molla da onun tayı. Hərçənd Mollaların durumu biraz daha fərqlidir, onlar halva kimi deyil, dili var, ağzı var, beyni var və o beyin işləyir.
Halvanın məsələsi belədir ki, çıxsa bir dənə yaxşı şirniyyat sektorundakı şirkət, bu halvanı qutulaşdırsa, genişləndirsə (extension), onun yerini yas məclislərindən götürüb birinci mərhlədə adi süfrələrə gətirsə, sonra da lap lazım olsa Türk mətbəxində olduğu kimi yeməkdən sonrakı şirniyyat kimi təqdim etsə işlər düzələr, həm pul qazanar, həm də əməllicə xeyirxah iş görmüş olar.
Mollaların məsələsi isə qəlizdir, gərək burda birinci başlayasan product management-dən. Mollaların özlərini əvvəlcə bir düzəldəsən (hamısı haqqında danışmıram səhvim varsa haqqlarını hala etsinlər), özlərinə gərək başa salasan ki “Molla” əslində alimdir, İslam bilgisi yüksəkdir, həyatını dinin əsasına görə yaşayır. Mollaları saf-çürük edəsən ki, bunları da qəbirstanlıqdan çıxarıb çay süfrəsi ətrafına gətirə biləsən. Yəni ki, elə edəsən ki, onlar da halva kimi yasa aid yox, həyatın özünə aid anlayışlar olsunlar. Tabutu nə etsən də, “ölümdən” ayıra bilməzsən, amma molla əminin dərin, maraqlı, faydalı söhbətlərini hökm deyil ki, yas mağarında dinləyəsən. Adam halvalı, şokaladlı, mürəbbəli çay süfrəsi arxasında da irşadla, nəsihətlə, Allahı anlatmaqla məşğul ola bilər və inanın mənə bu cəmiyyətimizin çox yaralarının düzəlməsinə köməkçi olar.
Bir dənə də rebranding halva və mollaya lazımdır!
Banklar aradan çıxsaydı, onlara da vaxt çatardı!