Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Dec 14, 2009

Aşığın sözü qurtaranda....

Aşığın sözü qurtaranda mənim kimi nalay-nalay edər. Bəs satıcının sözü qurtaranda nə edər? O da nalay-nalay edər. Bəs şirkətlərin deməyə sözü qurtaranda nə edər? Onlar da nalay-nalay edər.
Əlbəttə atalarımız “aşıq” deyəndə, elə ancaq saz çalanı qəsd etməyiblər ki, bu aşıq elə həm də şirkətdir. Bir dəyər yarada bilmir, ancaq çıxır başlayır nalay-nalay etməyə reklamlarda. Qulaq asın radio reklamlarına, heç olmasa 50%-i nalay-nalaydır.

Özü də təkcə reklamlarda deyil, başqa proseslərdə də belə olur. Satıcının da malı haqqında deməyə sözü qalmayanda nalay-nalay edir. İnanmırsınız, istənilən bir avtomobil salonuna girin, istənilən bir elektrik-elektronik mallar mağazasına girin və.s

Vay o hala ki, bu aşıq fırıldaq ola! Bax bu olur fəlakət. Yalandan başlayır müştəriyə ağlına gələni danışmağa. Müştəri yazıq da əgər alacağı mal və ya o sektor haqqında bilgisizdirsə, onda vay halına yazığın. Aşıq ona “Aldı görək Ələsgər nə dedi”deyib, meyxana deyənin birinin sözlərini başlayacaq oxumağa.

O gün yenə satışa düşmüşdüm. Dedim bir-iki müştəri ilə dərtləşim. Bir cavan ailə gəlmişdi. Accentlə maraqlanırdılar. Bütün məlumatları verdim. Sonra dedilər ki, bəs biz Accentin “bacısı” ilə də maraqlandıq. Orda bizə dedilər ki, bu “qız” sırf Azərbaycan üçün istehsal olunub və maşının şüşəsindəki kağıza da AZERBAIJAN yazılmışdı. Bax bu da satıcının savadsızcasına müştəriyə fırıldaq gəlməsidir ki, özü başlı-başına fəlakətdir. O ki şüşədə AZERBAIJAN yazılır, bu o deməkdir ki, “Azərbaycanın sıfarişidir, ora gedəcək bu maşın”. Yoxsa sırf Azərbaycan yolları üçün istehsal edilib demək deyil. Bu da rəsmi dilerlərin bütün maşınlarında var. Hardan bilsin yazıq müştəri bunu.

Nalay-nalay....

Dec 6, 2009

Sizcə Şirkət Rəhbərləri Hansı Departamentin İşinə Daha Çox Əhəmiyyət Verməlidir?

Makdakı sorğunun cavabına qalsa Marketing Departamentinin.

Mak.az saytında yuxarıda yazdığım sual ilə sorğu açılıb. Cavablarda da hələlik 25% ilə marketing birinci yeri tutur. Ancaq, mən bu sualın necə fikirləşildiyini və insanların necə girib burda “Marketing” və ya “Maliyyə” yazmalarını başa düşmədim açığı. Çox üzr istəyirəm MAK.AZ yönəticisindən (ki, mak.az bizə çox doğmadır) amma bu sualın heç bir mənası yoxdur və tamamilə əsassız sualdır. Cavabı da təbii ki, əssassızdır.

Hansı departamentin işinə əhəmiyyət daha çox verilməlidir? Ailə şirkətlərində daha çox əhəmiyyət verilir Satış və Maliyyə (+Muhasibat), ona görə ki biri pulu gətirən, digəri isə o pulu qoruyandır.

Şirkətləşmiş müəssisələrdə isə, bu departamentlərin hamısı çox əhəmiyyətlidir, şirkət rəhbəri ayrı dəyərləndirməməlidir və bütün fəaliyyəti proses olaraq dəyərləndirməlidir.

Ailə şirkətlərində əsasən ən sevilməyən departament isə Marketingdir. Səbəb: Pulları həmişə xərcləyir, birbaşa büdcəyə pul gətirmir.

Nov 24, 2009

Hyundai Auto Azerbaijan Xəbərdarlıq Edir !

Çoxdandır yazmıram. Bu da yazı deyil. Ancaq, biur neçə fikri öyrənmək maraqlı olardı.

Yerli imkanlarla Youtube-da yerləşdirdiyimiz bu reklamı çəkdirmişik. Məqsədimiz orijinal ehtiyat hissələrdən istifadəyə təşviq etməkdir. Orijinal ehtiyat hissələrdən istifadə etməmək nələrə səbəb ola bilə onu göstərmək istəmişik. Ancaq, müzakirəyə çox açıq videodur və ümid edirəm ki müzakirəyə açılacaq.


Oct 31, 2009

Oktyabrın Son Yazısı

Oktyabrın son günləri yağışlı və soyuq keçir. Üşüməyə başlayır və yavaş-yavaş 2010-cu ilin hesablarını yekunlaşdırmağa çalışırıq (2010 hesablarını başlamağa yox, yekunlaşdırmağa). Şirkətlərin çoxunda 2010 satışları, gəlirlər, hədəflənən satışları tutdurmaq üçün atılacaq addımlar və.s müzakirə olunur. Bəzilərində iş kağıza tökülür, adına biznes plan deyilir, bəzilərində hərə öz işini öz dəftərinin bir qırağına yazır, sonra da qələm ilə çərçivəyə alır ki, sonra yaddan çıxmasın. Bazarın hara getdiyini isə, heç kim bilmir ki, bilmir.

Satışı və gəliri dəftərlərinin küncünə yazan satış, marketinq, finans və satış ilə bağlı olan digər bölmələrdir. İnsan resursları və təsərrüfat isə dəftərinin küncünə heç nə yazmır. Çünki, ya bunu düşünmək qabiliyyətləri yoxdur, ya şirkətdə İR ancaq adam çıxarmaq, Sosial Müdafiə Fondu ilə saxta işləri yoluna qoymaq ya da geyim təlimatı yazmaqdan başqa işə yaramırlar. Əslində, o hədəflənən satışı reallaşdırmaq, xidməti dəstəkləmək və gəliri təmin etmək üçün nə qədər işçi hansı performansla çalışmalıdırsa onu dəftərinin küncünə yazdığı qeydlərə əsasən düşünməlidir, onun üçün hazırlaşmalıdır. İR departamentinin işini kiçik görürəm deyə düşünməyin, əstagfurullah, tam tərsi düşünürəm ki, İR çox vacib departamentdir və görməli olduğu iş çoxdur, görsə!

Çox yaxınımın işlədiyi şirkətdə şirkətin müdirləri üçün şüşə çaynikdə AHMAD çay dəmlənirdi, işçilər üçün isə dəmir çaydanda AZERÇAY. Müdirlərin çayına kəkotu da qatılırdı, işçilərin çayı qaynamış olurdu. Çay verən xala, qadınlara çay vermirdi, kişilərə çay verirdi. Bu şirkətin ya rəhbərliyinin bundan xəbəri yoxdur ya da İR “ağadan çox ağalıq” edir. Daha doğrusu, ağlı kəsmir ki, şirkətə sırf motivasiya və şirkət bağımlılığı azaltma cəhətindən nə qədər böyük zərbə vurur. Şirkətin sahibi, mən yüz faiz əminəm ki, bunu bilsə etiraz edər. Ancaq o, ağlına etibar etdiyinə çay işini tapşırıb. O ”ağıllı” da elə hesab edir ki, şirkətdə çayçı xala çayı ona görə kişilərə verməlidir ki, biz Azərbaycanlıyıq və ayıbdır, kişi durub özünə çay tökəsi deyil ki ! Başqa cür izah edə bilmədim mən açığı! Başqa izahı olan varsa, buyursun.

Nəysə, Oktyabrın son yazısını da həsr etdim işi işçilərin motivasiyalarını artırmaq olduğu halda, işçilərin motivasiyalarını qıran İR departamentlərinə.