Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Apr 20, 2010

Ordan-Burdan

Burdan 1: Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət komitəsi rəsmisi bəyan etdi ki, “kimin avtomobili Euro2 standardlarına cavab vermirsə katalizator deyilən qurğu alsın quraşdırsın. Qiyməti də baha deyil”. Guya ki, İyul ayının 1-dən etibarən Euro2 standartlarına cavab verməyən avtomobillər ölkəyə buraxılmayacaq və guya ki, biz ekologiyaya əhəmiyyət verəcəyik. Veririk daha doğrusu, 1-2 ay əvvəl Mingəçevirdə PAZ avtobuslarını şəhərə buraxmamışdılar. İndi Mingəçevirin elə təmiz havası var!!! Əlləm-qəlləm iş!

Ordan : Rusiyada uzun sürən araşdırmalardan sonra Təhsil Nazirliyi belə qərara gəlib ki, oğlanlar və qızların birlikdə təhsil alması həm təhsilin səviyyəsinə mənfi təsir göstərir, həm də əxlaqi problemlemləri artırır. Ona görə də Rusiyada tədricən haram-salamlıq olacaq. Türk mediası bunu eşitməz, eşitsə də eşitməməzliyə vurar. Qulağına pambıq edib soxsan “Laik devletlerde ilim ve bilim....” deyə bir cümlə quraralar ki, Türk Dili və Ədəbiyyatı professorları da başa düşməz.

Burdan 2: Yol Polisimiz “Diqqət Piyada” ayı keçirir. İlk görəndə sevinmişdim ki, mən piyadaya yol verəndə arxadan siqnallayanı və ya yanımdan keçib camaatın üstünə sürənləri cəzalandıracaqlar. Sonra öyrəndim ki, yox bu piyadaları cəzalandırmaq üçün imiş, keçiddən keçməyən piyadanı. Keçidlərimiz o qədər lüksdur ki, heç kim ayaq basmaq istəmir (heyf o pullara). Onun birinin yerinə lazım olan yerlərdə 4 dənə tikmək olardı ki, piyada keçid tapmaq üçün 1 km yol getməsin. Üstəlik, sürücü dayanıb zolaqda duran piyadaya yol vermirsə, piyada necə etsin! Əlləm-qəlləm iş!

2:1 BURA-nın xeyrinə!

Apr 8, 2010

Azərbaycanın nəyini reklam etmək lazımdır?

Dünən bu sualı Media FM-də səhv etmirəmsə Fateh soruşurdu. Dinləyicilərin də bəziləri zəng edirdi, bəziləri SMS yazırdı. Mən cəmi 3-4 zəngə qulaq asa bildim.

Biri dedi ki, yeməklərimizi reklam etmək lazımdır, yağlı, dadlı, duzlu yeməklərimizi. Biri dedi bölgələrimizi getsinlər çəksinlər, Cənub, Şimal və.s. Biri də dedi ki, reklama ehtiyac yoxdur, onsuz da bütün dünya tanıyır bizi, biz onsuz da tanınan, sevilən ölkəyik.

Mən də gördüm əsəbləşirəm dalğanı dəyişdim.

Azərbaycan haqqında olan reklamlar ölkənı tanıtmaq üçündür. Bu reklamların konkret məqsədi isə turist çəkməkdir, bildiyimə görə.

Nə qədər çiynənmiş də olsa, bilinən də olsa bu 4P inanın ki, çox vaxt hərf və rəqəm kombinasiyası kimi qalır. Azərbaycanı marka kimi götürsək və desək ki, o marka turistik məhsullarını satmaq istəyirik onda bizim 4P-nin səviyyəsinin hazırkı vəziyyətini dəyişməliyik. Hazırkı vəziyyət isə belədir;

Product: Dağlarımız dərələrimiz turizm üçün infrasturkturadan məhrumdur. Özü də bu dağlardan çox yerdə var. Türklər eşşəyin belində Almanı dağa çıxarırlar 10 USD alırlar, bizdə o da yoxdur. Bizdə eşşək də var, dağda amma o eşşəyi dağa çıxaran yoxdur. Çimərliklərimiz nə gündərdir özünüz bilirsiniz. Naftalan neftindən başqa da fərqli heç nəyimiz yoxdur az qala. Tarixi abidələrimiz haqqında isə mən şəxsən heç danışmaq da istəmirəm.

Price: Nabranda bir həftə qalmaqla FLY Dubai ilə 1 həftə Dubai-də gəzməyin qiyməti eynidir. Qiymətlərimiz çox bahadır.

Place: Aydın məsələdir, turizmdə bu productla çox sıx bağlıdır.

Promotion: Məhsulun olmadıqdan sonra nə qədər təşviq edirsən et. Pulu boşuna sovurmuş oluruq məncə.

QEYD: Pulu boşuna sovurmaqda bizdən yaxşısı yoxdur. Çünki, dünyada eyni yolu bir ildə 4 dəfə söküb yenidən salan başqa dövlət yoxdur hər halda. Şişirdsəm “40 dəfə” deyərdim!

Apr 5, 2010

Yatanlar və Qaçanlar

Bizim kolejdə biri vardı. Bizdən bir sinif yuxarı idi. Bütün gün yatırdı. Amma, ən yaxşı oxuyanlar da Həndəsə dərsindən nəyi həll edə bilməsələr gəlirdilər onun yanına, yuxudan oyadıb misal həlli soruşurdular. O Türkiyədə ortabab universitetlərdən birinə girdi.

Biri də vardı gecə-gündüz oxuyurdu, hətta o yatanın yanına gedib ondan kömək istədiyini də gözümlə görmüşəm. O Boğaziçi universitetinə girdi, Amerikaya getdi və.s

Biri yatan idi, biri qaçan.

Avtomobil sənayesinin hazırda iki qaçanı var; Hyundai Motor CompanyVW Group

Hər ikisi inanılmaz sürətlə inkişaf edirlər. Toyota Pradonu 8 il sonra guya yenilədi və bazara çıxardı, amma ortada yenilik adına heçnə yoxdur. Dizaynda dəyişiklik yoxdur bu ayrı məslə, ola bilər. Amma, 8 il əvvəlki Prado da 2.7 motor 167 at gücü ilə çıxarılmışdı, indiki də. Nə Hyundai-da, nə də VW-də bunu görmək mümkün deyil.

Toyota 1996-ci Cost Competitiveness in 21 Century programına qərar verdi və 2002-ci ilə qədər 6 milyard dollara qənaət etdi. Avtomobil istehsal prosesini 12 aya endirmək planını tətbiq etdi (hələlik ən qısa müddətdə istehsal olunana Corolla-dır səhv etmirəmsə, 18 ay). Dünyanın ən böyüyü olmağı hədəf olaraq seçdi (halbuki Toyoda dünyanın ən yaxşısı olmaq üçün çalışırdı) və başladı xərc azaltmağa ki, maşınları ucuz olsun, çox satsın, pay qazansın və.s Amma, mühəndislər buna çox böyük etirazlar etdilər. Dinləyən olmayıb! Axırı da gəldi Bob LUTZ-ın dediyi kimi “Toyota artıq müzakirə edilə bilər. O ən yaxşı deyil. O hamı kimidir. Hamıdan biridir” vəziyyətinə düşdü.

Əvvəllər Vüsal imkan vermirdi ki, Hyundai ilə Toyota-nı müzakirə edim, amma indi əminəm ki heç nə deməyəcək.

Son on illiyin iki böyük avtomobil istehsalçısı var; Hyundai Motor CompanyVW Group

Nissan CEO-su “Hybrid-də gəmi getdi, Electric avtomobil istehsalında Nissan lider olmalıdır” demişdi. Onun üçün də çalışırlar. Nə qədər real olacaq bu bilmirəm, amma mən inanıram ki, növbəti 10 ildə adını çəkdiyim iki istehsalçı yenə də ən böyük sıçrayışa nail olacaq.

Apr 2, 2010

Reklam Agentlikləri və Biz

Mən magistraturada oxuyanda Reklam dərsində agentliklərlə iş necə qurulmalıdır, brif necə yazılmalıdır, agentlikdən nələr tələb olunmalıdır filan kimi şeyləri də keçmişdik. Bir də onu keçmişdik ki, reklamla əlaqəli işləri reklam agentlikləri görür. Sonra ilk işə başladım və bir şəkildə yönətimi razı saldıq ki, Türk reklam agentliyi ilə Veracruzun təqdimatını edək. Çap reklam mətnləri gəldi və baxdım ki, Veracruz ilə kofe qarışdırılıb bir-birinə. “Sabah uykudan uyandığınızda Veracruz iyi gelir” menasında bir cümləni görən kimi də işləri dəyişdik və təxirə saldıq.

Ondan sonra da agentliklərə heç vaxt bütün işi vermədik. İndi də reklam agentimiz var, işləyirik, ancaq dərsdə keçdiyimiz formatda yox.

Ölkəmizdə agentliklər xeyli çoxdur. Bunları kateqoriyalara bölsək Qlobal agentliklərin nümayəndəlikləri, Yerli Babat agentliklər və yerli Zirzəmi agentlikləri kimi yaza bilərik. Bunların üçünün bir-birindən fərqlərini çoxumuz yaxşı bilirik. Ortaq nöqtələri isə bilirsiz nədir? Üçü də ağzını açanda şirkətləri tənqid edirlər, şirkətlərdəki marketinq departamanetləri haqqında isə “qeyri-professional” deyirlər.

Şirkətlərimizdə ki marketinqçilərdən də soruşanda deyirlər “Agentlik var? Onlar nə bilirlər ki bizim işi? Hava satıb pul qazanırlar. Özümüz onlardan min dəfə yaxşısını düzəldərik”. Bütün məsələ də yatır bu “düzəldərik” sözünün altında. Reklam agentliklərinin əsas işi “düzəltmək” deyil, “hazırlamaq və icra etməkdir”. Plan hazırlamaq, strategiya hazırlamaq, konsept və dizayn hazırlamaq və. S. İcra etmək də aydın məsələdır.

Dərd burasındadır ki, həm şirkətlərimizdəki marketinqçilər, həm agentliklərimizdəkilər hamısı bu ikili münasibətdə ortaya bir məhsul çıxarılmasına “düzəltmək” sözü ilə yanaşırlar. Əsas problem də budur.

Deməli boş-boşuna bir birimizi tənqid etməyək, həm siz özünüzü düzəldin, həm də biz.