Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Jul 1, 2009

VOLVO Haqqında və ya Sonu Naməlum Marka

Keçən günlərin birində Aygün məndən Volvo haqqında yazmağımı istədi. Ona görə istəmədi ki, Volvo onun üçün çox maraqlı markadır və ya hansısa modeli onun dəhşət xoşuna gəlir. Ona görə istədi ki, məndən Volvo haqqında fikrimi soruşdu. “Əla maşındır” dedim. “Bəs onda niyə....?” Ona görə ki, positioning o qədər güclü oldu ki, çərçivə kimi sardı markanın kənarını və getdikcə böyüyən bazarda daraldı Volvonun yeri.

“Avtomobili insanlar sürür, insanlar istifadə edir, deməli onda ən vacib məqam təhlükəsizlik olmalıdır”-bu sözlər Volvo-nun bugünə kimi əsas bayrağı olub. Marka, avtomobil sənayesində laminasiyalı şüşələr, yuxarı stop və.s kimi xırda görsənən təhlükəsizlik sistemləri daxil olmaqla bir sıra həyat qurtaran texnologiyaların patent haqqına sahibdir. Mən, burada daha çox sistemin adını yazmayacam, məqsədim Volvo-nun yaxşı maşın olmağını yazmaq deyil. Onun, Mercedes-Benz-dən sonra dünyanın ən uzunmüddətli və dayanıqlı maşını olmasını yazmayacam.

Dünyanın ən təhlükəsiz avtomobili dedikdə ağla təbii ki, Volvo gəlir. Demək olar ki, 90-cı illərin sonuna kimi (hərçənd tarixlərində 85-ci illərə kimi deyilir, ama 90-ın axırına qədər əminliklə bunu demək olar) dizayn Volvu üçün əhəmiyyətsiz oldu. İngilislərin Box Shape dedikləri, qutu formalı dünyanın ən təhlükəsiz avtomobilləri əsasən Avropada və Amerikanın bəzi ştatlarında sevildi. Sonradan sırf bu təhlükəsizlik sistemlərinə görə Rusiya bazarında da boy göstərməyə başladı. Soyuq, buzlu Rusiyada bu əhəmiyyətli fakt idi. Ancaq, varlı Ruslar üçün ən əsas olan təhlükəsizliyi də özündə birləşdirən lüks avtomobillər idi, onlar isə BMW, Mercedes, Audi və Lexus kimi markalar idi.

Texnologiyalar inkişaf etdikcə, Volvo-dan başqa markaların da təhlükəsizlik sistemləri inkişaf etdi. EuroNCAP kimi beynəlxalq səviyyədə təhlükəsizliyin standardlarını müəyyənləşdirən təşkilatlar Volvo üçün xüsusi + vermədilər, beləliklə həm Volvo tarixinin ən töəhlükəsiz avtomobili XC 60 da, Mercedesin GLK-sı da 5 ulduz aldı. NHTSA isə ilk dəfə ən təhlükəsiz maşınlar siyahısına Volvo-nun heçbir modelinin adını salmadıqda, Volvo Amerika bazarında zərbə yedi. Əlbəttə, indi Volvo az qala bütün modelləri ilə ən təhlükəsiz avtomobillər siyahısına daxildir. Amma, Subaru-da bunu deyir. Bütün modelləri 5 ulduz alıb.

Nəticə? Premium Volvo müvafiq Audi, Mercedes və BMW modelləri ilə demək olar ki, eyni qiymətə satılır. Azərbaycanda rəsmi qiymətlər etibarı ilə də demək olar belədir. Amma, Volvo özünü təhlükəsizlik müvqeləndirməsi ilə elə sıxdı ki, o artıq niş olmaq üzrədir. Tək təhlükəsizlik kifayət etmədi. Artıq, rəqiblər həm təhlükəsizdirlər, həm rahat, həm idman üslublu, həm prestijli və.s və.s Volvo isə, dünyanın ən təhlükəsiz maşınıdır,“yaxşı maşındır”, amma rəqiblərindan çox geridədir. Çox yüksək texnologiyalara malik Volvo, əgər 80-ci illərdən heç olmasa başlasa idi genişlənməyə, indi daha yaxşı vəziyyətdə olardı.


İndi ağla sual gəlir; dəyərmi Volvo kimi çox qalın mövqeləndirmə çəpəri çəkib, onu da genişlətməyi heç düşünməməyə? Məncə yox!



Jun 25, 2009

HITO-KANE-MONO

XİQ-də dərs deyəndə də, DƏFTƏR-də yazılar yazanda da, teoriyaya çox girməyi xoşlamıram. Ancaq, bugün səhər Hito-Kane-Mono haqqında öyrənəndə, DƏFTƏR-də yazmaq istədim. Böyük ehtimal, Hito-Kane-Mono haqqında bu yazını oxuyanların və Marketinq oxuyanların heç olmasa 85%-nin xəbəri var. Sadəcə olaraq mən ya oxumuşam yadımdan çıxıb, ya da heç oxumamışam.

Deməli belə. Ümumiyyətlə 3C Modeli deyilən model var. Strategic marketing dərslərində adətən keçilir. Model Kenichi Ohmae tərəfindən tərtib olunub. Modelə görə strategiyalar hazırlanarkən 3 əsas tərəf ələ alınmalıdır;

1. Corporation (Təşkilat)

2. Customer (Müştəri)

3. Competitors (Rəqiblər)

Azərbaycanca bu modelin adı oldu TMR Modeli. Bu modeldə ən yuxarıda dayanan Corporation hesab edilir. Bunun səbəbi isə əslində btün plan və qərarlarda şirkətin bu yükü qaldırıb qaldırmamasının ən əsas faktor olmasıdır. Şirkət qərar verməlidir ki, hansı funksiyalarda daha da möhkəmlənəncək, hansı funksiyaları xaric edəcək və hansı istiqamətdə irəliləyəcək. Bundan əlavə ən əsas məsələ finans resurslarının istifadə olunması və xərcin effektiv planlaşdırılmasının təşkilidir. Sabit və dəyişkən xərclər ayrı ayrılıqda ələ alınır, proses detallarına girilir və xərclər azaldılmağa çalışılır. Bəzər əsas xərclər kəsilir, bəzən şirkət başqa qolları ilə büdcə bölüşdürür və.s Burada yenə təkrar edirəm, əsas olan şirkətin bundan sonrakı fəaliyyətlərini dəstəkləyəcək infrastrukturun və finans gücünün olması və eyni zamanda şirkətin əsas fəaliyyət istiqamətini müəyyənləşdirməsidir.

Customer (müştəri) əsasdır. Ohmae deyir ki, əgər bir şirkət müştərilər üçün cazibdirsə, deməli o investorlar və hissədarlar üçün də cazibdir. Ona görə də, şirkət çalışmalıdır ki, o həmişə müştəri üçün maraqlı və cazib olsun. Şirkətlər bazarı dilimləməlidirlər, fərqli ehtiyaclar öyrənilməli, fərqli coğrafiyalar müəyyənləşdirilməlidir. Hamı üçün istehsal edilməməlidir, kimlər üçünsə edilməlidir. Bəzi vaxtlar hansısa dilimdə işlər yaxşı getmədikdə, o dilimdən bir qrup götürüb əsl problemin nə olduğu öyrənilməlidir.

Competitors (Rəqiblər) ilə fərqinizi müəyyənləşdirin. Bu imic, satınalma, məhsul, sabit xərclərin azaldılması və.s kimi də ola bilər. Ancaq, əsas və ən vacib olan xərci effektiv idarə edərək müsbət və güclü imicin formalaşdırılmasıdır. Hito-Kane-Mono? Bu Yapon biznes planlayıcılarının əsas ifadələrindəndir. Hito=İnsan, Kane=Pul, Mono=Əşya (Material). Yaponlara görə, düzgün idarəetmədə bu üç faktor israf edilməməlidir və düzgün istifadə olunmalıdır. (Kane) Pul ən axırıncı istifadə olunmalı resursdur. Şirkət əvvəlcə sahib olduğu funksional imkanlar, texnologiya, know-how vs. əsasında menecment imkanlarını paylaşdırmalıdır. Nə vaxt ki, bu Hitolar həmin Mono-lara da əsaslanaraq gözəl idealar inkişaf etdirsələr, onda Kane (Pul) verilməlidir.

Hito-Kane-Mono`nu niyə görəsən elə başdan Mono-Hito-Kane yazmayıblar ki, bizim də başımız qarışmasın, yoxsa mən səhv yazmışam sırasını?

Tesla” yəqin bu Hito-Kane-Mono haqqında bilmir.