Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Sep 28, 2009

Porsche-nin imici zədələnəcək mi?

Avtomobil sənayesində evlənmələr və boşanmalar çox olub. Bəzi “ər”lər “arvad”ları döyüb sonra boşayıb (Daimler Benz və Chrysler nümunəsində olduğu kimi), bəzilərində mehribançılıqdır (Hyundai və Kia kimi), bəziləri isə ər-arvad münasibətlərindən daha çox bir evdə yaşayan və mehriban keçinən insanlar kimidirlər, FIAT Group, VW Group və.s kimi.

Bu tipli birləşmələrdə əsas məqsəd müxtəlif istehsalçılara aid olan texnologiyalardan, paylama kanallarından, know-how-dan maksimum səmərəli şəkildə istifadə etməkdir. Bi tipli birləşmələrdə bəzən eyni profilli iki şirkət olduğu kimi, tamam ayrı uclarda olan şirkətlərin bir çətir altına yığışması da olur, məsələn FIAT ilə Ferrari kimi, VW ilə Audi kimi.

VW ilə birlikdə Audi, Lamborghini və Bugatti kimi lyuks və ultra lyuks markalar da var idi, indi buna Porsche kimi avtomobil sənayesində ən maraqlı markalardan biri də daxil oldu. VW xalq markasıdır, Audi, Lambo və Porsche isə xalqdan qopanların markası. VW Group-un həm idarə heyəti, həm CMO-su, həm də lap balaca Brand Manager-i də bizim hamımızdan daha yaxşı bilir ki, Hyundai və Kia kimi bütün detallarını eyni edərək maşın istehsal etsə, bir müddət sonra Audi zədələnər. Almanların və getdikcə bütün dünyanın sevimli markası Audi-ni zədələmək isə OLMAZ!

Bəs Porsche? Söhbət gəzir ki, Audi A8 və VW Phaeton platformunda Porsche istehsal ediləcək və Panamera Platformunda da yeni VW peyda olacaq. Əsas sual da budur ki, Porsche VW tərkibinə girərsə və ortaya 3.2 FSI motorla Porschelər çıxarsa və ya Porsche sahibi VW Touareg ilə eyni detalın istifadəsini açıq-aydın görərsə Porsche-nin aqibəti necə olacaq? Əvvəla onu deyim ki, onsuz da bugünə kimi olan yaxınlıqlarına görə (Porsche ailəsi ilə Piëch ailəsi lap yaxın qohumdur, amma bunun mətləbə dəxli yoxdur. Aralarındakı yaxınlıq şirkətin hissələrinin sahibliyi ilə əlaqəlidir) eyni platformdan istifadə edilirdir və eyni texnologiyaların tətbiqinə şahid olurduq. Bugünə kimi bu problem olmamışdı Porsche üçün. İkincisi, VW Audi-ni necə idarə edirsə (eyni mühərriki də istifadə edir, eyni platformu da, amma iki markanın ikisinin də o qədər təmiz və aydın mövqesi var ki,..) Porsche-ni də eləcə idarə edəcək. Yəni ki, Porsche həvəskarları qorxmasın, Porsche donuna girmiş VW görməyəcəklər və sürməyəcəklər.

Sep 17, 2009

Uşaqlıq

-Sən heç skorusa keçirmədin!

- Məndə avtomat karobkadır. Qoymuşam qabağa özü gedir.

- Yalançının?

- Valla!!!

Məktəbdən çıxıb üzü mənə tərəf sürətlə qaçırdılar. Yarışırdılar. Təxminən 10 -11 yaşları olardı. Mənim yanlarımda isə onların dili ilə desək “tormuza” basıb dayandılar. Yuxarıdakı isə dayandıqları vaxt aralarında keçən çox qısa, ciddi dialoqdur. Gülməli də olsa, maraqlıdır.

Sep 14, 2009

Audi America

Audi-yə olan xüsusi münasibətimi bilirsiniz. Buna görə də onların reklamlarını da izləməyə çalışıram. A4-ün Amerika reklamları çox xoşuma gəldi. Reklamda istifadə olunan musiqidən tutmuş, görüntüyə, ordan da ümumi fikrə qədər hamısı alqışa laiqdir. Audi SEPARATIONProgress is Beautiful reklamlarına baxın və həzz alın.

Burda da R8 reklamı var. The Slowest Car Audi Ever Built.

Fikirləriniz?

Sep 4, 2009

Maraqlıdır görəsən niyə...?

1) Maraqlıdır görəsən niyə Zamiq Coca-Cola Brrrr reklamlarında istifadə olunub və o qədər mənasız reklam ortaya çıxıb. Onsuz da, heç bir cəhətdən müsbət olmayan Brrrrrr reklamlarında Allahın Brrrrrr-ını da düzgün deyə bilməyən Zamiqlə bu reklamdan nə gözlənilir? Kim deyirsə reklamın yaxşısı pisi olmaz, yalan deyir!

2) Legacy-nin reklamları və ümumiyyətlə kampanyası yaxşıdır. Amma, maraqlıdır görəsən niyə Legacy üçün ayrıca bu qədər pul xərcləndi? Millətin “80%-i” heç Subaru markasını tanımırsa və 2010-cu ilə “10 gün qalmış” hələ də 2008-ci il istehsalı Legacy-lər təklif olunursa, niyə bir modelin imic reklamına bu qədər pul xərclənir?

3) Daha da maraqlı olan, mənim hələ də başa düşmədiyim “Think.Feel.Drive” kimi bütün sektorlarda ən mükəmməl sloganlardan birini kənara qoyub “İdeal İdarələnmə” kimi markanın ruhunu alıb, ətini qoparıb, sümüyünü sərgiləyən sloganı niyə istifadə etmələridir. Maraqlıdır görəsən niyə, Fəxri müəllim kimi gecəsi-gündüzü Subaru olan və işini qəşəng bacaran adam bunun üstünə getmir?

4) Maraqlıdır görəsən niyə AzTv-də gedən reklamların 95%-i fərdi təmizlik mallarına aiddir? Niyə ancaq onlar orada reklam verirlər?

5) Maraqlıdır görəsən niyə Əfsunun çox ürəkdən tərif yağdırdığı “Amerikanların gülümsəmələrini” biz nə bacarmırıq, nə də bacaranı bəyənmirik?

6) Görəsən niyə Lent.az-da bir nəfər çıxıb Vüqar Ələsgərova “Jeep”-in marka olduğunu, onun izah etməyə çalışdığı şeyin isə həqiqətdə “SUV” olduğunu anlatmır?

Sep 1, 2009

Bloguma Xoş Gəlmisiniz :)

Bloguma Xoş Gəlmisiniz” deyib yalandan gülümsəmə ilə əlbəttə heç kim ikinci dəfə mənim bloguma gələsi deyil. Gərək gələn adam ürəyinə yatan və ağlına batan yazı görsün ki, ikinci səfər blogu ziyarət etsin. Ama, əlbəttə blogda smaylik rolunu oynayan şərtləri də yerinə yetirmək lazımdır.

Necə ki, bloga bir dəfə gələn ikinci səfər gəlməsi üçün “yaxşı” yazı axtarır, sizin xidmətinizdən yararlanan müştəri də “yaxşı” xidmət görməsə ikinci səfər gəlməz. Ancaq, 2-ci səfər kifayətdir mi? Deyil! Çünki məqsəd müştərini həmişə əldə saxlamaqdır. Müştərini həmişə əldə saxlamaq ünüç isə nə tək gülümsəmək, nə tək keyfiyyətli xidmət göstərmək, nə də tək hədiyyə və ya mükafat vermək kifayət etmir. Onun üçün sadalananların hamısı və daha çoxu lazımdır. Ancaq sıra ilə;

1. Keyfiyyətli xidmət və Məntiqli Qiymət: “Münasib qiymət” ilə “Məntiqli qiymət”in fərqi birinin ucuzluğu və hətta ucuz iş qarşılığında aşağı keyfiyyəti, digərinin isə görülən işin haqqını əks etdirməsidir. Müştərini daim əldə saxlamaq üçün birinci və ən əsas şərt ona gözlədiyi səviyyədən azca da olsa yuxarı xidmət göstərməkdir. Bu elə olmalıdır ki, rəqiblərə nisbətdə daha yaxşı olsun və bir addım öndə olasan. Əgər bir addım səni bazarda istədiyin səviyyədə saxlayırsa, onda 2 addım irəlidə durmağın mənası yoxdur. Onu da vaxtı gələndə edərsən. Nə qədər gülümsəyirsən gülümsə, əgər sistem yoxdursa, əgər keyfiyyət yoxdursa, əgər müştərinin sənin xidmətindən sonra şübhələri qalır və ya verdiyi pula heyfsilənirsə deməli müştərin daimi olmayacaq.

2. İkinci sırada davranış və nəzakət gəlir. Bu biraz bizdə hələ də formalaşmayan mədəniyyətdir. Müştəriyə səmimi davranmaq hələ də görsənmir, müştərini dinləmək görsənmir,müştərini sevmək görsənmir, özünü onun yerinə qoymaq görsənmir. Nəzakətlə danışmaq, günü axırında yorğun da olsa müştəriyə xoş səslə cavab vermək hələ də görsənmir. Ancaq, inanın bu vacib şərtdir. Mən bilirəm ki, bu təlimlərə tam həll oluna bilən problem deyil. Bunun üçün doğurdan müştərini dərk edən işçilər, yoldaşlar ən əsas şərtdir. Müştərini dərk lazımdır.

3. Düzgün kommunikasiya piramidamızı tamamlayan üçüncü pillədir. Müştəri ilə hər növ kommunikasiya yaratmaq lazımdır. Keçən dəfə bir yerdə avtomobil sektorundakılar üçün “arada bacarıqlı ustalarınıza imkan yaradın ki, onlar müştərilər ilə söhbət etsinlər” deyilirdi. Bu da kommunikasiyadır. Əsas olan odur ki, müştəri də sizinlə gir-çıx halında olsun və onu həmişə əlaqədə saxlayasınız.

4. Mükfatlandırın ki, sevinsin. Müştərinin daim sizdən yararlanması üçün axırıncı mərhələ onu mükafatlandırmaqdır. Gözləmədiyi anda və ya gözlədiyi anda sistemli olaraq, onu sevindirmək lazımdır. Mən öz təcrübəmdən bilirəm ki, hətta balaca bir promo material da müştərini o qədər sevindiri ki. Mükafatlandırın, sistemli mükafatlandırma tətbiq edin.

İndi soruşan lazımdır “sən özün bunu edirsən mi?”. Bəli, biz artıq başlamışıq. Piramidanı tamamlayacağıq. Ancaq, hələ gediləsi çox yolumuz da var əlbəttə. Biz rəqiblərimizdən 4-5 addım irəlidəyik.