Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Jun 20, 2008

Push Strategy

Seminarların birində yaxın dostlarımdan biri tərcüməçi idi. Özü bir müddət Amerikada yaşadığı üçün çox mükəmməl ingilis dilinə sahibdir və tərcüməçilik qabiliyyəti də yüksəkdir. Bir yerdə trainer “push strategy” deyəndə, bizim yoldaş “itələmə strategiyası” deyə tərcümə etdi. Bütün iştirakçılar da buna möhkəm güldü. Push- İtələmək deməkdir azərbaycan dilində. Amma, mən başa düşmürəm niyə dilimizdəki bəzi sözləri istifadə etmə imkanımız da məhdudlaşır. Onsuz da dilimizdə, Vüsalın məqaləsində də oxuduğumuz kimi söz çatışmazlığı var, üstünə də belə “qəribəliklər”gələndə işimiz lap çətinləşir. Bütün dillərdə bəzi ifadələr var, ikimənalı, ancaq bizdə deyəsən lap qəşəng sözlər də “pisləşib”. Mənim dillə işim olmaz, onsuz da bütün ömür boyu Ədəbiyyatdan 3, Azərbaycan dili qramatikasından isə ya 2 ya 3 almışam. Bunu yəqin hamı hiss edib. Mənim dərdim “itələmək strategiyası” ilədir. Yazıq tərcüməçi elə yüz faiz düzgün tərcümə etmişdi. Həm hərfi, həm qramatik, həm də faktik baxımdan. Bizim buralarda demək olar ki, bütün şirkətlər “itələmək strategiyası” tətbiq edirlər. Hazırda ölkəmizdə bir çox sektorlarda satıcı hakim olduğu üçün və alıcı da satılanı demək olar ki, almaq məcburiyyətində olduğuna görə, hamı itələyir. Marketingin inkişaf tarixində göstərilən “Sales concept” demək olar ki, bizim hər sektorda hakimdir. Buradan qısa demək olar ki, hələ də bizdə Marketing formalaşmayıb və Social Marketingə də hələ çox var. “Strategiya” söz olaraq qulağa xoş gəldiyi və bu sözü işlədənlər haqqında cəmiyyətdə “savadlı adamdır” deyildiyi üçün hamı istifadə edir. Strategiyanın hamısını oxuyuruq, qəşəng-qəşəng strategiyalar haqqında öyrənirik, ancaq hərlənib fırlanıb elə yenə də “itələmək strategiyası”nı seçirik. İş təcrübəm elə də çox deyil zaman etibarı ilə, ancaq qısa müddətdə şükür Allaha çox şey görmə, öyrənmə imkanım olub. Öyrənmənin tərifini hanısa yazımda yazmışdım, “davranışlardakı dəyişiklik” öyrənmənin əsasını təşkil edirdi. Mən də bu müddət ərzində ən yaxşı “itələmək strategiyası”nı öyrənmişəm. Hərçənd tətbiq etməmək üçün əlimdən gələni edirəm, ancaq əla bilirəm yollarını. Mənə ən çox maraqlı olan isə niyə bu strategiyanın tətbiqinin bu qədər yayılması və asan olmasıdır? Birinci səbəb olaraq yuxarıda da qeyd etdiyim kimi, hələ istehlakçı bazarının formalaşmamasıdır mənə görə. Ikinci və insana doğurdan da, bəzən ağır gələn, təhsilsizlik və ya bilgisizlik deyə biləcəyimiz faktordur. Bu mənim müşahidələrimdir. Bu bəladır. Ola bilsin ki, Marketing işçisi kimi mənim işimə bəzən çox yarayır bu, ancaq əvvəla bu Azərbaycan vətəndaşı olaraq mənə ağır gəlir, xoş deyil, digər tərəfdən isə Marketingdə bilgili və bilgisiz müştəri ilə işləməyin öz üstünlük və çətinlikləri də var. Müştəri bilgisiz olanda, ona deyirlər ki, “bu mal birbaşa İtaliyadan gəlib” bizim yazıq Əşrəf dayı da “huupp” udur. “Əşrəf dayı” demək olar ki, hazırda orta statistik bir Azərbaycan kişisidir. Bir dənə də Almaz xala yazım ki, heç kim inciməsin. Almaz xalanın da ütüsünə 3 il qarantiya verirlər, heç yazıq bilmir ki, o qarantiya kağızında adres də qeyd edilməyib.

Bizi biraz itələyən olsaydı oxumağa, kitaba, öyrənməyə, araşdırmaya tərəf yaman olardı. Yoxsa elə hara getsək “itələmək strategiyası” ilə bizə nəyisə itələyəcəklər.

“Hyundai Nissan yaxşıdı yoxsa Hyundai Sonata bala?” deyən dayıya mən necə deməyim ki, “Hyundai Sonata yaxşıdır dayı.”

Jun 14, 2008

Biz niyə çörək bişirə bilmirik?

Almaniyaya ilk səfərim idi. Uzun illər Alman futboluna həvəsim, Alman maşınlarına böyük rəğbətim, Alman həyat tərzinə marağım səfəri mənim üçün biraz da mənalı edirdi. Başlayım aeroportdan. Çox qəribə, böyük, baş açmaq çətin olan aeroportları var. Ona görə də aeroport haqqında geniş yaza bilməyəcəm. Başa düşmədim ki, yazam.
Şəhər çox gözəldi. Sakit, təmiz. Gündüz küçələrdə adam çox az olur. Euro2008 oyunları dayam etdiyi müddətdə küçələrdə çox rəngarəng görüntülər var idi. Məsələn, Xorvatlar Almanları məğlub etdiyi gün, maşınlarında Xorvatiya bayrağı asılı olan Xorvatlar yüksək səslə bayram edirdi, ama mən görmədim ki, Almanlar onlara daş atsınlar. Digər ölkələr də həmçinin, Türklər, Hollandlar, Romınlar və.s Euro2008 demişkən, KIA (HYUNDAI-ın “sister company”si) çox gözəl marketing fəaliyəti nümayiş etdirirdi. Farnkfurtun mərkəzində böyük bir ekran var. Bütün millət orada futbola baxır. KIA həmin meydanda şəhərcik qurub, adını da qoyub KIA CITY. KIA və Euro2008 birləşmiş logo, içərisində hərcür içəcək verilən çadır, oyun yeri və.s Çox xoşuma gəldi. Təəssüf ki, camera yanında deyildi, yoxsa burada göstərərdim.
Yeməklərinə gəldikdə, çox da maraqlı mətbəx yoxdur. Ancaq, sosiska , kolbasa yemek istyənlərə çox boyük “imkanlar” var orada. Yeməklər haqqında bir cümlə ilə danışdım ki, keçim mənim əsas maraq dairəmə. Ürəyim partladı yazının burasına qədər ki, gəlim çatım maşınlara. Bizim Gürcülər və Azərbaycanlılar hər halda, Almaniyada köhnə C və E class Mercedes qoymayıblar qala. Mən Frankfurt və Heidelberg şəhərlərində oldum, aralarında uzun bir yol getdim, cəmi iki dənə köhnə Mercedes gördüm. Almaniyada ümumiyyətlə gördüyüm ən gözəl şey isə yeni Audi A4 və A5 oldu hər halda. Şəkildə görmək başqa, döngəni gecə işıqları ilə dönən yerdə görmək başqa. Hər iki model doğurdan da mükəmməl dizayn edilib. Qazaxstanlı yoldaşlar yeni Passat gördeklərini dedilər, ancaq mən heç nə yeni Passat-ın nə olduğunu başa düşdüm, nə də gördüm. Alman maşınlarından başqa ən çox görsənən Peugeot, Fiat, Toyota və Mazda-dır. Əlbəttə hər markanı görmək olur. Çox rəngarəngdir. Bizim Bakıda əla maşınlar çoxdur, ancaq rəngarənglik oradakı qədər deyil. Orada smartdan tutmuş, F 430 Scuderio-ya qədər bütün avtomobillərdən gördüm mən. Almaniyada Korea avtomobili satmaq həqiqətən də çətindir. İstəyirsən orada CMO Kotler, Brand Manager Zyman, Sales Manager Fox, Marketing Director da, nəbilim Məmmədov olsun, yenə də çətindir. Azərbaycanda HYUNDAI almaq məntiqlidir, əsas gətirmək mümkündür buna, rəqabətdə hətta çox üstündür rəqib markalardan bir çox cəhətdən, ancaq özünüzü beşcə dəqiqə Alman hesab edin, çox da ciddi qiymət fərqi olmadığı halda özünüzün Passatınızı qoyub, Korealının Sonatasını alarsınız? Çətin. Heç Alman, İngilis dilini “ingilisin” olduğuna görə danışmaq istəmir, o ki qaldı özünün maşının qoyub onun bunun maşınını alsın. Var əlbəttə alanlar, HYUNDAI əslində yaxşı qiymətləndirilə bilər Avropa bazarında. Avropa, tək Almaniyadan ibarət deyil.
Seminar və toplantılarımız HYUNDAI Europe GmBH mərkəz binasında keçirilirdi. Belə deyim ki, bu seminarın ümumiyyətlə məqsədi, HYUNDAI-ın yenilənmə prosesində ki, addımları gözlə görmək və dərindən başa düşmək idi, onu da gördük. HYUNDAI Europe yeni reformlara başlayıb. Sizə ancaq Marketing tərəfindən bəhs edim. Deməli, MissionQ conceptləri var. Mission to Quality mənasında. Brand room dedikləri yerlər var. Orada təsəvvür edin ki, competitors room, customer lifestyle room, brand personality və.s kimi “room”lar var. Mükəmməl deyə bilərəm buna. HYUNDAI Europe Brand Manageri-nin dili ilə desək, “Cheap car” olmaq istəmirik, “Biz artıq Toyota, VW, Honda, kimi maşınlarla yarışırıq”. Baxaq görək necə olur.

Yazası məsələ çoxdur, yadıma düşdükcə yazacam. Ancaq, Almanların ləzzətli, çeşid-çeşid çörəklərini yedikcə elə hey fikirləşdim görəsən biz niyə çörək bişirə bilmirik? Almanlar çörəyi bizdən az yeyir, heç olmasa özümüzün çox yediyimiz şeydə bir fərqlilik edək. Təndir çörəyi, zavod çörəyi, yuxa...

Jun 10, 2008

Avtomobil sektorunda dava-dalaş və İnformasiya Qıtlığı

Autograph jurnalının 2-ci sayında (No 2 (33)2008) 68-ci səhifədə 2007-ci ilin yekun nəticələri əsasında Azərbaycan avtomobil sektoru haqqında məqalə dərc olunub. Müəlliflərin hər ikisini tanıyıram, həm Zəka bəy, həm də Ruslan bəy avtomobil mövzusunda çox dərin biliyə sahibdirlər. Yazdıqları məqalə də, ümumiyyətlə bazar haqqında fikir formalaşması üçün çox yaxşıdır. Azərbaycanda statistikaya hamı "nifrət" etdiyi üçün, onlar da deyəsən bazi məlumatlarda yanılıblar. Ancaq, başdan deyim ki, yanılma payları proqnozlarda xeyli müzakirəyə açıq olsa da, real nəticələrdə reallığa çox yaxındır.

Day.az forumda da KIA rəsmisi ilə jurnalın rəsmiləri arasında çox gərgin mübahisə gedir. Deyəsən indilərdə biraz sakitləşib ara. Məsələ burasındadır ki, KIA Autograph-ın verdiyi rəqəmlərlə razılaşmır. İddia edir ki, onlar KIA-nın rəsmi satışlarını az göstəriblər. Buradan açıq etiraf edim ki, KIA əgər onlar satdıqlarından "əmin" olsaydılar, onda KIA informasiyanı dövlət əhəmiyyətli məlumat hesab edib, gizlətməzdi, özünü də "MTN" hesab etməzdi. KIA hətta avtomobillərin option-larını da gizlədir. Bu dünyada ancaq KIA-da baş verir. Nəysə, mənim mövzum KIA deyil, avtomobil bazarıdır. Ötən il Azərbaycanda 681 ədəd KIA satılıb, ayda 56 avtomobil deməkdir. İndi hərə özünə görə müqaisə etsin.

Başda qeyd etdiyim kimi, statistik məlumatlar bizim ölkəmizdə çox böyük problemdir. Məsələn, avtomobil.az jurnalının məlumatında Azərbaycanda hər min nəfərə 63 avtomobil düşdüyü qeyd edilir (Statistika Komitəsinə əsaslanıblar), Autograph isə 80 avtomobildən bəhs edir.

Autograph-ın bütün yazdıqlarını buraya köçürə bilmərəm, maraqlanan adını çəkdiyim nömrəni alıb oxuya bilər. Maraqli iki məqam var; birincisi odur ki, hələ də Lada 12010 ədəd satışla bazarda ikinci sırada olan HYUNDAI-dan xeyli irəlidədir. Burada maraqlı odur ki, 2, 3 və 4-cü sıradakıların satışlarının cəmi yenə Lada satışlarından azdır. Ötən ilə müqaisədə 9.5% artım var, ancaq yenə Autograph-ın məlumatına görə bazar 2006-cı ilə nisbətdə 20% böyüyüb,deməli Lada 10% kiçilib. Digər maraqlı məqam isə, premium markalar və işlənmiş avtomobillərlə əlaqədardır. Audi-nin satışları azalıb (kaş özüm olaydım), Mercedes Grey Importla bilmir necə mübarizə aparsın (bu doğurdan da çətindir), BMW məlum səbəblərə görə Mercedesdən xeyli çox satıb, ancaq "BMW bu yolların maşını deyil, elə buranınki Mercedesdir" sözünü işlədənlər də BMW satışları artdıqca çoxalır. Mercedes, BMW, AudiLexus (Lexus-un hələlik rəsmi nümayəndəsi yoxdur) arasında dünyada gedən çox maraqlı rəqabət, hələlik bizim bazarda çox da dərin deyil. Sağlam rəqabət olsa və distribyutor haqları qorunsa, bu bazarda Mercedes lider mövqedə yerləşər bu illərdə. Gələcəyini bilmək olmaz, yollar düzələn kimi, yerlər də dəyişə bilər (bu biraz zarafat oldu, ama həqiqətən də yollar rəqabətə təsir edir).

Autograph-ın məqaləsində məni ən çox təəccübləndirən Santa Fe-ni öz sinifində ən çox satılan model olaraq təqdim edib, altında də rəqib olaraq Murano və Touareg-i göstərmələri oldu. Digər böyük təəccübüb isə Toyota Corolla-nı İran Khodro Samand və Daewoo Nexia ilə eyni sinifdə gördükdə oldu. Müəlliflər ancaq uzunluqları nəzərə alıblar hər halda.

Mən hələlik çox az yazdım, əgər ehtiyac olsa hər markaya toxunacam, az-az da olsa. İnformasiya qıtlığı bu dövrdə bu qədər də olmaz axı. Bilmirsən güləsən, yoxsa ağlayasan.

Hamımız məlumatlarımızı düzgün versək, hamımız da düzgün məlumat öyrənərik, sonra da dava qırğın olmaz.

Jun 4, 2008

Uzun da olsa, mənə faydalı olan yazı

Uzun və Sıxıcı Yazı başlıqlı yazıda dəyərlər və həyat tərzləri haqqında bugünə kimi ortaya atılan bəzi sistemlərdən bəhs etmişdim. Söz də vermişdim ki, bunlar arasında ən genişi VALS olduğu üçün ondan ayrıca geniş yazacam. Sözümün üstündə dururam. VALS (Values and Lifetsyles System) 1978-ci ildə ortaya atılıb və cəmiyyəti səkkiz fərqli dəyər sistemində ələ alır. Sistemin müəllifləri, inanırdılar ki, insanlar onların xarakterlərinə uyğun olan, onların xarakterlərini formalaşdıran və onları bu cəhətdən doyuzduran mal və xidmətləri satın alırlar. Bunu da nəzərər alaraq onları içə meylli və çölə meylli məqsədlərin olmasına görə qruplaşdırıblar.

1989-cu ildə dəyişən trendlər və cəmiyyətin xüsusiyyətləri də nəzərə alınarak VALS 2 ortaya çıxarılıb. Buna görə aşağıdakı kategoriyalar mövcuddur;

Actualizers (Həyata keçirənlər): Müvəffəqiyyət qazanmış, aktiv və özünə fikir verən insanlardır, daim inkişafdadırlar və çox müxtəlif hobbiləri ola bilər.
Fulfilleds (Nail olanlar): Bişmiş, bilgiyə və məsuliyyətə əhəmiyyət verən insanlardır. Əsasən təhsil səviyyələri yüksəkdir və satın alma vaxtı çoxfunksiyalılıq, uzun ömürlülük və qiymət çox əhəmiyyət kəsb edir.
Achivers (Qazananlar): Əsasən karyer və işlərinə diqqət yetirirlər. Kontrollu həyat yaşayırlar. İşləri maddi imkan, prestij və imic qazandırır. İmic vacibdir. Bilinən malları satın alırlar.
Experiencers (Təcrübə edənlər): Biraz üsyankar, enerjik, ehtiraslı və əsasən hissləri ilə hərəkət edənlərdir. Həyəcan və çeşid axtarırlar. Sosyal həyat ailə həyatından daha vacibdir. Gəlirlərinin çoxunu paltar, musiqi, müxtəlif növ texnologiya alətlərinə xərcləyirlər.
Believers (İnananlar): Konservativdirlər. Qanunlara rəayət edərlər (qanunla ancaq dövlətin qanunu nəzərdə tutulmur), vaxtlarını ailələri ilə keçirirlər. Əgər varsa yerli malları alırlar (qızlar da evdə qalmır) və bazarda bilinən malları alırlar.
Makers (Hoqqabazlar): Əsasən nəsə düzəltmək istəyirlər. Ev tikmək, oyuncaq təyyarə düzəltmək, əl işləri və.s kimi el arasında “yaradıcı işlər” dediyimiz işlərə meyllidirlər. Maddi qazanc əhəmiyyətli deyil.
Strivers (Cəht edənlər): Pul uğurun göstəricisidir. Başqalarının “qəbul”u vacibdir. Ancaq, çox vaxt pulları olmaz. Ağlayarlar və yaxşı həyatları olmadığından şikayət edirlər.
Strugglers (Mübarizə aparanlar): Elə yazıq həmişə pulsuz olub, belə getsə həmişə pulsuz da qalacaq. Təhsil səviyyəsi aşağıdır. Əsas məsələ qarın doyurmaq və sağ qalmaqdır.

Yuxarıda sadalananlar bizi nə qədər əks etdirir? Bax bu ən əsas məsələdir. Akademik araşdırma təəssüf ki, yoxdur. Heçbir dayaq nöqtəm də yoxdur. Ancaq, Türklərin müəyyənləşdirdikləri həyat tərzlərinə baxsaq, elə oradan da görərik ki, bizdə də mütləq nələrsə özünəməxsus olacaq. Bunlar hazırda bizim üçün vacibdir, şəxsən mən əgər belə məlumatları dəqiq öyrənə bilsəm bu mənim işimə çox böyük kömək edər. Türkiyədə müəyyənləşdirilən həyat tərzləri Çağdaşlar və Keçid Dövründəkilər olaraq iki əsas qrupa bölünür. Yol Açanlar, Axtaranlar və Yeni Avropalılar müvafiq olaraq birinci qrupa, Sadələr, Sadıqlər və Çabalayanlar isə ikinci qrupa daxildirlər.

Bizdə nə çıxacaq ortaya? Yəqin bizdə Rusdillilər və Azərbaycandillilər olaraq iki qrup çıxacaq ortaya, sonra da.....Sonrasıni bilmirəm, araşdırmanı edərlər öyrənərik, ama məncə heç yaxşı şeylər çıxmayacaq ortaya.

QEYD: İki fərqli rəsm ona görə yerləşdirmişəm ki, nə kimi fərqliliklərin ola bildiyini görək.